YARAT! Müasir incəsənət məkanı Moskva biennalesində PAT vəziyyəti kurator layihəsi təqdim etmişdir -

“YARAT!” Müasir incəsənət məkanı Moskva biennalesində “PAT vəziyyəti” kurator layihəsi təqdim etmişdir

 Moskvadakı “MAP’S” Müasir İncəsənət Mərkəzində III Moskva Beynəlxalq Gənclər İncəsənəti Biennalesi çərçivəsində “YARAT!” Müasir İncəsənət Məkanı “PAT vəziyyəti” kurator layihəsi təqdim etmişdir. Mərasimi “MAP’S” Müasir İncəsənət Mərkəzinin təsisçisi və direktoru Natalya Kosolapova açaraq mərkəzin fəaliyyətindən və layihələrindən, o cümlədən MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəklədiyi iri layihələrdən danışmışdır. Onun fikrincə, Azərbaycan rəssamlarının sərgilərinin keçirilməsi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində çox mühüm layihədir. O demişdir: “Fəxr edirəm ki, biz mədəni körpülərin inşasını həyata keçiririk, çünki bizim üçün dostluq çox əhəmiyyətlidir. Ümid edirik ki, gənc rəssamlarımız birgə layihələrin gerçəkləşdirilməsində iştirak edəcəklər”. Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu razılıqla bildirmişdir ki, Azərbaycanın gənc rəssamları dünyanın mədəniyyət mərkəzlərindən birində - Rusiya Federasiyasının paytaxtında öz əsərlərini sərgiləyirlər. Onun sözlərinə görə, bu, Azərbaycanın çox güclü rəssamlıq məktəbinə malik olduğunu, ölkəmizdə incəsənətin bütün janrlarının inkişaf etdiyini, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və dünya şöhrətli digər fırça ustalarının olduğunu diqqətə çatdıran çox mühüm hadisədir. Səfir demişdir: “Ancaq zaman keçir və yeni nəsillər, incəsənətdə yeni cərəyanlar və istiqamətlər meydana gəlir. Çox xoşdur ki, “YARAT!” Gənclər Birliyi Bakıda bir neçə uğurlu sərgi keçirmişdir. Sevindirici haldır ki, bu yaradıcı gənclər birliyi öz həyatını yaşayır, özünə yol açır, sərgilər təşkil edir”. Gənc rəssamlar üçün öz yaradıcılığını nümayiş etdirməyin vacib olduğunu vurğulayan Polad Bülbüloğlu sərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir. O demişdir: “Moskvada sərgilərə çox diqqətlə yanaşılır, burada hər sərginin öz tamaşaçısı, rəssamlıqla maraqlanan və yeni istedadlar axtaran sənətşünaslar vardır. Bu baxımdan, Moskva sərgisinin əhəmiyyəti olduqca böyükdür”.
“YARAT!” birliyinin icraçı direktoru Fərid Abdullayev qurumun rəhbəri Aida Mahmudovanın adından Azərbaycan gənclərinin sənətini nümayiş etdirmək imkanına görə təşkilatçılara təşəkkürünü bildirmiş, birliyin fəaliyyəti və layihələri barədə danışmışdır. Onun sözlərinə görə, təxminən bir ildir fəaliyyət göstərən təşkilat xeyli iş görmüşdür, “YARAT!” birliyi həm gənc, həm də artıq adlı-sanlı rəssamları dəstəkləyir. O xüsusi vurğulamışdır ki, istedadlı gənclərin dəstəklənməsinə daha çox üstünlük verilir. F.Abdullayev demişdir: “Bizim gənc rəssamların və təhsil proqramlarının dəstəklənməsinə dair bir neçə müxtəlif proqramımız vardır. Gənc rəssamların dəstəklənməsi üzrə “Artım” adlı proqram çərçivəsində biz bu sərgini həyata keçirmişik. Layihə gənc rəssamlarımızın yaradıcılığını xaricdə göstərmək üçün strateji cəhətdən əhəmiyyətli qərardır. Sərgini bu istiqamətdə ilk addım kimi qiymətləndirmək olar və bu proses davam etdiriləcəkdir”.
Sərgidə gənc və perspektivli Azərbaycan rəssamları Cema Səttar, Fidan Seyidova, Nəzrin Məmmədova və Reza Hazarenin işləri nümayiş etdirilir.
Cema Səttar tamaşaçılara “İnsan və tarakanlar” adlı heykəltəraşlıq işini, Fidan Seyidova “Hədsiz laqeydlik” adlı beş dəqiqəlik video, Nəzrin Məmmədova “Etcetera” adı altında silsilə fotoşəkillər təqdim etmişlər. Əfqan mənşəli Azərbaycan rəssamı Reza Hazare “Sürgündə” adlı qrafik işini sərgiləmişdir.
Azərbaycan rəssamlarının özünəməxsus əsərləri sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Sərgi avqustun 12-dək davam edəcəkdir. (AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !