Azərbaycan Bayrağı ordenli qəhrəman İbad Hüseynov ATGTİ-nin qonağı olub -

“Azərbaycan Bayrağı” ordenli qəhrəman İbad Hüseynov ATGTİ-nin qonağı olub

Düşmən tapdağı altında olan torpaqlarımızın azad olması üçün hamımız bir nəfər kimi döyüşə hazır olmalıyıq.

Doğrudur indi sülh şəraitindəyik, müharibə yoxdur hələ ki. Ancaq müharibə olarsa mən yenə də bir sıravi əsgər kimi düşmənlə üz-üzə gəlməyə və onu məhv etməyə hazıram.

Gün.Az xəbər verir ki, bu fikirləri “Azərbaycan Bayrağı” ordeni kavaleri İbad Hüseynov Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGTİ) qərargahında olan görüşdə bildirib.

O qeyd edib ki, müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir.

“Məhz onun sayəsində ölkə dağılmaq təhlükəsindən azad oldu. Bu kursun davamçısı İ.Əliyev də ölkənin inkişafı və rifahı üçün əlindən gələn əməyi əsirgəmir. Onu da deyim ki, sülh şəraitində yaşasaq da mən heç istəmərəm torpağımız bu yolla azad olsun. Mən əsəgr olaraq düşməni hər an məhv etməyə və şəhidlərimizin qanını almağa hər an hazıram. Müharibə olarsa mən ön sıralarda bir daha vuruşaram”.

Qeyd edək ki, ATGTİ-nin nəzdində fəaliyyət göstərən Qarabağ Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə mərkəzin rəhbəri Rəşad Zeynalov, İbad Vətənpərvərlər İctimai Birliyinin rəhbəri Məhəmməd Qədirov, Səbail Gənclər və İdman idarəsinin rəis müavini Faiq Qurbanov, ATGTİ üzvləri olan tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə İbad Hüseynova həsr edilmiş “Əsgər” filmi nümayiş etdirilib.

Daha sonra M.Qədirov qəhrəmanın keçdiyi ömür yolunu gənclərə nümunə olaraq göstərərək qeyd edib ki, bu günün gəncləri sabahın İbad Hüseynovu olmalıdır və olacaqdır.

“Əgər diqqətlə fikir versək görərik ki, ümummilli liderin fəaliyyəti əsasən 1969-cu ildən başlayıb. Bu ərəfədən sonra ölkədə qəhrəman gənclik məhz onun tyərbiyəsi ilə böyüyüb. Elə İbad Hüseynov da bu qəhrəmanlardan biridir. Bu cür görüşləri həm də ali təhsil müəssisələrində də davam etdirmək lazımdır. Çünki gənclik bu cür qəhrəmanlardan örnək götürməlidir”.

Faiq Qurbanov isə vurğulayıb ki, bu cür görüşlər gənclərin ölkə tarixini daha sərbəst mənimsəməsində böyük əhəmiyyət kəsb edir.

“Sözsüz ki, biz Qarabağ hadisələrini, ermənilərin ölkəmizə qarşı törətdiyi bu vəhşilikləri unutmuruq. Çalışmalıyıq ki, bu cür qəhrəmanlarımızı və reallıqları bütün dünyaya nümayiş etdirək. Təbii ki, siz gənclər də burada əsas vasitəçilərdən birisiniz”.

Məlumat üçün qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması və canlı əfsanə olan İbad Hüseynovu onlarla yaxından tanış etmək olu.

Xatırladaq ki, İ.Hüseynov 1993-cü il 12 iyunda erməni terrorçusu Monte Melkonyanı Ağdamda öldürüb.

Qeyd edək ki, ATGTİ-nin Qarabağ Mərkəzi bu cür görüşləri silsilə şəklində ayda 1 dəfə keçirməyi də planlaşdırır.
Fotomüxbir:Ceyhun Vəliyev
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !