Eurovision-2013 mahnı müsabiqəsində Azərbaycanı Fərid Məmmədov təmsil edəcəkdir -

Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı Fərid Məmmədov təmsil edəcəkdir

Martın 14-də “Buta” sarayında ölkəmizi “Eurovision-2013” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşməsi üçün milli seçim turunun final konserti keçirilmişdir.
AzPRESS xəbər verir ki, milli seçim turunun final konsertində Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Aysel Babayeva və Valeriya Hüseynzadə ölkəmizi bu mötəbər yarışmada təmsil etmək uğrunda mübarizə aparmışlar.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar Artist Tünzalə Ağayeva, Xalq Artisti, bəstəkar Faiq Sücəddinov, “Rast qrupu”nun bədii rəhbəri Rəşad Həşimov, “Eurovision Azərbaycan”ın musiqi koordinatoru Zəhra Bədəlbəyli, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunmuşdur. Münsiflərin qərarını final konsertinin aparıcısı Leyla Quliyeva açıqlamışdır. Qərara əsasən Fərid Məmmədov birincilik qazanmışdır.
Final mərhələsi üçün təşkil olunan şouda Azərbaycana “Eurovision” mahnı müsabiqəsində qələbə sevincini yaşadan Eldar Qasımov, ötən il ölkəmizi bu mötəbər yarışmada təmsil edən Səbinə Babayeva, Çingiz Mustafayev, “Ədalət və Pərviz” qrupu, eləcə də Rusiyanın tanınmış müğənnisi Yana Çurikova çıxış etmişlər.
Layihə çərçivəsində keçirilən 8 seçim turunda 70 nəfərdən artıq gənc musiqiçinin ifası dinlənilmiş, onlardan 10-u milli seçim turunun final mərhələsinə vəsiqə qazanmışdır. Onlar beş gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək məşhur “Eurovision” hitlərini, dünya və Azərbaycan estradasından nümunələri səsləndirmişlər.
Final konserti Avropa Yayım Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə canlı yayımlanmışdır. Proqramı www.itv.az və www.eurovision.tv internet səhifələrində də canlı izləmək mümkün olmuşdur.
“Eurovision-2013” mahnı müsabiqəsinin yarımfinalı mayın 14-ü və 16-da, final mərhələsi isə 18-də baş tutacaqdır. Azərbaycan da daxil olmaqla, 39 ölkənin iştirak etdiyi müsabiqədə təmsilçimiz mayın 16-da çıxış edəcəkdir. “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan, Albaniya, Avstriya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Monteneqro, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya və Ermənistan iştirak edəcəklər.
“Eurovision-2013” şousunun iştirakçıları “We are one”, yəni “Biz birik” şüarı ilə bir araya gələcəklər. Müsabiqə İsveçin “Malmö Arena” konsert salonunda keçiriləcəkdir.
Xüsusi-fotomüxbir: Rüstəm Fərmanoglu

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !