Şəhərlərdə tunel və yeraltı infrastrukturlar mövzusunda Beynəlxalq konqres-sərginin açılışı olmuşdur -

“Şəhərlərdə tunel və yeraltı infrastrukturlar” mövzusunda Beynəlxalq konqres-sərginin açılışı olmuşdur

 Sentyabrın 10-da “JW Marriot Absheron Baku” otelində Azərbaycan Tunelçilər Birliyinin təşəbbüsü ilə “Şəhərlərdə tunel və yeraltı infrastrukturlar” mövzusunda Beynəlxalq konqres-sərginin açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya Respublikası və digər ölkələrin tanınmış şirkətləri tunellərin tikintisi ilə bağlı ən son texnologiyalarını, tədqiqatlarını və layihələrini nümayiş etdirmişlər.
Azərbaycan Tunelçilər Birliyinin prezidenti və “AzərTunelMetroTikinti” Səhmdar Cəmiyyətinin sədri Şaiq Əfəndiyev çıxış edərək respublikamızda ilk dəfə təşkil olunan konqres-sərgi ilə bağlı ətraflı məlumat vermiş, onun əhəmiyyətindən söz açmışdır.
Ş.Əfəndiyev bildirmişdir ki, böyük şəhərlərdə nəqliyyat infrastrukturu daim diqqəti cəlb edən mürəkkəb bir məsələ kimi qalmaqdadır. Əhalinin rahat və təhlükəsiz daşınmasında mühüm yer tutan və ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan metropolitenin inşası və təkmilləşdirilməsi dövlətimizin daim diqqət mərkəzində olmuş, bu istiqamətdə xeyli işlər görülmüşdür. Prezident İlham Əliyev “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 18 mart tarixli sərəncamı ilə “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nı və “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”ni təsdiq etmişdir.
İki gün davam edəcək konqres çərçivəsində aparılacaq fikir mübadiləsi, səslənəcək təkliflər, dünyanın aparıcı şirkətlərinin mütərəqqi texnologiyaları və təcrübələrinin təqdim edilməsi üçün əlverişli şərait yaradacaqdır ki, bu da yeraltı məkandan səmərəli istifadə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyev və respublika hökuməti adından salamlamış və konqresin işinə uğurlar arzulamışdır.
A.Şərifov Azərbaycanın yüksəliş yollarında inamla irəlilədiyini, sosial -iqtisadi tərəqqi istiqamətində böyük uğurlar qazandığını diqqətə çatdırmış, qısa zaman kəsiyində inşaat sahəsində nəhəng işlər görüldüyünü, respublikada həyata keçirilən irimiqyaslı layihələr əsasında beynəlxalq standartlara cavab verən müasir yollar, yol qovşaqları və ötürücüləri, körpü və tunellərin istifadəyə verildiyini bildirmişdir.
Vurğulanmışdır ki, sərnişinlərin rahat və maneəsiz, eləcə də sürətlə daşınmasında mühüm yer tutan meropolitenin inkişafı və təkmilləşdirilməsi dövlətimzin daim prioritet vəzifələrindən olmuşdur. Bu beynəlxalq tədbirdə dünyanın bir sıra ölkələrindən tanınmış mütəxəssislər və qabaqcıl şirkətlər iştirak edirlər. Konqres iştirakçıları mütəxəssislərin təcrübəsindən yararlanacaqlar və Azərbaycanın mövcud iqtisadi potensialını beynəlxalq ictimaiyyətə çatdıracaqlar.
Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyasının prezidenti, Koreya Universitetinin professoru İn Mo Li hazırda rəhbərlik etdiyi qurumla bağlı məlumat vermiş, təşkilatın 1974-cü ildə yaradıldığını və 68 üzvü olduğunu söyləmişdir. Assosiasiyanın əsas məqsədi bu sahədə beynəlxalq ictimaiyyəti maarifləndirmək, riskləri müəyyən edib azaltmaq, həmçinin davamlı inkişafı təmin etməkdir.
İn Mo Li dünyanın aparıcı şirkətlərinin yeraltı tikinti ilə bağlı təcrübə və biliklərini, texnologiyalarını və digər resurslarını, habelə innovasiyalı həll variantlarını təqdim etməyə imkan yaradan konqres-sərginin məhz Bakıda təşkil edilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, assosiasiya üzvləri arasında əməkdaşlığın daha sıx olacağına əminliyini ifadə etmişdir.
Tədbir iştirakçıları meqapolislərdə yeraltı məkandan səmərəli istifadənin çox mühüm və aktual məsələyə çevrildiyini bildirmiş və bu yöndə geniş təcrübə mübadiləsinin zəruriliyini qeyd etmişlər.
Sonra konqres iştirakçıları dünya miqyasında tanınmış tikinti şirkətlərinin istehsal etdikləri məhsulların nümayiş olunduğu sərgiyə baxmışlar.
Sərgi-konqres sentyabrın 11-dək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !