Maral Rəhmanzadəyə həsr edilmiş sərgi -

Maral Rəhmanzadəyə həsr edilmiş sərgi

Baku Creative Center yaradıcılıq mərkəzinin layihəsi olan “Bakı Qalereyalar Festivalı” çərçivəsində “Art Group” qalereyasında 23 aprel 18:00-da Maral Rəhmanzadəyə həsr edilmiş sərgi açılacaq. Sərgilənən əsərlər qalereyanın şəxsi fondundan götürülmüşdür. Professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın - rəssam Maral Rəhmanzadə müasir milli rəssamlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkarlarımızdandır. Çoxsaylı avtolitoqrafiya və linoqravurlər, ofort və rəsmlər, sulu boya və rəngkarlıq işləri, kitab qrafikası nümunələri, müharibə dövrünə aid təbliğat plakatları Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordeni kavaleri Maral Rəhmanzadənin zəngin yaradıcılıq irsini təşkil edir.

Yaradıcılığa keçən əsrin 30-cu illərində başlayan Maral Rəhmanzadə məhsuldar yaradıcılıq illəri ərzində özəl dəsti-xəttini formalaşdırmağa, dövrünün aktual mövzularını qaldırmaqla öz yolunu tapmağa müvəffəq olmuş sənətkar idi.Rəssamın toxunduğu mövzular bu gün də seyrçi üçün maraqlıdır.

Maral Rəhmanzadə qrafika sahəsində xüsusilə məhsuldar çalışmışdır. Azərbaycanın füsunkar təbiəti, zəriflik və lirika dolu, idaelizə olunmuş Azərbaycan qadın obrazı, neftçilərə həsr olunmuş son dərəcə emosional seriya, klassiklərimizin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar, bir sıra xarici ölkələrin həyatından çəkilən eskizlər, silsilə qravüralar və sairə əsərlər Maral Rəhmanzadəyə həsr olunmuş “Qrafika” adlı sərgidə nümayiş olunacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !