2012-ci ildə Azərbaycan ilə Serbiya münasibətlərindən ... -

2012-ci ildə Azərbaycan ilə Serbiya münasibətlərindən ...

Azərbaycanda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

***

Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır

Noyabrın 27-də Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilmişdir.
Azərbaycan tərəfindən İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir.
Serbiya tərəfi isə iclasda Baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
İqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin formalaşdığını, iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli siyasi zəminin olduğunu qeyd etmişdir. Azərbaycan ilə Serbiya arasında siyasi əlaqələr dinamik inkişaf etməkdədir və bu sahədə qarşılıqlı rəsmi səfərlər böyük rol oynayır. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm hüquq-müqavilə bazası mövcuddur. İkitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən olan ticarət sahəsində əlaqələrin inkişafına böyük önəm verilir. 2012-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi 15 dəfə artsa da, bu sahədə daha yüksək nəticəyə nail olmaq üçün geniş imkanlar vardır. Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulayan nazir Şahin Mustafayev Serbiyanın bu sahədə əməkdaşlıq edilən ölkələrdən olduğunu bildirmişdir.
Hökumətlərarası Komissiyanın yaradılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisi olduğunu qeyd edən nazir Şahin Mustafayev Hökumətlərarası Komissiyasının 1-ci iclasından ötən dövr ərzində hüquqi bazanın, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan və Serbiya infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, səhiyyə, təhsil, İKT, maliyyə, enerji, ətraf mühit, turizm, bir sıra sənaye sahələri üzrə əməkdaşlıq edə, mövcud əlaqələri daha da genişləndirə bilərlər.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə də məlumat vermişdir.
Serbiyanın Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
İclasda ticarət, qarşılıqlı investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, tikinti, informasiya-kommunikasiya texnologiyaları, turizm, 3-cü bazarlara birgə çıxış imkanı, maliyyə və bank, səhiyyə, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrə dair müzakirələr aparılmışdır.
Hökumətlərarası Komissiyanın üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirmişlər.
Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç imzalamışlar. Sənəddə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi bildirilmişdir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi önə çəkilərək qeyd olunmuşdur ki, Bakıda keçirilən Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası da məhz bu məqsədlə toplanır. Həmin iclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, komissiyanın ötən iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrimizin perspektivi ətraflı müzakirə ediləcəkdir. Həmçinin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdə tutulan Azərbaycan-Serbiya biznes forumunda iştirak edən qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, turizm və digər sahələrin iş adamları ikitərəfli görüşlər keçirərək biznes və investisiya imkanlarını öyrənəcək, əməkdaşlığa dair danışıqlar aparacaqlar.
Sonda səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən qonaqlar Serbiyanın respublikamızla hərtərəfli əlaqələrə xüsusi maraq göstərdiyini bir daha vurğulamışlar.
Görüşdə aktual beynəlxalq və regional problemlər, o cümlədən Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılmaqla tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da müzakirələr olmuşdur.

***

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !