Azərbaycanda Səudiyyə Ərəbistanının Orta və Qərbi Asiyada fəaliyyət göstərən diplomatların toplantısı keçirilmişdir -

Azərbaycanda Səudiyyə Ərəbistanının Orta və Qərbi Asiyada fəaliyyət göstərən diplomatların toplantısı keçirilmişdir

 Bakıda Səudiyyə Ərəbistanı Krallığının Orta və Qərbi Asiyada fəaliyyət göstərən səfirlərinin toplantısı keçirilmişdir.
Azərbaycanda səfərdə olan Krallığın xarici işlər nazirinin köməkçisi, şahzadə Xalid bin Xalid əl-Səud qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox yaxşı münasibətlər vardır. Amma onlar hər iki ölkənin hökumətlərinin istəklərinə tam uyğun deyildir. Ona görə də biz bu əlaqələri daha da genişləndirmək niyyətindəyik.
İki xalq arasında mədəni, iqtisadi əlaqələrin böyük tarixə malik olduğunu deyən şahzadə vurğulamışdır ki, bu fakt və ölkə başçılarının arasındakı münasibətlər əməkdaşlığımızın daha da yüksək olmasına sövq edir. Son illər ərzində Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bir sıra mühüm sənədlərin imzalandığını xatırladan şahzadə ikitərəfli iqtisadi əlaqələrin də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Qonaq 2010-cu ilin oktyabrında Azərbaycana səfərini xatırlatmış və bu qısa müddətdə Bakıda böyük inkişafın şahidi olmasından məmnunluğunu bildirmişdir.
Toplantıdan sonra təşkil olunmuş şam yeməyində çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsəri vurğulamışdır ki, diplomatların məhz Bakıda toplanması ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir.
Şam yeməyində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri iştirak etmişlər. (AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !