012- Bakı Public Art Festivalı çərçivəsində rəssam Mahmud Rüstəmovun Alternativ əsəri təqdim edilmişdir -

“012- Bakı Public Art Festivalı” çərçivəsində rəssam Mahmud Rüstəmovun “Alternativ” əsəri təqdim edilmişdir

 İyunun 29-da Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012- Bakı Public Art Festivalı” çərçivəsində rəssam Mahmud Rüstəmovun “Alternativ” əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, təqdim olunan heykəl kompozisiyası öz sürreal icrasına uyğun olaraq Bakı şəhəri və Qız qalası ilə bağlı olaraq rəmzi məna daşıyır.
M.Rüstəmovun fikrincə, toyuq və burun hissələrindən ibarət hibrid animalistik fiqur aşağıdakıların rəmzidir: dünyada qida məhsulu kimi geniş istifadə olunan toyuq açıqlığı, universallığı və transmilliliyi təcəssüm etdirir. Müəllif, bu rəmzi öz çox mədəniyyətli və transmilli xarakteri ilə fərqlənən sakinləri, açıqlığı və universallığı ilə məşhur olan Bakı ilə əlaqələndirmişdir.
Başı ilə qabağa istiqamətlənən burun sürətlə inkişaf edən və mürəkkəb infrastrukturlu şəhərə çevrilən Bakının rəmzidir. M.Rüstəmovun fikrincə, texnoloji tərəqqi ilə bağlı gələcəyə yönəm, şəhərin öz mənəvi köklərinin və milli xüsusiyyətlərinin itirilməsinə gətirməməlidir. Heykəltəraşlıq kompozisiyasında daxil olan və qədimdən Azərbaycan mədəniyyətinin mənəvi rəmzi kimi qəbul olunan nar meyvəsi isə mənəvi köklərin Yer kürəsi ilə əlaqəsinin rəmzidir.
Beləliklə, ilk animalistik fiqur, Bakının və onun inkişaf dinamikasının rəmzidir. Bu obyekt inkişafın sosial-mədəni reallığına uyğun olaraq horizontal istiqamətdə təqdim olunmuşdur.
İnsan və ya insan törəməsi olan ikinci heykəl isə başqa planetdən gələnləri simvolizə edir. Toyuq və burundan fərqli olaraq onun şaquli istiqamətdə təqdim olunması obyekti Göy və Yerlə əlaqələndirir. Bu isə layihənin ən mühüm aspektlərindəndir. Heykəl Qız qalasının yanında yerləşir və bəzi fərziyyələrə əsasən, öz memarlıq xüsusiyyətləri ilə kosmik, “digər planetlər ilə əlaqəli” sirləri özündə əks etdirir.
Humanoid fiquru Qız qalasının və Bakı şəhərinin ülvi mənşəyinin rəmzi ola bilər. Bu, inanılmaz səslənsə də, bədii əsərin məntiqi konsepsiyasına görə belə bir ideyanın mövcudluq hüququ vardır. Humanoidin əlindəki “pərlər” isə Bakının küləklər şəhəri olduğunu təcəssüm etdirir.
Tarixə nəzər salsaq görərik ki, Qız qalasının inşa olunduğu tarix məlum deyildir. Bəzi fərziyyələrə görə, abidə XII əsrdə tikilmişdir. Qalanın yuxarı hissəsinin çöl tərəfində yerləşən yazılı lövhənin yaşı bundan xəbər verir. Qədim kufi xətti ilə cızılmış “Məsud İbn Davud qübbəsi” yazısında inşaatçının adı əks olunmuşdur. Qüllə iki mərhələdə tikilmişdir. Ehtimal edildiyi kimi, birinci mərhələ islamaqədərki, yazı isə daha sonrakı dövrə, XII əsrə aiddir. Qüllənin inşa edildiyi əhəng məhlulunu və daşın rəngini öyrəndikdən sonra alimlər belə qənaətə gəlmişlər ki, o, eramızdan əvvəl I əsrdən tez olmayaraq (bu məhlulla inşa edilən ən qədim bina Qəbələdə aşkar edilmiş və eyni dövrə aiddir), lakin eramızın X əsrindən gec olmayaraq inşa edilmişdir, çünki qüllənin inşa edildiyi daşlar Məhəmməd Məscidinin daşları ilə eynidir.
M.Rüstəmov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında heykəltəraşlıq ixtisası üzrə təhsil almışdır. Onun əsərləri Avropada şəxsi kolleksiyalarda, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
“012- Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.


Fotorepartyor:Ceyhun Elçinoğlu ( AzPRESS.az)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !