Bakıda Yeni nəsil: sərhədsiz məsuliyyət II Beynəlxalq Gənclər Forumu keçirilir. -

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” II Beynəlxalq Gənclər Forumu keçirilir.

Nazir deyib ki, ikinci dəfədir ki, Azərbaycanda keçirilən forumun məqsədi Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətin artırılmasıdır. A. Rəhimov forumda əsasən, Şimali Qafqaz ərazisində yaşayan gənclərin iştirak etdiyini deyib və bildirib ki, forumun gedişində onlar Azərbaycanda gənclər sahəsində aparılan işlərlə, layihələr tanış olacaqlar.

 

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda belə bir forumun keçirilməsini müsbət qiymətləndirib. PA rəsmisi deyib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin siyasi fəaliyyətinin nəticəsidir. Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyini deyən Ə. Həsənov qeyd edib ki, 2001-ci ildə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni impuls verib: “Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər açıqdır, qarşılıqlı anlaşma şəraitindədir. Siyasi, mədəni və bir çox sahələrdə bu əlaqələr inkişaf edir”.

PA şöbə müdiri Azərbaycanda gənclər üçün bütün şərait yaradıldığını da qeyd edib.

 

Daha sonra tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkinin foruma müraciəti oxunub.

 

Rusiyanın Azərbaycan səfiri Vladimir Doroxin çıxışında Azərbaycanla Rusiyanın 70 il bir ölkənin tərkibində yaşadığını qeyd edib: “İndi bu ölkələr müstəqildir, hər birinin öz geosiyasi maraqları var. Rusiya Azərbaycana bir dövlət kimi xüsusi önəm verir. Burda orta və yaşlı təbəqənin rolu böyükdür. Sevindirici halıdır ki, gənclər də bu əlaqələrə dəstək verirlər. Azərbaycan Rusiya üçün regionda olan problemlərin həll olunmasının ən əsas tərəfdaşdır”.

 

Forum işini davam etdirir.

 

Qeyd edək ki, Forumda Azərbaycan və Rusiyanın gənclərlə işləyən dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatları rəhbərləri, gənc alimlər, ictimai fəal, yaradıcı və istedadlı gənclər iştirak edir.

 

Forum iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Forum zamanı panel müzakirələrin aparılması, həmçinin Bakıda tanışlıq məqsədi ilə gəzintilərinin və Naxçıvan Muxtar Respublikasına səfərin təşkil edilməsi planlaşdırılır. Tədbir noyabrın 24-də başa çatacaq.
Fotomüxbir:Ceyhun Vəliyev(AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !