Milli mətbəximizin Qarabağ payı -

Milli mətbəximizin Qarabağ payı

.... Bizim milli mətbəximiz yenə də ermənilər tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi təqdim etməyə çalışırlar.Halbuki milli yeməklərimizin adları da Azərbaycan sözləridir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
AMEA-dakı çıxışından
26.04.2011-ci il


AzPress.az xəbər verir ki, iyulun 25-də Royal.Oteldə məşhur kulinar, Azərbayan Kulinariya Mərkəzinin rəhbəri,Azərbaycan Kulinariya Assosiasiyasının sədri,doktor Tahir Əmiraslanovun “Qarabağ mətbəxi” kitabının təqdimat mərasimi keçirilmişdir.Təqdimat Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsi,Qarabağ rayonlarının İcra Hakimiyyətlərinin dəstəyi ilə baş tutmuşdur.Milli Kulinariya Mərkəzinin nümayəndəsi,əslən zəngilanlı olan Aysel Şıxəliyeva tədbiri açıq elan etmiş,iştirakçıları,qonaqları salamlamış,bu işdə kömək etmiş hər bir təşkilata və şəxslərə mərkəz adından təşəkkürünü bildirmişdir.Öz növbəsində yaxından köməyə görə Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə xanım Rəhimovaya,elmi işçilərə də təşəkkür bildirilmişdir. Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Qarabağ mətbəxi”nin lazımlı,zəruri bir dövrdə yaranması,mətbəximizin bütün dünyada tanınması,təbliğ edilməsinin vacibliyi və bu yolda mübarizə aparılmasının əhəmiyyəti barədə çıxış etdi.Respondentlərin təqdim etdikləri əsl milli yeməklərimizin reseptləri,hazırlanma texnologiyasındakı müəyyən fərqləri,region üzrə ən müxtəlif xüsusiyyətlərini,hətta, ləhcələrə qədər dəqiqliyi nəzərə çarpdıran məruzəçi əməli addımlar atılması sahəsində müəyyən təkliflərini verdi. Qarabağ mətbəxi”nin müəllifi T.Əmiraslanov çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirdi və eyni zamanda onun yazılma səbəblərini açıqladı.T.Əmiraslanov milli mətbəximizin təbliği sahəsində dövlətimizin,ulu öndər H. Əliyevin, vaxtilə onun imzaladığı 596 nömrəli sərəncamın əhəmiyyətini qeyd edərək, bugünkü gündə bu işin daha aktual xarakter aldığını vurğuladı. Ermənilərin əvvəllər Qarabağ mətbəxinin iki adda xörəyinə sahib olduğunu iddia etdikləri halda,indi isə bütövlükdə,ümumiyyətlə,Qarabağ mətbəxini özəlləşdirməklərinin fəsadlarından danışan müəllif bu “işğal”a qarşı mübarizə yolları barədə məlumat verdi. Tahir müəllim ürək ağrısı ilə bildirdi ki, dünyada ancaq iki ölkədə çörək muzeyi fəaliyyət göstərir: biri İngiltərədə,bir də bizim Azərbaycanda- Şuşada. Çox təəssüf ki, Şuşadakı bu muzey minlərlə abidələrimiz,mədəniyyət nümunələrimiz kimi erməni vandalları tərəfindən darmadağın edilib. Üzeyir Hacıbəyovun,Xurşud Banu Natəvanın büstlərini güllə ilə dəlmə-deşik edən bu “hay”lardan bundan başqa nə gözləmək olar,axı! Çörəyə kəm baxan ermənilər mötəbər müsabiqələrdə,tədbirlərdə utanmadan Qarabağ torpağını,pak suyunu,bərəkətini ləkələməkdən yenə də əl çəkmirlər, torpağımızı,musiqimizi,mədəniyyətimizi oğurladıqları kimi indi də milli mətbəximizi murdarlayırlar. Vaxtı ilə Qarabağımızda çörəyin müxtəlif növləri bişirilirdi:küllləmə,bozlamac,təndir,közləmə,kömbə,lavaş,xamralı,yuxa,cad,fətir,maldili və s. Qışda da,yayda da ən sevimli çörək növü kağız kimi nazik olan yuxadır.İnsanlar hətta yola çıxarkən özləri ilə sac da götürüb yuxanı yolda da bişirirdilər.Maraqlıdır ki, ən qədim saclar gildən düzəldilmiş və ilk belə nümunələr də Qarabağda-Üzürlüktəpədə (Ağdam rayonu) arxeoloji qazıntılar zamanı tapılmışdır.Ölkə ərazisində tapılan gil və daş saclar b.e. ə. IV minilliyə aiddir.Müasir dövrdə isə dəmir saclardan istifadə olunur. Haqqında danışdığımız kitabda torpağımızın yetirdiyi min bir nemət, bu nemətləri sağlam qidaya çevirməyi bacaran insanlar barədə qiymətli məlumatlar əldə etmək mümkündür.Gəncə,Tovuz,Qazax,Zəngəzur və digər ərazilərimizin özünəməxsus milli xörəklərin,hətta,tarixləri barədə məlumatların üç dildə- azərbaycan,ingilis,rus dillərində verilməsi kitabın əhəmiyyətini daha da artırır.Millət vəkili Qənirə Paşayeva da çıxışında milli mətbəximizin üstünlüklərindən,dəyərindən danışmaqla yanaşı,bu mətbəxin simasında Qarabağın hər bir azərbaycanlı üçün hansı önəmi,hansı rolu oynadığının bütün dünyada təbliğinə yönəldilməsinin əhəmiyyətindən danışdı.Millət vəkili çox haqlı olaraq bəzi iradlarını da söylədi.Çox zəngin olan mətbəximizin elə özümüz tərəfindən düzgün təbliğ edilmədiyi barədə danışdı. “Qarabağ mətbəxi”ndə plovun ən müxtəlif növləri (əvəlikli plov,boranılı aş,çolpalı plov,döşəmə plov,lobyalı plov,qaralı aş,qatıqlı aş,səbzi plov və s.) qeyd olunur. Halbuki,xidmət göstərilən zaman bu adlar rəsmi olaraq nə qeyd olunur, nə də dildə işlənir.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin sədri Fikrət Babayev,müəlliflərdən biri olan Aynurə Əmiraslanova,respondentlərdən biri,evdar qadın Arzu Bağırova və başqaları kitab haqqında fikirlərini,görülən işlər haqqında çıxışlar etdilər. Arzu Bağırovanın (Qarabağ),Gülnar Ələsgərovanın (Ağcabədi),Aysel Şıxəliyevanın (Zəngilan) təqdim etdikləri mətbəx nümunələri analarımızın,nənələrimizin illər boyu bu sahədə topladığı zəngin bir miras kimi “Qarabağ mətbəxi”nə daxil edilmişdir.Tariximizin bir parçasını özündə əks etdirən kitabın daha çox tirajla buraxılması yerinə düşərdi. Digər bölgələrin təamlarının da oxuculara çatdırılması,bütöv Azərbaycanımızın milli mətbəxini,onun sirlərini gənc nəslə ötürülməsi və ən nəhayət,mədəniyyətimizin,adət-ənənələrimizin qorunub saxlanılması istiqamətində “Qarabağ mətbəx”inin nəşr edilməsi cəmiyyətimiz üçün mühüm bir hadisə hesab olunmalıdır.


Sevinc Rzaqızı (Baş redaktor )

 

***

 

Əli Həsənov: “Qarabağ mətbəxi” kitabının təqdimatı tarixi hadisədir
 

“Qarabağ mətbəxi” kitabının təqdimatı tarixi hadisədir. İndiyədək Azərbaycanda belə bir kitab nəşr olunmamışdır.
AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və mərkəzin baş kulinarı Arzu Əmiraslanovanın həmmüəllifliyi ilə çapdan çıxmış “Qarabağ mətbəxi” kitabının təqdimatından əvvəl jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərliyi tərəfindən “Qarabağ mətbəxi” kitabının hazırlanması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əvvəlcədən müraciət edilmişdi. Təbii ki, belə bir kitabın ərsəyə gəlməsinin siyasi mahiyyəti nəzərə alınaraq işğal altında olan rayon icra hakimiyyətlərinə göstəriş verilmiş, onlar tərəfindən də materiallar toplanılaraq Milli Kulinariya Mərkəzinə təqdim edilmişdir.
Ə.Həsənov vurğulamışdır ki, Ermənistan tərəfindən tarixən mədəni irsimizə sahib çıxmaq cəhdləri göstərilir və bunların qarşısı alınır. İyirmi ildir doğma yurdlarından ayrı düşmüş soydaşlarımız müxtəlif rayonlarda məskunlaşmışlar. Ölkənin hər bir rayonunda, yaşayış məntəqəsində, kəndində müxtəlif tarixi ənənələr vardır. Hətta bir rayonun özündə belə adət-ənənə tam eyni deyildir. Hər kəndin özünün mətbəx qaydası vardır. Bir rayonda dünyaya gələn uşaq başqa bir rayonda qaçqın kimi yaşayır, tədricən həmin mühitin adət-ənənələrini mənimsəyir. Beləliklə, digər rayonlarda məskunlaşan köçkünlər öz yerlərinin adət-ənənələrini itirmək üzrədirlər. Məhz bunların bərpası istiqamətində proqramların həyata keçirilməsi vacibdir. Bu baxımdan kitabın çox böyük siyasi mahiyyəti vardır. Lakin bir kitabla kifayətlənmək lazım deyildir. Bu nümunədən istifadə edərək Qarabağın tarixi abidələri, görkəmli ziyalıları, gəncləri, ləhcələri, mədəni irsi, adət-ənənələri istiqamətində yeni-yeni tədqiqatlar aparılmalı və kitablar hazırlanmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi belə kitabların nəşrinə dəstək göstərməyə hazırdır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov kitabın ərsəyə gəlməsinə əməyi olanlara təşəkkürünü bildirmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !