Dövlət Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı münasibətilə təntənəli mərasimi -

Dövlət Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı münasibətilə təntənəli mərasimi

Sentyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
AzPRESS xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə açılmış sərgi ilə tanış olmuşlar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açmışdır.
Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi olduğunu diqqətə çatdıran nazir bildirmişdir ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdir. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Nazir demişdir ki, Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində bu sahədə ölkəmizdə mühüm işlər görülmüşdür. Proqram çərçivəsində bu il ikinci dəfə Azərbaycanda beynəlxalq teatr festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Artıq dünyanın 30-dan çox ölkəsindən teatr xadimləri bu festivala qatılmaq üçün müraciət etmişlər.
Ötən il Azərbaycan teatrlarında 100-dən çox yeni tamaşa hazırlandığını diqqətə çatdıran nazir demişdir ki, bu səhnə əsərlərindən 50-si dövlət hesabına səhnələşdirilmişdir. Bu il tamaşaçıların sayında da artım özünü göstərmişdir.
Son illər Azərbaycan teatrlarının əsaslı təmirindən, müasir avadanlıqla təchiz olunmasından söz açan Ə.Qarayev demişdir ki, bu istiqamətdə işlər davam etdirilir. Cari ilin sonunadək Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yeni təmirdən sonra istifadəyə veriləcəkdir. Həmçinin Akademik Opera Balet Teatrının da təmirə dayandırılacağı gözlənilir.
Nazir ötən illərdə respublika teatrlarının dünyanın müxtəlif ölkələrində Azərbaycanı ləyaqətlə təmsil etməsindən, xarici dövlətlərin tanınmış sənətkarlarının tamaşa hazırlamaq üçün teatrlarımıza dəvət olunmasından da söz açmışdır.
Ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi geniş şəkildə qeyd olunduğunu vurğulayan Əbülfəs Qarayev 140-cı mövsümün də böyük ədibin “Lənkəran xanının vəziri” tamaşası ilə açılmasının təsadüf olmadığını diqqətə çatdırmışdır.
Sonra Mövsümün açılışı münasibətilə M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” respublika bədii-qiraət müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
Sonra gecənin iştirakçılarına “Lənkəran xanının vəziri” tamaşası təqdim olunmuşdur.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV (AzPRESS.az)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !