Bakı İstedadlar Təhsil Kompleksinin məktəbəqədər təhsil bölməsinin açılışı olmuşdur -

Bakı İstedadlar Təhsil Kompleksinin məktəbəqədər təhsil bölməsinin açılışı olmuşdur

Noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bibiheybətdəki Bakı İstedadlar Təhsil Kompleksinin məktəbəqədər təhsil bölməsinin açılışında olmuşdur.


AzərTAc xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən məktəblərin standartları çərçivəsində qurulan bu təhsil ocağının yaradılması Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsinə dair həyata keçirdiyi siyasəti istiqamətində irəliyə doğru atılan mühüm addımlardan biridir. Bakı İstedadlar Təhsil Kompleksində yeni və modern məktəbəqədər təhsil sistemi tətbiq ediləcəkdir. ARDNŞ tərəfindən yaradılmış bu təhsil kompleksi ölkəmizdə təhsilin inkişafında yeni mərhələ olacaqdır.
Sonra ARDNŞ prezidenti kompleksin bölməsində yaradılmış şəraitlə maraqlanmışdır. Yeddi hektar ərazidə inşa olunmuş Bakı İstedadlar Təhsil Kompleksinin məktəbəqədər təhsil bölməsində təhsil alacaq 3-5 yaşlı uşaqlar üçün rəsmxətt otağı, interaktiv lövhə, musiqi, təsviri sənət nümunələri, habelə teatr səhnəcikləri hazırlanması üçün otaqlar, fənn kabinetləri, kitabxana, konstruksiya bürosu, emalatxana, istirahət guşəsi, üzgüçülük hovuzu, idman zalı, 200 nəfərlik holl, yeməkxana və mətbəx fəaliyyət göstərəcəkdir.
Məlumat verilmişdir ki, kompleks bağça və məktəbəqədər, ibtidai və orta təhsil bölmələrindən ibarət 1200 şagird üçün nəzərdə tutulmuşdur.
R.Abdullayev bildirmişdir ki, Bakı İstedadlar Təhsil Kompleksində təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan yüksək intellektə və istedada malik uşaqlar təhsil ala bilərlər.
Məktəbdə imkansız ailələrdən olan uşaqlara xüsusi qayğı və diqqət göstəriləcəyini söyləyən şirkət rəhbəri onlara təhsildə uğurlar arzulamışdır.
Tədbirdə Böyük Britaniyanın “Gabbitas” Təhsil Məsləhətçi Şirkətinin nümayəndəsi Nyu Monqo da iştirak etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !