Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd etmişlər -

Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd etmişlər

Yanvarın 30-da Bakı Əyləncə Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü və “İdman Azərbaycan” televiziya kanalının yaradılmasının 4-cü ildönümü münasibəti ilə əyləncəli-musiqili tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və “İdman Azərbaycan”

televiziya kanalının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə idman azarkeşləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırmışdır.
İdarə rəisi vurğulamışdır ki, gənclər siyasəti sahəsində normativ hüquqi aktlar, habelə gənclərin forumlarının keçirilməsi, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardır.
R.Abbasov bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, digər sosial problemləri həll olunur.
Qeyd edilmişdir ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Məhz Prezident İlham Əliyevin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmiş, Azərbaycan gənclərinin təşkilatlanaraq ümumi problemlərin həlli naminə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılmışdır.
Tədbirdə, həmçinin Azərbaycan idmanının və Olimpiya hərəkatının təbliğinə xidmət edən, ölkə idmanının və idmançılarının uğurlarını bütün dünyaya çatdıran “İdman Azərbaycan” televiziya kanalının fəaliyyətindən də danışılmışdır.
“İdman Azərbaycan”ın baş redaktoru Aydın Əliyev çıxışında 4 il əvvəl ölkə başçısının təşəbbüsü ilə yaradılmış telekanalın verilişlərinin hazırda bütün dünyada izlənildiyini demişdir. O, fəaliyyətində peşəkarlığı və operativliyi əsas götürən “İdman Azərbaycan” telekanalının bundan sonra da idmansevərləri sevindirməyə çalışacağına əminliyini bildirmişdir. Qeyd etmişdir ki, bunun üçün əməkdaşlara hər cür şərait yaradılmış, telekanal müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.
Sonra qeyri-hökumət təşkilatlarının rəhbərləri və bir qrup fəal gənc Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşlar.
Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !