Mingəçevirdə ulu öndər Heydər Əliyevin 90 illik ilə əlaqədar konfrans keçirilib -

Mingəçevirdə ulu öndər Heydər Əliyevin 90 illik ilə əlaqədar konfrans keçirilib

  Azərbaycanın elektrik enerjisi sisteminin kollektivi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Mingəçevir şəhərində tədbir keçirib. “Azərenerji” ASC-nin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə dahi rəhbərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə çıxış edən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirib ki, bu konfransın məhz Mingəçevirdə keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində ölkənin elektroenergetika mərkəzlərindən birinə çevrilən bu şəhərdə Azərbaycan İstilik Elektrik Stansiyasının və Su Elektrik Stansiyasının fəaliyyət göstərməsidir.
Etibar Pirverdiyev ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsindəki xidmətlərindən danışıb, onun diqqət və qayğısı sayəsində bir çox sahələrin, o cümlədən elektrik enerjisi sisteminin böyük inkişaf yolu keçdiyini qeyd edib. Bu sahədə hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sisteminin formalaşdığını qeyd edən Etibar Pirverdiyev onu da vurğulayıb ki, dahi rəhbərin müəyyənləşdirdiyi strategiyanı bu gün Prezident İlham Əliyev uğurla davam etdirərək Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və geniş miqyaslı quruculuq işləri həyata keçirir. Natiq qeyd edib ki, hazırda Azərbaycan müstəqil elektrik enerjisi sisteminə malikdir və bunun əsası məhz ötən əsrin 70-ci illərində qoyulub. Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng gedib. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən olan elektik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət olan “Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də istifadəyə verilib. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-i ölkəmizdə “Energetik günü” kimi qeyd edilir.
Etibar Pirverdiyev çıxışında 1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev həmin dövrdə elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, geniş miqyaslı tədbirlər həyata keçirib.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Azərenerji”ASC-nin vitse-prezidenti Marlen Əsgərov ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə respublika elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunan nailiyyətlərdən danışıb. Bildirilib ki, son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olub, ölkə enerjisisteminin təhlükəsizliyi təmin edilib. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilib, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilib.
Tədbirdə “Azərenerji” ASC-nin kollektivi tərəfindən ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Sonra isə “Azərbaycanın müstəqil elektrik enerjisi sisteminin yaradıcısı” filmi nümayiş etdirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !