012 Bakı Public Art Festivalı çərçivəsində rəssam Nail Ələkbərovun Yeddi gözəl əsəri təqdim edilmişdir -

“012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam Nail Ələkbərovun “Yeddi gözəl” əsəri təqdim edilmişdir

İyulun 20-də Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam Nail Ələkbərovun “Yeddi gözəl” əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, əsər çay içmək üçün nəzərdə tutulan milli Azərbaycan stəkanı olan yeddi “armudu” stəkanın bir-birinin üzərinə yığılmış heykəltəraşlıq nümunəsindən ibarətdir. “Armudu” sözü “armud şəkilli” mənasını bildirir. Stəkan həqiqətən də müvafiq meyvəni xatırladır. Digər tərəfdən isə armudun özü kimi qadın bədəninin cizgi və formasını da xatırladır. Bununla da, heykəltəraşlıq kompozisiyası baxımından bu stəkanlar dahi Nizami Gəncəvinin eyniadlı əsərindən olan yeddi gözəli təcəssüm etdirir.
İçərişəhərdə təqdim olunmuş layihənin məqsədi milli və beynəlxalq dəyərlərin sintezidir, yaxud qloballaşma dövründə deyildiyi kimi: “Qlobal fikirləş, lokal hərəkət et”. Başqa sözlə, milli rayihə və tərkib, kosmopolitik olan müasir incəsənət əsərinə tətbiq edilmişdir.
Eyni zamanda, müəllif yerli ziyalı təbəqəsinin nümayəndəsi kimi, qloballaşma müstəvisində ölkələrin mədəni xüsusiyyətlərinin silinib getməsi faktından narahatlığını da ifadə etməyə çalışmışdır. Bu narahatlıq müasir incəsənət formatında təqdim olunmasına baxmayaraq, əsərdə Şərq-sentrik üslubu üstünlük təşkil edir.
Tarixə nəzər salsaq görərik ki, çay içilmə adəti geniş yayılmış Azərbaycanda çay qonaqpərvərlik və qonaqlara hörmət əlaməti sayılır. Əsas yeməklərdən əvvəl masaya çayın verilməsi isə bir ənənədir. Azərbaycanda əsasən qara məxməri yarpaq çayı içilir. Çayı çini fincanlarda deyil, bunun üçün nəzərdə tutulmuş “armudu” stəkanlarda içirlər. Həqiqətən də onlar formasına görə armudu xatırladır: yuxarı və aşağı hissələri geniş, “bel hissəsi” isə dardır. Bu stəkanın qeyri-adi formasının müxtəlif izahları vardır. Onu əldə saxlamaq rahatdır, qadının qamətini xatırladır və s. Həqiqətdə isə səbəbi olduqca praqmatikdir: stəkanın aşağı hissəsindəki çay yuxarı hissəyə nisbətən gec soyuyur. Bununla da stəkanın dibindəki temperatur, çayı içməyə başlayan zaman mövcud olan temperatur olaraq qalır. Bu mənada armudu stəkan həqiqətən də qədim Şərq dizaynının möcüzəsidir: qəşəng forma funksionallıqla tamamlanır.
Azərbaycan ərazisində mütləq şəkildə çayxana mövcuddur. Azərbaycanlılar üçün çayxana – öz növbəsində iş və xəbərlərin müzakirə edildiyi, qəzetlərin oxunduğu, planların qurulduğu, nərd oynanıldığı, münasibətlərin yarandığı kişi klubudur.
Ölkəmizdə çay, həmçinin elçilik atributudur. Qızın valideynlərinin cavabı elçilərə çay vasitəsilə verilir: əgər elçilərə verilən çaya şəkər əlavə edilərsə, demək toya hazırlaşmaq lazımdır, əgər çayı və qəndi ayrıca verirlərsə, bu rədd cavab deməkdir.
N.Ələkbərov Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır. O, Fransanın Lyamoj şəhərindəki Ecole Nationale Superieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir.
“012- Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !