Azərbaycan Yazıçılar Birliyində Xüsusi təyinatlı kitabının təqdimatı olmuşdur -

Azərbaycan Yazıçılar Birliyində “Xüsusi təyinatlı” kitabının təqdimatı olmuşdur

Oktyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) ”Natəvan” klubunda xüsusi təyinatlı kəşfiyyat qrupunun döyüşçüsü, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynova həsr edilmiş “Xüsusi təyinatlı” kitabının və yeni nəşrə başlayan “Atilla XXI” müstəqil elmi-ədəbi jurnalının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, AYB-in birinci katibi, Xalq Şairi Fikrət Qoca əvvəlcə kitabın ilk səhifəsində yer almış, ümummilli lider Heydər Əliyevin qəhrəman döyüşçü İbad Hüseynova ünvanlanmış məktubu ilə mərasim iştirakçılarını tanış etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev erməni quldurlarına qarşı döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrinə görə İbad Hüseynovu “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmiş, ona xüsusi qayğı göstərmişdir.
“Xüsusi təyinatlı” kitabının müəllifi Sahib Şirinov, “Atilla XXI” müstəqil elmi-ədəbi jurnalının təsisçisi və baş redaktoru Gülşən Behbud və digər çıxış edənlər də Vətənin bütövlüyü uğrunda döyüşmüş İbad Hüseynov kimi qəhrəmanları canlı tarix adlandırmış, gənclərin vətənpərvər kimi böyüməsi, xalqa, torpağa sevgi ruhunda tərbiyə olunması üçün təbliğatın vacib olduğunu vurğulamışlar.
Sonda İ.Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, gənc ədəbiyyatsevərlərin suallarını cavablandırmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !