Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir -

Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir

Aprelin 29-da Milli Olimpiya Komitəsində “Heydər Əliyev ideyaları və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbirdə gənclər təşkilatlarının rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak etmişlər.
Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Nazir müavini bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-dən gənclər forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, eləcə də gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirmişdir.
Diqqətə çatdırılmışdır ki, ulu öndərin gəncliyə və gənclərə qayğısı indi mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı” uğurla həyata keçirilmişdir. Bununla yanaşı, 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunmuş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. İndi bu nazirlik Azərbaycan gəncliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin arzu və amallarını davam etdirən ən böyük qurumdur.
Vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmış, həm də beynəlxalq aləmdə rəğbətlə qarşılanmışdır.
Konfransda “Heydər Əliyev və idman siyasəti” mövzusunda məruzə də dinlənilmişdir. Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Aydın Məmmədov məruzəsində bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idman sahəsində yüksəlişin əsası qoyulmuşdur. Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi.
Məruzəçi qeyd etmişdir ki, Prezident İlham Əliyevin sarsılmaz iradəsi və böyük səyləri səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə də Olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya oyunları və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. Təsadüfi deyil ki, beynəlxalq yarışlarda iştirak edən idmançılarımızın sayı ildən-ilə artır. Azərbaycanın 2012-ci il 30-cu London Yay Olimpiya oyunlarında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunması faktı da bunu təsdiq edir.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər çıxış edənlər ulu öndərin ideyalarının Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etmələrində əsaslı rol oynadığını vurğulamışlar.
Bildirilmişdir ki, ölkəmizdə gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması ,onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !