012- Bakı Public Art Festivalı çərçivəsində rəssam Hüseyn Haqverdinin Zamanı aşaraq əsəri təqdim edilmişdir -

“012- Bakı Public Art Festivalı” çərçivəsində rəssam Hüseyn Haqverdinin “Zamanı aşaraq” əsəri təqdim edilmişdir

FOTO-reportajlar hazırlanır...

 

İyunun 22-də Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012- Bakı Public Art Festivalı” çərçivəsində rəssam Hüseyn Haqverdinin “Zamanı aşaraq” əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, rəssamın plastik kompozisiyası kalliqrafiya ilə assosiasiya edilən mücərrəd formalardan ibarətdir.
Şərq və xüsusilə müsəlman incəsənəti ənənəsi Qərbi Avropa ənənəsindən özünün eyhama, metaforaya meyilliyi ilə fərqlənir. Piktoqrafik surətlərə dair islam qadağası sanki yerli ustaların sərhədsiz fantaziyasını başqa məcraya, ornamental kalliqrafik yazıya yönəltmişdir. Orada isə söz təkcə müəyyən mənanın daşıyıcısı deyil, həm də özünəməxsus bədii surət olmuşdur. Məhz buna görə bu ənənədə “söz surətləri” adlanan şəkillərin təsvirinə həmişə xüsusi diqqət yetirilmişdir. Sözlərin təsviri isə kalliqrafiyadır ki, onun da kökləri öz növbəsində qədim yazı sistemlərinə qədər gedib çıxır: runalar, piktoqrafiya, heroqliflər. Kalliqrafiyada mətn, sözlər təkcə semantik yük deyil, həm də təmiz vizual yük daşımaqla insanın şüuruna təsir göstərir.
Təqdim olunan heykəltəraşlıq kompozisiyasında müəllif tamaşaçını sanki mətnin strukturları məkanına daxil edir. Yəni tamaşaçı bu “hərf”, “kalliqrafiya” kütlələrini ikiölçülü müstəvidə deyil, məkanda qavrayır və beləliklə, özü də qeyri-məlum, yaxud yalnız rəssama məlum olan dildə bildirilən sirli xəbərin bir hissəsinə çevrilir.
Tarixə nəzər salsaq görərik ki, İslam dini kalliqrafiyanın inkişafına təkan vermişdir. Azərbaycan kalliqrafiya sənəti və xüsusilə Təbriz məktəbi XIII-XIV əsrlərdə çiçəklənmə dövrünü yaşamışdır. Azərbaycanlı xəttatlar Mahmud Sərraf, Seyid Heydər, Sadəddin, Cəfər Təbrizi, Mir Əli Təbrizi və başqaları Şərqdə yeni bədii və kalliqrafik üslublar yaratmışlar. Mir Əli Təbrizi “nəstəliq” kalliqrafiya üslubunun əsas banilərindən biri olmuş və bir çox elmi və bədii kitablar həmin üslubda yazılmışdır. Məhəmməd Seyrafinin “Ədəb əl-xətt” (“Xəttatlıq sənəti”) adlı elmi əsəri xüsusi əhəmiyyət kəsb etmişdir. Digər görkəmli azərbaycanlı kalliqraf Şah Mahmud Nişapuri olmuşdur (I Şah Təhmasibin dövründə).
Dərin kalliqrafiya ənənələri yerli memarlıqda da özünəməxsus iz qoymuşdur. Bunu Bakı-Abşeron daş emalı məktəbinin sənətkarlarının yaratdıqları qəliz divar naxışlarında müşahidə etmək olar. Bu günədək köhnə Bakının yaşayış və ibadət tikililərinin fasadlarını bəzəyən çox nəfis divar naxışları sanki öz dövrünə qəribə himn – daşda həkk olunan himn oxuyur.
Rəssam Hüseyn Haqverdinin əsərləri uzun illərdir ki, sərgilərdə nümayiş olunur. Hələ 1980-ci ildə Bakıda, sonralar Latviyada, Fransada, Almaniyada, Hindistanda keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumlarda əsərləri sərgilənmişdir. Rəssamın əsərləri ABŞ-da, Gürcüstanda keçirilən müxtəlif mövzulu sərgilərdə də maraqla izlənilmişdir. Keçən il Hüseyn Haqverdinin Bakıda “Metamarfoza” adlı sərgisi açılmışdır. Bu il isə rəssam Londonda keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgidə iştirak etmişdir.
“012- Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

 

***

 

Professor Nərgiz Paşayeva: “012- Bakı Public Art Festivalı çox gözəl layihədir

“012-Bakı Public Art Festivalı”, zənnimcə, çox gözəl layihədir. Burada iştirak edən rəssamlar müxtəlif janrlarda yaratdıqları əsərlərini təqdim edirlər.
AzərTAc xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “012 Bakı Public Art Festivalı” çərçivəsində növbəti layihənin təqdim edilməsindən sonra jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, festivalda gənc, yaradıcılığa yenicə başlamış rəssamlarla yanaşı, tanınmış sənətkarlar da iştirak edirlər. Təqdim olunmuş əsərlər Bakının arxifaktlarını üzə çıxarır, yəni hər bir əsərin konsepsiyası şəhərin tarixi ilə bu və ya digər dərəcədə əlaqədardır. Layihədə özlərini tam azad hiss edən rəssamlar duyduqlarını, hiss etdiklərini öz əsərləri vasitəsilə təqdim edirlər. Həmçinin, layihə ilk dəfə olaraq qapalı çərçivədən çıxıb böyük bir kütləyə təqdim olunması baxımından da maraqlıdır. Festival çərçivəsində təqdim edilən əsərlər insanların çox olduqları yerlərdə yerləşdirilir. Nəticədə şəhərimizin sakinləri və qonaqları həmin yerlərdə gəzərkən bu əsərləri seyr edə bilirlər. Şübhəsiz, insanların çox toplaşdıqları yerlərdə incəsənət əsərlərinin olması müsbət haldır.
Professor Nərgiz Paşayeva qeyd etmişdir ki, “YARAT!”ı təşkil edən Aida Mahmudova əsl peşəkar rəssamdır. “Mən insanlarda peşəkarlığı həmişə dəyərləndirirəm. Hesab edirəm ki, müəyyən sənət üzrə mükəmməl təhsili olan peşəkar insan, öz sənətini elə-belə, ötəri, özünü reklam xatirinə seçməmişdir. Bu baxımdan Aida Mahmudova gözəl rəssamlıq təhsili almışdır və artıq onun yaşı əldə etdiyi biliklərin özünü büruzə verməli olduğu bir həddə gəlib çatmışdır. “YARAT!” qeyri-kommersiya təşkilatı peşəkar bir insanın yaratdığı əsl peşəkar təşkilatdır. Ona görə də mən bu təşkilata və onun üzvlərinə uğurlar arzulayıram”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !