Bakıda enerji resurslarının əldə olunmasında müasirmetodları əks etdirən texnologiyalar sərgi-forumu keçirilmişdir -

Bakıda enerji resurslarının əldə olunmasında müasirmetodları əks etdirən texnologiyalar sərgi-forumu keçirilmişdir

Martın 5-də bp şirkətinin təşkilatçılığı ilə Bakıda enerji resurslarının əldə olunmasında müasir metodları əks etdirən texnologiyalar sərgi-forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordin Birrel çıxış edərək sərgi-forumun məqsədindən danışmışdır. Bildirilmişdir ki, bp şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyi yataqlara dair uzunmüddətli texnologiya planlarını buradakı işçi heyəti ilə müzakirə etmək üçün Londondan və Hyustondan Bakıya gəlmiş bp-nin Kəşfiyyat və Hasilat Texnologiyaları Qrupunun yüksək rəhbər işçiləri və mütəxəssisləri də iştirak edirlər.
bp-nin kəşfiyyat və hasilat texnologiyalarına, o cümlədən tədqiqat və təkmilləşdirmə işlərinə, texnologiyaların yataqda sınaqdan keçirilməsinə və tətbiqinə 0,5 milyard ABŞ dolları məbləğində vəsait xərclədiyini vurğulayan Q.Birrel qeyd etmişdir ki, bu vəsaitlərin təxminən 10 faizi Azərbaycanın payına düşür. Dünya üzrə kəşfiyyat və hasilat texnologiyaları sahəsindəki işlərə təxminən 300 nəfər işçi cəlb olunmuşdur. Biz bp-nin ən yaxşı ekspertlərini Bakıya dəvət etmişik ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda və “Şahdəniz” qaz yatağında həyata keçirdiyimiz hasilatın təməlini təşkil edən əsas mövzuları müzakirə edək.
bp-nin Azərbaycanda həyata keçirdiyi texnologiyalar barədə də məlumat verən Q.Birrel demişdir ki, sonuncu dəfə biz təsvirin əldə olunması üçün daimi seysmik qəbuledicilərin təkmilləşdirilməsinə təxminən 150 milyon dollar məbləğində vəsait xərcləmişik və 13 ayrıca tədqiqat aparmışıq. Bunlar da son deyildir, bp şirkəti 4D seysmik tədqiqat işlərində aparıcı mövqedədir və bu proses Azərbaycanda tətbiq olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə isə çıxışında bugünkü sərgi-forumun bp-nin gələcəkdə Azərbaycanda hansı işləri görəcəyi barədə məlumat əldə etmək baxımından müsbət qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bp Azərbaycanda neft-qaz yataqlarına sərmayə qoyan ilk şirkətlərdən biridir. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddətdə Azərbaycanda az iş görülmədiyini deyən X.Yusifzadə bildirmişdir ki, bu günədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 296 milyon ton neft hasil olunmuşdur. Bunun 151 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşmüşdür. Bu isə heç də kiçik rəqəm deyildir.
Azərbaycanda neftin illik hasilat səviyyəsinin 1997-ci ildə 9 milyon tonadək azaldığını xatırladan akademik bunun ölkəmizdə ən aşağı səviyyə olduğunu vurğulamışdır. Bildirilmişdir ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku fəaliyyətə başladıqdan sonra isə bu rəqəm 50 milyon tona çatmışdı. Bundan başqa, illik qaz hasilatı isə 5 milyard kubmetr idi. Ancaq həyata keçirilən əməli addımlar nəticəsində bu göstərici 26 milyard kubmetrə çatmışdır. Yaxud da ki, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə müqavilə bağlananda orada 511 milyon ton çıxarıla bilən neft ehtiyatı vardı. Aparılan kəşfiyyat işləri nəticəsində isə bu rəqəm 900 milyon tondan da artıq oldu. Yəni, bütün bunlar da deməyə əsas verir ki, bp-nin Azərbaycanda reallaşdırdığı işlər çoxşaxəlidir.
Ancaq neftin hasilatı elə prosesdir ki, pik dövründən sonra quyuda sululuq artır, qumun əmələ gəlməsi prosesi gedir və müəyyən problemlər yaranır, - deyən ARDNŞ-in birinci vitse-prezidenti qeyd etmişdir ki, bu problemlər son iki ildə özünü “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın azalması ilə göstərmişdir. Əsas odur ki, görülən işlər nəticəsində hazırda bu vəziyyət stabilləşibdir. Son aylarda aparılan işlər göstərir ki, bp bu istiqamətdə lazımi addımlar atır və normal hasilat bərpa olunmuşdur.
Hasilatın azalmasına təsir edən texnoloji proseslərdən, qarşıya çıxa biləcək problemlərdən danışan X.Yusifzadə bildirmişdir ki, bu prosesdə əsas məsələ prosesi nəzarətdə saxlamaqdır. Mənim üçün çox sevindiricidir ki, bp artıq bu işə başlamışdır və bugünkü sərgi-forum da bu cür problemlərin həllini əhatə edir.
Sonra iştirakçılar bp-nin enerji əldə etmək məqsədi ilə yeni üsullara həsr olunan “Elm və kəşflər” adlı sənədli filmə baxdılar.
Daha sonra sərgi ilə tanışlıq olmuşdur. Sərgidə seysmik təsvirlərin qurulması, “gələcəyin yatağı”, “Şahdəniz” yatağının dərin laylarının işlənməsi, “Şəfəq Asiman” yatağının kəşfiyyat işləri üçün tələb olunan “Layihə 20K” texnologiyası, uzaq məsafəyə qazılan quyuların layihələndirilməsi və qazılması, qum ilə mübarizə üsulları və real vaxt rejimində quyuya nəzarət sistemi kimi üsullar nümayiş etdirilmişdir.
Məlumat verilmişdir ki, burada vizual nümayiş etdirilən texnologiyaların bəziləri artıq Azərbaycanda müvəffəqiyyətlə tətbiq olunur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !