"Günay" teatr-studiyası beynəlxalq müsabiqədə uğurla çıxış edib -

"Günay" teatr-studiyası beynəlxalq müsabiqədə uğurla çıxış edib

Bakı Uşaq Teatrının "Günay" uşaq teatr-studiyası Polşanın Kelçe şəhərində keçirilən "İstedadlar Avropada" 39-cu uşaq və gənc yaradıcılığı festival-müsabiqəsindən iki bürünc medal və fəxri diplomlarla qayıdıb.
Festival ənənəvi olaraq Polşa hökumətinin, Mədəniyyət Nazirliyinin və Polşa televiziyasının himayəsi altında keçirilir. Budəfəki festivalda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Serbiyadan kollektivlər iştirak ediblər. Müsabiqə teatr, xoreoqrafiya, vokal və instrumental janr nominasiyaları üzrə keçirilib. "Günay" teatr-studiyası iki səhnə əsəri təqdim etmiş, kiçik qrup Hans Kristian Andersenin "Rusaloçka" nağılı əsasında hazırlanmış tamaşa ilə, gənc qrup isə Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə çıxış etmişdir. Hər iki tamaşa maraqla qarşılanıb və bürünc medala layiq görülüb. Qızıl və gümüş medalları isə Polşa kollektivləri qazanmışdır. "Günay" teatr-studiyası həmçinin digər nominasiyalarda fəxri fərmanlara da layiq görülmüşdür.
Rəngarəng qala konsertinin də təqdim olunduğu festivalın mükafatlandırılma mərasimində "Günay"ın kollektivi xoreoqraf Günəş Talıbovanın quruluş verdiyi "Yallı" rəqsi ilə çıxış etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !