AR Milli Olimpiya Komitəsi və BP Azərbaycan şirkəti arasında 2013-2016-cı illəri əhatə edəcək yerli əməkdaşlıq müqaviləsinin imzalanması -

AR Milli Olimpiya Komitəsi və BP Azərbaycan şirkəti arasında 2013-2016-cı illəri əhatə edəcək yerli əməkdaşlıq müqaviləsinin imzalanması

6 may 2013-cü il tarixində AR Milli Olimpiya Komitəsi və BP Azərbaycan şirkəti arasında 2013-2016-cı illəri əhatə edəcək yerli əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi oldu...

***

“bp-Azərbaycan” şirkəti Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə bağladığı tərəfdaşlıq sazişinin müddətini artırmışdır.
AzərTAc xəbər verir ki, bununla əlaqədar mayın 6-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında tədbir keçirilmişdir. Şirkət 2016-cı ilin sonunadək ölkənin Milli Olimpiya və Paralimpiya komandalarına və nüfuzlu idmançılarına dəstəyini davam etdirəcəkdir.
“bp–Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı öz çıxışında komitələr ilə olan rəsmi tərəfdaşlıqdan, həmçinin London Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş 7 Azərbaycan idmançısına dəstək olmalarından və onların qazandıqları uğurlardan qürur duyduğunu söyləmişdir.
Sonra bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, Azərbaycanın Milli Olimpiya və Paralimpiya komitələri ilə 2016-cı ilin sonunadək tərəfdaşlığın davam etdirilməsindən məmnunluq hissi duyuruq. London Olimpiadasında seçdiyimiz idmançıların nailiyyətlərini izləyərkən və xüsusən də onların Vətənə medallarla qayıtmasından böyük fəxr hissi duymuşuq. Biz idmançıların yarışlara hazırlığını və Azərbaycan üçün medallar qazanmaq uğrunda göstərdikləri səyləri dəstəkləməkdə davam edəcəyik.
Vurğulamışdır ki, “bp-Azərbaycan” şirkəti 1992-ci ildə Bakıda ilk ofisini açdığı vaxtdan ölkə həyatının müxtəlif sahələrinə yaxından iştirak etməklə bir sıra nailiyyətlərə imza atmış və regiondakı şirkətlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq yaratmışdır. Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələri ilə bağlanmış sazişin müddətinin artırılması bp şirkətinin ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın Olimpiya tarixi barədə məlumat vermiş və ölkəmizdə Olimpiya hərəkatının ilbəil inkişaf etdiyini diqqətə çatdırmışdır.
Vurğulamışdır ki, Olimpiya yığmamız Londonda əzmkar mübarizə apararaq 10 medal qazanmışdır. Bu göstərici əvvəlki Olimpiya Oyunları ilə müqayisədə inkişafdan xəbər verir. İdmançılarımız durmadan öz üzərilərində çalışır və onlar Olimpiadada və digər mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil etmək həvəsindədirlər. Çünki ölkəmizdə bunun üçün lazımı şərait yaradılmış və idman infrastrukturu müasir tələblərə cavab verir. Bütün bunlar ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
“bp-Azərbaycan” şirkəti ilə əməkdaşlığın uzadılmasından məmnun olduğunu bildirən Ç.Hüseynzadə xalqımızı idman nailiyyətləri ilə sevindirmək naminə Azərbaycan idmançılarının inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan idmançılarının London Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərdən danışan Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə etmişdir.
Bildirmişdir ki, bir neçə gün əvvəl Naxçıvanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə paralimpiya idman festivalı keçirilmişdir. Festivala Bakıdan 80 nəfərə yaxın nümayəndə qatılmış və paralimpiyaçılarımızın müxtəlif idman növləri üzrə nümunəvi çıxışları olmuşdur.
Ölkəmizdə paralimpiyaçılara dövlət tərəfindən yüksək qayğı göstərildiyini diqqətə çatdıran İ.Rəhimov artıq idmançıların 2016-cı il Paralimpiya Oyunlarının hazırlığına başladığını demişdir. Bildirmişdir ki, “bp-Azərbaycan” ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında imzalanmış saziş çox səmərəli olmuşdur. Sazişin müddətinin uzadılması hər iki tərəf üçün uğurlu olacağına inanıram.
Sonda bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell əvvəlcə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə, sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı müqavilə imzalamışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !