QHT qanunvericiliyində planlaşdırılan dəyişikliklər ə həsr olunmuş İctimai Forum -

“QHT qanunvericiliyində planlaşdırılan dəyişikliklər”ə həsr olunmuş İctimai Forum

İnsan Hüquqları Evi Fondu və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının birgə təşəbbüsü, Avropa Komissiyası və Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda İnsan Hüquqları Müdafiçilərinə dəstək” adlı layihəsi çərçivəsində “QHT qanunvericiliyində planlaşdırılan dəyişikliklər”ə həsr olunmuş İctimai Forum keçirildi.

 

***

 

Fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) İnsan Hüquqları Evi Fondunun Azərbaycandakı Nümayəndəliyi və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli birgə təşəbbüsü ilə “Azərbaycanda İnsan Hüquqları Müdafiəçilərinə dəstək” layihəsi çərçivəsində İctimai Forum təşkil edilib. Femida.az-ın məlumatına görə, tədbirdə onlarla QHT rəhbəri, deputatlar, xarici təşkilatların Bakıdakı nümayəndəliklərinin təmsilçiləri və KİV nümayəndələri iştirak edib.
İnsan Hüquqları Evi Fondunun Azərbaycandakı nümayəndəsi Şəhla İsmayıl deyib ki, tədbir QHT qanunvericiliyinə edilməsi planlaşdırılan dəyişikliyə həsr olunub.
Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının əlaqələndiricisi Qubad İbadoğlu isə çıxışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin 6 fevral 2012-ci il tarixdə müzakirəyə çıxardığı məsələləri xatırladıb və tədbirdə həmin məsələlərin müzakirə olunacağını bildirib.
Çıxış edən əksər tədbir iştirakçıları, o cümlədən “Ekoleks” təşkilatının rəhbəri Samir İsayev, “İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və başqaları təklif olunan layihənin əleyhinə olduqlarını bildiriblər.
Tədbirdə iştirak edən layihənin müəllifi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə isə onların arqumentləri ilə razılaşmayıb. Tədbir zamanı Ç.Qənizadə ilə S.İsayev arasında mübahisə də düşüb. Mübahisəyə tədbirə aparıcılıq edən Qubad İbadoğlu son qoyub. Ç.Qənizadə isə narazı qalan QHT sədrlərinin suallarını cavablandırıb. O, irəli sürdüyü təkliflər layihəsinin zəruriliyi barədə danışarkən bildirib ki, pul olan yerdə mütləq şəffaflıq da olmalıdır: “Əgər QHT-lər fəaliyyətini qrantlar, ianələr hesabına qurursa, bununla da cəmiyyətə müəyyən fayda verirsə, o pulların hara xərclənməsi üzərində bir nəzarət, şəffaflıq olmalıdır. Çünki son illərdə cəmiyyətdə QHT adı altında ayrı-ayrı şəxslərin yaratdığı təşkilatlara verilən qrantlar sonradan qeyri-rəsmi şəkildə hansısa siyasi təşkilatlara ötürülür. Eyni zamanda, bəzi QHT rəhbərləri – təbii ki, hamısı yox – qrant kimi aldıqları vəsaiti özlərinin şəxsi mənafeyi naminə xərcləyiblər, məsələn, ev, maşın, ofis alıblar. Bunlar yoxlanılmış məlumatdır. Bu zaman hesabatlılıq saxtalaşdırılır, qrantı verən təşkilata da saxta hesabat verilir. Amma təklif etdiyim dəyişikliyə əsasən, həm Ədliyyə Nazirliyinə müvafiq məlumat verilməlidir, həm maliyyə hesabatlılığı olmalıdır. Həm də bunlar rəsmi şəkildə – müqavilə şəklində olmalıdır, pullar da əldən-ələ yox, rəsmi şəkildə köçürülməlidir. Gördüyünüz kimi, bu cür pozuntulara görə biz humanistlik edərək cinayət məsuliyyəti deyil, intizam məsuliyyəti nəzərdə tutmuşuq”.
Femida.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !