Akademik Milli Dram Teatrının Gürcüstan qastrolu haqqında informasiya -

Akademik Milli Dram Teatrının Gürcüstan qastrolu haqqında informasiya

Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində işlərini davam etdirir. Son illər ərzində dünyanın bir çox ölkələrinin qabaqcıl teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradılıb. Bu mənada, Gürcüstan teatrı ilə yaranan əlaqələri xüsusi vurğulamaq lazımdır. Ötən illər ərzində həyata keçirilən “GUAM-ın teatr məkanı” teatr layihəsi çərçivəsində Akademik Milli Dram Teatrı ilə Gürcüstan teatrları arasında sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub və bir sıra beynəlxalq layihələr həyata keçirilib. Azərbaycan-Gürcüstan teatr əlaqələrinin davamı olaraq, 4-6 aprel tarixlərində Akademik Milli Dram Teatrı Tbilisidə qastrol səfərində olacaq. Teatr gürcü tamaşaçılara bu dəfə Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış “Qatil” tamaşasını təqdim edəcək. Bakıda böyük uğurla nümayiş olunan tamaşanın Gürcüstan tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacağına şübhə etmirik.
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada əsas rolları Xalq Artisti Səidə Quliyeva (Qonşu), Əməkdar Artistlər Münəvvər Əliyeva (Qadın), Elxan Quliyev (Polis) aktyor Hikmət Rəhimov (Oğlan) oynayıb.
"Qatil” tamaşası təhnalığa həsr olunub. Tamaşanın süjeti təhna kimya müəlliməsinin faciəli həyatı üzərində qurulub. Saxtakar, yalançı, fırıldaqçı Oğlan, başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimənin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimənin evini və ürəyini zəbt edən Oğlan sonda onu qatil edir.
Sosial dəyişikliklər fonunda dərin mənəvi-psixoloji reallıqları əks etdirən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bu dəfə Teatr “Qatil” tamaşası ilə Gürcüstan tamaşaçılarının görüşünə gəlir. Akademik Milli Dram Teatrı “Qatil” tamaşasını yalnız bir dəfə - 5 aprel tarixində saat 20.00-da K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş etdirəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !