Türk dünyasının böyük şairi, jurnalist-yazıçı Əbdürrəhim Karakoçun "Aşk deyince ötesini arama..." adlı böyük ədəbi-bədii gecəsi -

Türk dünyasının böyük şairi, jurnalist-yazıçı Əbdürrəhim Karakoçun "Aşk deyince ötesini arama..." adlı böyük ədəbi-bədii gecəsi

2013-cü il fevralın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında türk dünyasının böyük şairi, jurnalist-yazıçı Əbdürrəhim Karakoçun "Aşk deyince ötesini arama..." adlı böyük ədəbi-bədii gecəsi keçirilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyi, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və TİKA-nın təşəbbüsü ilə gerçəkləşən mərasimdə millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şairin ailə üzvləri, dostları iştirak edib.
Tədbirin əvvəlində tanınmış qiraət ustası Ağalar Bayramov şairin şeirini səsləndirib. Millət vəkili Qənirə Paşayeva böyük şairin yaradıcılığında vətənpərvərlik mövzusunda yazılan şeirlərindən, onun vətəninə, torpağına, türk dünyasına olan bağlılığından söhbət açıb. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper, türkiyəli millət vəkilləri Selçuk Özdağ, Muzaffer Arslan, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov çıxış edərək şairin yaradıcılığı haqqında ürək sözlərini bölüşübər.
Tədbirdə qeyd olunub ki, Əbdürrəhim Karakoçun babası, atası və qardaşları şair olduğundan hələ kiçik yaşlarından ədəbiyyata, poeziyaya maraq göstərib. Şairin 1964-cü ildə "Həsənə məktublar" adlı kitabı 10 min tirajla nəşr olunub. Müəllif "Ha Hasana, ha sana" deyərək poetik məktublarını hər kəsə ünvanladığını bildirir. Şairin "Serdengeçti", "Törə-Dövlət", "Ocak", "Yeni Düşüncə", "Yenisey" - ümumilikdə 12 şeir kitabı və məqalələrindən ibarət kitabı çapdan çıxıb.
Onun bir sıra şeirlərinə mahnı bəstələnib. "Mehriban" əsəri isə xüsusilə məşhurdur. Bir çox ifaçılar tərəfindən oxunan bu mahnı nakam sevgi haqqındadır.
Çıxışlarda Azərbaycan və Türkiyə xalqlarının ortaq mədəniyyəti, sənət, ədəbiyyat duyumu oxşarlıqları haqqında da danışılıb.
Sonra söz musiqiyə verilib. Azərbaycan və Türkiyə sənətçilərinin ifasında şairin şeirlərinə bəstələnmiş musiqilər səslənib.
Qeyd edək ki, şair Əbdürrəhim Karakoça həsr olunmuş tədbirlər üç gün ərzində davam edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !