Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümünə həsr olunur... -

Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümünə həsr olunur...

  İyulun 17-də “Qafqaz-Media” İctimai Birliyi (İB) “Park Bulvar” ticarət və əyləncə mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Yaddaqalan konsert proqramı ilə müşayiət olunan tədbirdə Azərbaycan mətbuatının inkişafına töhfələr vermiş jurnalistlərin bir qrupu “Qafqaz-Media” İctimai Birliyi tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışlar.
Qurumun sədri Azadə Abbasqızı mərasim iştirakçılarını 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin jurnalistlərin əməyinə yüksək qiymət verdiyini, onları haqlı olaraq “dördüncü hakimiyyət” nümayəndələri adlandırdığını qürur hissi ilə yada salmışdır. Bildirmişdir ki, “Qafqaz Media” İctimai Birliyi 2004-cü ildən etibarən hər il Azərbaycan jurnalistikasının inkişafına töhfələr vermiş media təmsilçilərini müxtəlif nominasiyalar üzrə təsis etdiyi diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırır. Biz bu il də ənənəmizə sadiq qalaraq milli mətbuatımızın yaranmasının 137-ci ildönümü ərəfəsində bir qrup jurnalisti 5 nominasiya üzrə mükafatlandırmağı qərara almışıq.
Tədbirdə “Qafqaz-Media” İctimai Birliyi tərəfindən müvafiq nominasiyalar üzrə mükafata layiq görülən qocaman telejurnalist, Xalq Artisti Rafiq Hüseynov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Prezident təqaüdçüsü, şairə Nurəngiz Gün və başqaları ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin jurnalistlərə qayğısından danışmışlar.
Qaliblərə İB-nin diplomları və hədiyyələri təqdim olunmuşdur.
Xüsusi Fotomüxbir:Ceyhun Elçinoğlu(AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !