012 Bakı Public Art Festivalı çərçivəsində rəssam Teymur Daiminin Transkommunikasiya: mənaların müdaxiləsi əsəri təqdim edilmişdir -

“012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam Teymur Daiminin “Transkommunikasiya: mənaların müdaxiləsi”əsəri təqdim edilmişdir

İyulun 6-da Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam Teymur Daiminin “Transkommunikasiya: mənaların müdaxiləsi ” əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, təqdim olunan media-layihə qloballaşma, transmilli amil, mediakratiya, konseptual hakimiyyət mövzularına, həmçinin qloballaşma proseslərinin nəticəsi kimi özgələşmə probleminə toxunur. Əsər topoloji baxımdan Bakının tam mərkəzində yerləşən Fəvvarələr meydanında nümayiş etdirilir. Bu məkanın tarixi XIX əsrin sonuncu rübünə aiddir. Həmin dövrdə bu meydan təntənəli plats-paradlar üçün nəzərdə tutulmuş və üç adı olmuşdur: Kolyubakin meydanı (o zamankı Bakı qubernatoru M.P.Kolyubakinin şərəfinə), Parapet və “Besplodnıy sad” (“Bəhərsiz bağ”). Burada çar II Aleksandra abidə qoyulması, meydana “İmperator meydanı” adı verilməsi də planlaşdırılmış, lakin abidə ucaldılmamışdı.
1917-ci il hadisələrindən sonra meydana K.Marks bağı adı verilmişdi. Tədricən şəhər bağçasına çevrilən meydan 1984-cü ildə yenidən qurulmuş, yeri daşla döşənmiş və bir neçə fəvvarə ilə bəzədilmişdi. Bu meydanı şəhərin bütün digər məkanlarından fərqləndirən əsas cəhət onun mərkəzdə yerləşməsi və böyük keçicilik qabiliyyətinə malik olmasıdır. Yerin əlamətdarlığını burada imperatora abidə qoyulmasının planlaşdırılması, inqilabdan sonra isə ona K.Marksın adının verilməsi də təsdiqləyir.
İstehlak cəmiyyəti dövrü olan bu günümüzdə isə burada bütün dünyada tanınan brendlərin çoxsaylı reklamları yerləşdirilmişdir. Bir sözlə, Fəvvarələr meydanında bu və ya digər obyektin yerləşdirilməsi hamıya münasibliyi ilə yanaşı, rəmzi optikada da (konseptual hakimiyyət özünü beləcə büruzə verir) nüfuza işarədir. Mc. Donaldsın – dünyanın ən qüdrətli brendlərindən və qloballaşmanın rəmzlərindən birinin Fəvvarələr meydanında yerləşməsi heç də təsadüfi deyildir.
“Transkommunikasiya: mənaların müdaxiləsi” media-layihəsinin məqsədi qloballaşmanın transmilli amili probleminin yanından ötüb keçən insanları monitorda gördükləri, refleksiyaya vadar edən intellektual təhrik vasitəsilə radikallaşdırmaqdır. Onların gördükləri isə aşağıdakılardır: intensiv dəyişən fonda Hollivud kinohitlərinin “teqlayn”ları, yəni filmin lakonik, əksər hallarda bir cümlə ilə ifadə olunan mahiyyəti, onun əsas ismarıcı. Başqa sözlə, 10-15 dəqiqə ərzində, təxminən, 33 reklam sloqanı göstərilir və seyrçi intellektual şəkildə 33 Hollivud filmini “mənimsəyir”; sloqanlar bu filmlərin fonunda görünür. Yəni, Jil Delezin dili ilə desək, filmlərin “perseptləri deyil, konseptləri”, onların sırf mənası nümayiş etdirilir. Hollivud filmi isə elə həmin qlobal məhsul, qloballaşmanın bütün dünyada fəal şəkildə həyata keçirilən eyni bir təfəkkür tərzi və varlıq modelidir.
Beləliklə, bu layihədə aşağıdakılarla qarşılaşırıq: qloballaşma mədəni-iqtisadi təcavüzünün digər bir örnəyi olan Mc. Donaldsın binasının üzərində quraşdırılan monitordan yayımlanan qlobal Hollivud ideyası. Lakin məsələ ondadır ki, həmin metafilmdə “teqlayn”lardan başqa, ruhuna və anlamına görə tam əks olan, sadə insani münasibətlərə aid olan və hər bir kəsə ünvanlanan ifadələr də yer almışdır. Beləcə, simasızlaşdırılmış qlobal məlumatlar axınına antivirus proqramları kimi şəxsi (insani) səpkili məlumatlar qoşulmuşdur.
Tarixə nəzər salsaq görərik ki, neft bumundan Stalin dövrünə qədər Fəvvarələr meydanı ərazisində tikilmiş müxtəlif memarlıq strukturlarının böyük əksəriyyətini memarlıq-planlaşdırma mühitinə daxil edilmiş Xruşovka layihəli binalar və yeni inşa edilmiş tikililər (“Nərgiz” ticarət mərkəzi) təşkil edir. Bu yerin belə maraqlı tarixi həm də Fəvvarələr meydanında salınmış bəzi yaşıllaşmalarla da bağlıdır. Məsələn, “Nərgiz” ticarət mərkəzinin yaxınlığındakı məşhur palmanı daha yaşlı nəsil bakılılar “Fidel palması” adlandırmış və deyilənə görə, bu, Bakı meri Əliş Lənbəranskiyə Fidel Kastro tərəfindən hədiyyə edilmişdir.
Teymur Daimi rəssam, rejissor və fəlsəfə elmləri doktorudur. O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Onun əsərləri dünyanın müxtəlif incəsənət dərgilərində çap edilmişdir. Məqalələri 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun kataloqunda dərc edilmişdir.
“012- Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !