Bakıda Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma mövzusunda konfrans keçirilmişdir -

Bakıda “Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilmişdir

 İyulun 18-də Bakıda “Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi İctimai Birliyi (NQMTO İB) tərəfindən keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, beynəlxalq təşkilatların, hüquq mühafizə orqanlarının, müvafiq qurumların və QHT-lərin nümayəndələri iştirak etmişlər.
Konfransda Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi İctimai Birliyinin rəhbəri Məzahir Əfəndiyev çıxış edərək bildirmişdir ki, BMT-nin hesabatlarına görə, bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Bu, 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu problem mövcuddur və ölkəmiz artıq 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, aparıcı dünya dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər həyata keçirməkdədir. Bu gün Azərbaycan hökuməti, xüsusən hüquq mühafizə orqanları tərəfindən bu sahədə çox ciddi nəticələr əldə olunmuş və qeyri-qanuni dövriyyədən tonlarla narkotik maddələr çıxarılaraq məhv edilmişdir.
Məzahir Əfəndiyev demişdir ki, bu gün narkomanlıqla mübarizədə hökumətin gördüyü böyük işlərlə yanaşı, cəmiyyətin bütün təbəqələri, o cümlədən QHT-lər də fəallıq göstərməlidirlər. Ölkəmiz üçün ən vacib məqamlardan biri zərərin azaldılmasında ciddi nailiyyətlərin əldə olunmasıdır. Bunun üçün beynəlxalq təcrübədə tətbiq olunan ən vacib istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat, profilaktika işlərinin düzgün, səmərəli aparılması zəruridir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, narkomaniyaya qarşı mübarizə davamlı, ardıcıl həyata keçirilməlidir. Bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımamış, bununla bağlı dövlətin çox aydın ifadə edilmiş siyasi iradəsi mövcud olmuşdur. Narkomaniya elə bir problemdir ki, mövcud şəraitə çox sürətlə uyğunlaşır. Bəzən hətta inkişaf etmiş, sosial baxımdan yaxşı duruma malik ölkələr belə bu problemlə üzləşirlər.
Ə.Hüseynli vurğulamışdır ki, Azərbaycanda təxminən 7-8 il bundan əvvəl narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən islahatların yeni mərhələsi başlamışdır.
Azərbaycanda narkomaniyaya qarşı mübarizənin dövlət, vətəndaş cəmiyyəti və hüquq mühafizə orqanları tərəfindən daim nəzarətdə saxlanıldığını deyən Əli Hüseynli, parlamentin həmişə narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən bütün qanunvericilik islahatlarına dəstək verdiyini bildirmişdir.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirmişdir ki, narkotik maddələr bütün dünyaya öz mənfi təsirini göstərir. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır.
Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndirən səfir ölkədə narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üçün kifayət qədər sanballı qanunvericilik bazasının olduğunu, dövlətimizin müvafiq beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdırmışdır.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin beynəlxalq eksperti Platon Nozadze təmsil etdiyi qurumun hazırladığı 2012-ci il Narkotiklərə dair Ümumdünya Hesabatını təqdim etmişdir.
Azərbaycanda 2012-ci il narkotiklərə dair ümumi vəziyyət haqqında Milli Məruzəni isə NQMTO İB-in rəhbəri Məzahir Əfəndiyev təqdim etmişdir.
Sonra Azərbaycanda ilk dəfə olaraq narkotiklərə və onunla bağlı cinayətkarlığa qarşı mübarizə ilə bağlı internet səhifənin (informasiya portalı) təqdimatı olmuşdur.
Bildirilmişdir ki, dünyada, o cümlədən Azərbaycanda informasiya texnologiyalarının, sosial şəbəkələrin sürətlə inkişafı mübarizə və məlumatlandırma metodlarına müasir yanaşmaları zəruri edir. Bu məqsədlə Azərbaycanda da ilk olaraq yeni sayt və informasiya portalı hazırlanmışdır. Bu internet resursunda İKT texnologiyalarının imkanlarından istifadə edilməklə yetişməkdə olan nəslə düzgün məlumatların çatdırılması, maarifləndirmə işləri həyata keçirməklə bir tərəfdən hökumətin, hüquq mühafizə orqanlarının apardıqları mübarizədə cinayətkar qruplaşmaların ifşasına dair məlumatlar yer alacaq, digər tərəfdən elmi, sağlam həyata səsləyən maarifləndirmə xarakterli təbliğat materialları yerləşdiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !