Deloitte şirkəti və Junior Achievement Azərbaycan təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetində Tələbələr üçün Karyeraya Hazırlıq proqramının təqdimatını keçirdilər -

Deloitte şirkəti və Junior Achievement Azərbaycan təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetində “Tələbələr üçün Karyeraya Hazırlıq” proqramının təqdimatını keçirdilər

11 oktyabr 2012-ci tarixində, Azərbaycan Dövlət İqtisad Universitetində Deloitte şirkəti və Junior Achievement Azərbaycan təşkilatı “Tələbələr üçün Karyeraya Hazırlıq” proqramının başlanmasına dair təqdimat keçirdilər. Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü və 4-cü kurs tələbələri üçün karyeraya hazırlıq üzrə xüsusiləşdirilmiş təlim kursunu və Deloitte şirkətində ixtisaslaşmış iş təcrübəsi proqramını əhatə edəcəkdir.
Proqram daxilində Junior Achievement Azərbaycan təşkilatı işə hazırlıq, biznes etika, menecmentin əsasları üzrə biznes təlimləri keçəcək, tələbələr üçün Deloitte şirkətində iş təcrübəsi keçmək imkanı yaradacaqdır. Deloitte şirkətinin əməkdaşları biznes mentorları qismində çıxış edərək, proqram iştirakçılarına karyera seçimində kömək edib, onların gələcəkdə təcrübəli işçi olmalarına yardım edəcəklər. İş təcrübəsi proqramını yüksək nəticələrlə bitirən iştirakçılar Deloitte şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.

Təqdimatda Azərbaycan Dövlət İqtisad Universitetinin “Xüsusi istedadlar qrupu”, “Beynəlxalq iqtisadi münasibətlər”, Mühasibat uçotu və audit”, “Maliyyə və kredit” fakültələrindən 80-dən artıq tələbə iştirak etdi. Təqdimatı açıq elan edən Junior Achievement Azərbaycan təşkilatının Proqramlar Meneceri Seymur Hacıyev yeni layihə haqqında ətraflı məlumat verib, layihənin əsas mərhələlərinə və gözlənilən nəticələrə toxundu. Təqdimatda çıxış edən Deloitte şirkətinin nümayəndəsi Vüsalə Kərimova iqtisadi və biznes təhsilə yönəldilmiş layihələrin peşəkar kadrların hazırlanmasında çox önəmli olduğunu və şirkətlərin buna xüsusi diqqət yetirdiyini bildirdi. O, həmçinin, Deloitte şirkətinin Junior Achievement təşkilatı ilə uzunmüddətli əməkdaşlığını və təşkilatın Azərbaycanda və dünyanın digər ölkələrində həyata keçirdiyi layihələrinə göstərdiyi dəstəyi xüsusi olaraq vurğuladı.
Junior Achievement Azərbaycan təşkilatı ilə uzunmüddətli əməkdaşlıq edən Azərbaycan Dövlət İqtisad Universitetinin “Karyera Mərkəzi”nin direktoru cənab Fuad Əliyev Junior Achievement Azərbaycan təşkilatına bu növ proqramların təşkil olunması ilə tələbələrə öz bacarıqlarını sınayıb, biznes mühitin bir hissəsinə çevrilmək imkanına görə öz təşəkkürünü bildirdi. Təqdimatda həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun məsləhətçisi dosent Məhəmməd Cəmilov iştirak etdi.
Təqdimat başa çatdıqdan sonra Deloitte və Junior Achievement Azərbaycan təşkilatı “Tələbələr üçün Karyeraya Hazırlıq” proqramına iştirakçıların seçimi ilə bağlı test imtahanı keçirdilər.

Deloitte haqqında
Deloitte müştərilərini audit, müəssisədəki risklərin idarə edilməsi, konsaltinq, maliyyə məsləhəti, vergi və hüquq üzrə bütün növ xidmətlərlə təmin edir. Deloitte dünya üzrə 150 ölkədə üzv firmalarla təmsil olunan şirkət kimi müştərilərinə onların fəaliyyət göstərdiklərinə istənilən sahədə nailiyyətlər əldə etməyə dəstək olan yüksək səviyyəli bacarıqlar və dərin bilik nümayiş etdirir.

Deloitte təxminən 193,000 peşəkar kadr potensialı ilə peşəkar xidmətlərin göstərilməsi sahəsində mükəmməllik standartına çevrilmişdir. Deloitte qlobal şirkətlərə, dövlət şirkətlərinə, hökumət qurumlarına, iri yerli müəssisələrə və sürətlə inkişaf edən özəl şirkətlərə xidmətlər göstərir. Şirkətimizin qlobal əhatə dairəsi müştərilərimizə qabaqcıl texnologiya və təlimlə dəstəklənmiş, müxtəlif sənaye sahələri üzrə ixtisaslaşmış mütəxəssislərdən və texniki ekspertlərdən ibarət güclü şəbəkədən faydalanmaq imkanı verir. Deloitte 2002-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir və bu müddət ərzində audit, vergi və hüquq xidmətlərinin etibarlı təminatçısı nüfuzunu qazanmışdır. Biz Azərbaycanda peşəkar xidmətlər göstərən və özünü yalnız müştərilərin ehtiyaclarını qarşılamağa deyil, eləcə də onların gözləntilərini daha yüksək səviyyədə təmin etməyə və müştərilərimizin inkişaf üzrə starateji partnyoru olmağa həsr edən aparıcı şirkət olmaq üçün ciddi işləyirik.

Junior Achievement Azerbaijan haqqında
Junior Achievement Azərbaycan biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya Junior Achievement (JA) Təşkilatının yerli təmsilçisidir. Junior Achievement-in missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 116 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 26 bölgəsində 260 məktəbi təmsil edən on minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !