Azərbaycanın istedadlı və yaradıcı gəncləri Bakıda toplaşmışlar -

Azərbaycanın istedadlı və yaradıcı gəncləri Bakıda toplaşmışlar

Noyabrın 26-da Bakı şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən tədbirin açılış mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, yaradıcılıq ittifaqlarının və ictimai birliklərin nümayəndələri, respublika üzrə yaradıcı gənclər iştirak etmişlər.
Mərasimdə bildirilmişdir ki, toplantının məqsədi istedadlı gənclərin yaradıcılıq imkanlarını və nailiyyətlərini nümayiş etdirmək, bu sahədə aktual problemləri və inkişaf istiqamətlərini birgə müzakirə etməkdir. Toplantı çərçivəsində noyabrın 27-dən 30-dək təsviri və dekorativ-tətbiqi sənət, foto, moda, kino, teatr və ədəbiyyat, musiqi və rəqs, intellektual inkişaf, təhsil, elm, eləcə də jurnalistika istiqamətləri üzrə iclasların keçiriləcəyi bildirilmişdir.
Qeyd olunmuşdur ki, ustad dərslərinin aparılması üçün Türkan Şoray, Robertino Loretti, Abbas Kiorastamı kimi dünya şöhrətli sənətkarlar, eləcə də müasir foto, moda, rəqs və s. sahələrdə İlya Raşap, Andre Tan və Anjela Karasyova kimi tanınmış insanlar dəvət olunmuşlar. Bundan əlavə, toplantı günlərində müxtəlif sahələr üzrə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin də ustad dərslərinin təşkil ediləcəyi bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki, toplantı çərçivəsində müxtəlif yaradıcılıq istiqamətləri üzrə gənclərin iştirakı ilə bir sıra layihə və tədbirlər də keçiriləcəkdir.
Tədbirdə gəncləri təbrik edən və onlara yaradıcılıq uğurları arzulayan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev toplantını tarixi hadisə kimi qiymətləndirmişdir. Demişdir ki, illər keçəndən sonra sizin tərcümeyi-halınız öyrəniləndə bugünkü toplantının iştirakçısı kimi xatırlanacaqsınız.
Sovetlər dövründə, ötən əsrin 60-cı illərində Zuğulbada gənclərin yaradıcılıq evinin fəaliyyət göstərdiyini xatırladan E.Əfəndiyev demişdir ki, hazırda tanınmış bir çox ədəbiyyat və sənət adamları orada iştirak etmişlər. Baş nazirin müavini indiki gənclərin müstəqil Azərbaycanda yaşadıqlarını, buna görə onların yaradıcılıq uğurlarının Azərbaycanın uğuru olacağını vurğulamışdır.
Toplantının Azərbaycan cəmiyyəti üçün əhəmiyyətini qeyd edən gənclər və idman naziri Azad Rəhimov yüksək mədəniyyəti olan xalqın həmişə irəli gedəcəyini demişdir. Qeyd etmişdir ki, nəinki təbii sərvətləri ilə, həm də insan resursları ilə zəngin olan Azərbaycanda 20 il ərzində yaradıcı gənclər üçün dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Son illərdə istedadlı gənclərin mütəmadi olaraq xarici ölkələrə göndərildiyi, onların əsərlərinin çap olunduğu, sərgilərinin açıldığı, xüsusi seçilən gənclərə Prezident təqaüdünün verildiyi diqqətə çatdırılmışdır.
Azərbaycanda uğurla aparılan gənclər siyasətindən bəhs edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatı gənclər tərəfindən həyata keçirilir.
Nazir demişdir ki, ölkəmizdə hazırda mədəniyyətin müxtəlif sahələrində təhsil alan 70 min gənc dövlət qayğısı ilə əhatə olunmuşdur. Artıq 66 istedadlı gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilmişdir.
Vurğulanmışdır ki, istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı Azərbaycan dövlətinin gənclərə qayğısının bariz nümunəsidir.
Türkiyənin əfsanəvi sənətçisi Türkan Şoray və məşhur italyan musiqiçisi Robertino Loretti öz yaradıcılıqlarından söhbət açmış və sənətə həsr olunmuş belə bir toplantıya görə Azərbaycanın dövlətinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !