Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi bu gün mətbuat konfransı keçirib. -

“Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi bu gün mətbuat konfransı keçirib.

Konfrans “Azərbaycan xalqının soyqırımı qurbanları” fotosərgisi layihəsinin icrası ilə bağlı təşkil olunub.

Konfransda İctimai Birliyin sədri Elşən Uluxanlı, gənclər fondunun layihə sektorunun rəhbəri Vaqif Seyidbəyov, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Erməni şovinistlərinin xalqımıza qarşı soyqırımı siyasətinin qurbanlarına həsr olunmuş fotosərgilərin keçirilməsi, ermənilərin soyqırımı siyasətinin ədalətsiz mahiyyətini dünyaya yaymaqdır. Eyni zamanda ölkə daxilində, regional və beynəlxalq miqyaslarda xalqın soyqırımı ilə bağlı maarifləndirmənin təşkilidir.

Birliyin sədri Elşən Uluxanlı fotosərginin ayrı-ayrı regionlarda (Sumqayıt, Xaçmaz, Cəlilabad, Astara, Bərdə, Mingəçevir, Gəncə, Daşkəsən, Qəbələ, Qax, İsmayıllı, Şəki) açıq havada 2 gün keçiriləcəyini bildirib. Onun sözlərinə görə, sərgilər XIX-XX əsrlərdə erməni terrorçularının törətdiyi qırğınlara aiddir.

“Məqsədimiz ermənilərin millətimizə qarşı iyrənc əməllərini bütün dünya ictimaiyyətinə göstərməkdir”.

E.Uluxanlı onu da vurğulayıb ki, bu cür sərgilərin xarici ölkələrdə keçirilməsi haqqında da düşünülür. Belə ki, artıq Hollandiyadan bu haqda təklif var.

“Hollandiyada yəhudilərin soyqırımı muzeyi var. Belə düşünürük ki, bu sərgi orda da keçirilsin. Ancaq çox istərdik ki, bizdə də soyqırımı qurbanlarına aid muzey yaradılsın”.

Gənclər Fondunun layihə sektorunun rəhbəri Vaqif Seyidbəyov isə bu tip layihələrin keçirilməsində fond olaraq əlimizdən gələn yardımı əsirgəməməyi bildirib. O qeyd edib ki, soyqırımı sərgilərinin xaricdə həyata keçirilməsi üçün işlər görülür. Artıq bir neçə xarici təşkilatlarla danışıqlar aparılıb. Yaxın zamanlarda bu həyata keçiriləcək. Layihə sektorunun rəhbəri onu da diqqətə çatdırıb ki, fond tərəfindən bu mövzuda layihələrin 25%-i dəstəklənib.

Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə keçirilir.
Fotomüxbir:Ceyhun Vəliyev

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !