Muasir insaatda demir-beton konstruksiyalarin yeri movzusunda III Beynelxalq Konfrans -

“Muasir insaatda demir-beton konstruksiyalarin yeri” movzusunda III Beynelxalq Konfrans

Mayın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Müasir tikintidə dəmir-beton konstruksiyalarının əhəmiyyəti” mövzusunda III Beynəlxalq konfrans təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, “BASF Caspian” şirkətinin, AzMİU və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikamızın, eləcə də Türkiyənin elmi dairələrinin və tikinti şirkətlərinin nümayəndələri inşaatda tətbiq edilən dəmir-beton konstruksiyaları sahəsində son elmi nailiyyətlər haqqında müzakirələr aparmış, öz təcrübələrini bölüşmüşlər.
Konfransı açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova ümummilli lider Heydər Əliyevin xalqımızın yetişdirdiyi ən böyük siyasi xadimlərdən biri olduğunu, dahi rəhbərin Azərbaycanda rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın, sənayenin, şəhərsalmanın və memarlığın inkişafı sahəsində misilsiz işlər gördüyünü vurğulamışdır.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Xalid Nəcəfov təmsilçisi olduğu qurumun fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, agentlik əsasən yeni tikililər, inşaat işlərinin keyfiyyətlə aparılması, tikinti materiallarının sertifikata uyğunluğu, layihələrin normativlər əsasında yerinə yetirilməsi və digər aktual məsələlərə nəzarət edir.
X.Nəcəfov “Dəmir-betonun inşaat konstruksiyalarında inkişaf yolu” mövzusunda məruzə etmiş, dəmir-beton konstruksiyasının perspektiv istiqamətləri və qarşıya çıxan problemlərdən bəhs etmişdir.
Konfransda “BASF Caspian” şirkətinin baş direktoru Əli İhsan şirkətin istehsal etdiyi məhsulların təqdimatını keçirmişdir. Qeyd edilmişdir ki, “BASF Caspian” Almaniyanın nəhəng BASF kimya şirkətlər qrupuna daxildir. Artıq 2006-cı ildən Sumqayıtda fəaliyyət göstərən şirkət bütün inşaat sahələrini yüksək keyfiyyətli alman patentli kimyəvi məhsullarla təmin edir. Kimya sənayesinin bütün sahələrində etibarlı tərəfdaşı olan BASF müasir texnologiyalar yaradır və onları yerli bazarlara çıxardır.
Diqqətə çatdırılmışdır ki, şirkətin dünyanın 100-dən artıq ölkəsində nümayəndəlikləri vardır. Ötən il isə ümumi məhsul satışının həcmi 72,1 milyard avro təşkil etmişdir.
Konfransda, həmçinin İstanbul Texniki Universitetinin professoru Mehmet Ali Taştemirin “Betonun möhkəmliyi və uzunömürlüyü, xidmətetmə müddəti anlayışı, yüksək keyfiyyət göstəriciləri ilə nəticələnən beton dizaynları və dərin bünövrə betonlarında istiliyə nəzarət”, AzMİU-nun professoru Mühlis Hacıyevin “Dəmir-beton konstruksiyalarının müasir hesablama üsulları” və digər mövzularda məruzələr dinlənilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !