Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi ikicildliyinin təqdimatı olmuşdur -

“Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” ikicildliyinin təqdimatı olmuşdur

 

Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" adlı ikicildlik kitabın təqdimatı keçirilmişdir.

 

AzərTAc xəbər verir ki, "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanmış bu kitab müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmişdir.

Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və KİV təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov bildirmişdir ki, bu gün biz bu salona tariximizin acı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində toplaşmışıq. Bildiyiniz kimi, ulu öndərimiz Heydər Əliyev 1998-ci il martın 26-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xüsusi fərman imzalamışdır. Həmin tarixdən başlayaraq hər il martın axırlarında ölkəmizin hər yerində, hər bir regionda, xarici ölkələrdə soyqırımı qurbanlarının xatirəsi dərin kədər hissi ilə anılır və bununla bağlı silsilə tədbirlər keçirilir.

Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

"Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" ikicildliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində işıq üzü görməsinin mühüm məna daşıdığını vurğulayan Aslan Aslanov demişdir ki, bu kitabın erməni faşizminin mahiyyətini, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarlarını və təşkilatçılarını, soyqırımı haqqında əsl həqiqətləri təkzibolunmaz faktlar əsasında geniş ictimaiyyətə çatdırmaq baxımından müstəsna əhəmiyyəti vardır. Şübhəsiz ki, bu dəyərli kitabı vərəqləyən hər bir kəs mənfur qonşularımızın xalqımızın başına gətirdiyi faciələrin tarixi köklərinə bir daha nəzər salacaq, erməni faşizminin xislətini və erməniliyin mahiyyətini dərindən dərk edəcəkdir. Kitabda toxunulan məsələlərin əhatə dairəsinin çox geniş olduğunu görmək üçün birinci cilddəki yazıların bir neçəsinin sərlövhəsinə diqqət yetirmək kifayətdir: "Ermənilərin Azərbaycana köçürülməsi və məskunlaşması"; "Ermənilərin Osmanlı imperiyasında türklərə qarşı törətdikləri soyqırımı"; "1905-1920-ci il soyqırımları", "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası"; "Sonuncu deportasiyanın qanlı olayları", "Sumqayıt - erməni təxribatının yeni ünvanı"; "Qarabağ müharibəsinin qara salnaməsi"; "20 Yanvar faciəsi" və s.

Diqqətə çatdırılmışdır ki, kitabın ikinci cildində, əsasən qanlı hadisələrlə (20 Yanvar, Xocalı soyqırımı, ermənilərin Qubada törətdikləri qəddarlığı əks etdirən Quba kütləvi məzarlığı və s.) bağlı rəsmi xronika, BMT, AŞ PA, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş qərarlar, sənədlər, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların tədbirlərində çıxışları, nitqləri yer almışdır.

Bu cilddə, həmçinin Türkmənçay müqaviləsinin mətni, 1918-ci ildə ermənilər tərəfindən dağıdılan kəndlərin, 1948-1953-cü, 1988-1989-cu illərdə əhalisi Ermənistan tərəfindən deportasiya edilmiş azərbaycanlı yaşayış məntəqələrinin siyahısı verilmişdir ki, bunlar da olduqca əhəmiyyətlidir.

Son illərdə erməni vəhşiliyinin səbəb və nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin yazılaraq çap edilməsini yüksək qiymətləndirən A.Aslanov vurğulamışdır ki, həmin əsərləri ərsəyə gətirən alimlərimizin bəziləri bu gün bu mərasimdə iştirak edir. Biz onların da müzakirəsinə toplaşdığımız ikicildliyin məziyyətləri barədə çox dəyərli fikirlərini də dinləyəcəyik.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Bu dəyərli nəşrin ideya rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" adlı fundamental əsərinin kitabda ön söz əvəzi kimi yer alması ikicildliyin dəyərini daha da artırmış, materialların mötəbərliliyinə və dərin təhlilə söykəndiyinə dəlalət edir.

Hər cildi dörd fəsildən ibarət olan bu qiymətli kitabın ərsəyə gəlməsində nəşrin redaktoru, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun böyük zəhmətini qeyd etmək lazımdır. Kitabın buraxılışına məsul Milli Məclisin deputatı, baş redaktor Bəxtiyar Sadıqovun və "Azərbaycan" qəzeti redaksiyası kollektivinin gördüyü iş, həqiqətən, diqqətəlayiqdir.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyini diqqətə çatdıran natiq demişdir ki, tarixi sənədlərə, faktlara əsaslanan, elmi təhlil əsasında yazılmış bu cür kitablar ən azından rus və ingilis dillərində, yığcam formada nəşr olunmalıdır. Həm də bu kitabların elektron versiyası hazırlanmalıdır ki, bu nəşr dünyanın internet resurslarına, aparıcı kitabxanaların elektron bazasında yerləşdirilsin. Bunlar çox vacib məsələlərdir.

Bu yaxınlarda professor Əli Həsənovla birlikdə AzərTAc-ın xətti ilə altı dildə "Xocalı. XX əsrin soyqırımı" adlı kitabın nəşr edildiyini bildirən A.Aslanov demişdir ki, bu kitab qısa bir vaxtda Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə dünyanın hər yerinə yayılmışdır. AzərTAc həm də bu kitabın elektron versiyasının Avropanın tanınmış milli kitabxanalarının elektron bazalarında yerləşdirilməsi istiqamətində intensiv iş aparır. Stokholm şəhər kitabxanaları ilə danışıqlar apararkən məlum oldu ki, bu kitabxanalarda Azərbaycan ilə bağlı nəinki kitablar, hətta broşürlər də yoxdur. Biz Heydər Əliyev Fondunun, Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə buraxılmış Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti barədə ingilis dilində kitabları Stokholm şəhər kitabxanasına təqdim etdik. Hədiyyələr arasında "Azerbaijan-Heydar Aliyev Foundation", "Azerbaijan carpets-Masterpieces of Garabagh", "Azerbaijan-The land of Tolerance", "Azerbaijan: 100 Questions Answered" və başqa kitablar, instrumental, xalq musiqisi və muğamlardan ibarət CD-lər də vardır. Bu günlərdə agentliyimizin əməkdaşı Stokholmda olarkən görmüşdür ki, göndərdiyimiz nəşrlər kitabxananın yeni kitablar rəfində yerləşdirilmişdir. Artıq bu kitabxana Azərbaycan haqqında kitablarla yanaşı, yazıçılarımızın əsərləri ilə də maraqlanır. Aprel ayında kitabxananın əməkdaşı Azərbaycana gələcəkdir.

Məhz bu amillərə görə belə kitabların xarici dillərdə də çap edilməsi və elektron versiyalarının hazırlanması faydalı olardı.

Sonra "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, kitabın buraxılışına məsul Bəxtiyar Sadıqov çıxış edərək Azərbaycanın müstəqillik illərində əldə etdiyi siyasi, iqtisadi və sosial uğurlardan danışmışdır. Natiq qeyd etmişdir ki, son 8 il ərzində Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan düşünülmüş davamlı və sürətli inkişaf konsepsiyasına uyğun olaraq öz imkanlarını artırmışdır. Azərbaycanın dövlət büdcəsi bu müddətdə 1,2 milyard dollardan 22 milyard dollara çatmışdır. Qafqazın ən inkişaf etmiş, qüdrətli dövlətinə çevrilmiş Azərbaycanda güclü ordu yaradılmış və ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Bütün bu uğurlar və nailiyyətlər bizim hər birimizi sevindirir və qəlbimizi sonsuz qürur hissi ilə doldurur. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan daha möhtəşəm uğurlar qazanardı. Dövlətimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində də mühüm işlər görmüşdür.

"Azərbaycan" qəzetinin baş redaktoru diqqətə çatdırmışdır ki, xalqın arzu və tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev xarici ölkələrə səfər edəndə xəritə qarşısında Dağlıq Qarabağın, eləcə də Azərbaycanın harada yerləşdiyini və torpaqlarımızın ermənilər tərəfindən necə işğal edildiyini dünya siyasətçilərinə, dünya dövlətlərinin rəhbərlərinə izah edirdi. Çünki o dövrdə ölkəmiz informasiya blokadasında olduğundan Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq mümkün deyildi. Azərbaycanı bu informasiya blokadasından məhz ulu öndər Heydər Əliyev çıxarmışdır. Ötən illər ərzində Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülmüşdür. Nüfuzlu beynəlxalq qurumlarla ardıcıl, məqsədyönlü, prinsipial və qətiyyətli iş aparılmışdır. ATƏT, Avropa Şurası, AŞ PA, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və BMT kimi nüfuzlu qurumlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı mühüm qərarlar qəbul etmişlər. Artıq bu gün dünya bilir ki, ermənilər tərəfindən Azərbaycan torpaqları işğal olunmuşdur. Azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. Ermənilərin əsassız soyqırımı iddiaları isə mifdən, uydurmadan başqa bir şey deyildir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə fevralın 26-da Xocalı soyqırımının 20 illiyi münasibətilə Azərbaycanda keçirilən ümumxalq yürüşünü ən möhtəşəm tədbirlərimizdən biri kimi dəyərləndirən B.Sadıqov söyləmişdir ki, bu yürüş bütün dünyada böyük əks-səda doğurmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu il dünyanın 60-dan çox ölkəsində tədbirlər təşkil edilmişdir. Bu işlərin hamısı onu göstərir ki, Qarabağ probleminə münasibətdə, dünyada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, Azərbaycan torpaqlarının işğalı ilə bağlı düşüncələrdə, fikirlərdə tam dönüş yarada bilmişik. Dünya artıq həqiqəti bilir. Azərbaycan xalqı və dövlət başçısı İlham Əliyev qətiyyət və prinsipiallıqla bu həqiqəti dünyaya və beynəlxalq təşkilatlara qəbul etdirir. İnanıram ki, biz tezliklə məqsədimizə nail olacağıq.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" ikicildliyini hazırlamaq qərarına gəldiklərini söyləyən baş redaktor demişdir ki, bu işdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov bizə yaxından kömək göstərmişdir. Görkəmli alimlərimiz də son dövrdə bu sahədə çox böyük tədqiqat işləri aparmışlar. Sanballı kitablar yazılaraq çap edilmişdir. Biz o kitablarda olan materiallardan istifadə etməklə ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr olunmuş növbəti ikicildliyi ərsəyə gətirdik.

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin kitaba ön söz kimi daxil edilməsi ikicildliyin həm nəzəri cəhətdən, həm də tarixilik baxımından dəyərinin artmasına səbəb olmuşdur.

Natiq diqqətə çatdırmışdır ki, kitabın birinci cildində XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında ensiklopedik xarakterli məqalə və materiallar yer almışdır. Bu dövrdə ermənilərin Azərbaycana köçürülməsindən başlamış bu günə qədər bizim yaşayış məntəqələrində baş vermiş soyqırımları ilə bağlı yığcam informasiyalar verməyə çalışmışıq ki, oxucular bu kitabı vərəqləməklə bu dövrə səyahət edə bilsinlər.

Kitabda dəqiqləşdirilmiş rəqəmlərdən istifadə olunmuşdur. Çünki bəzən soyqırımı nəticəsində şəhid olmuş, itkin düşmüş, əsir götürülmüş insanlarla bağlı müxtəlif rəqəmlər səsləndirilir. Düşmənlərimiz bunlardan əleyhimizə istifadə edirlər. Ona görə də kitabdakı rəqəmlər dəqiqləşdirilmiş rəqəmlərdir.

Kitabın ikinci cildinin sırf sənədlər və arxiv materiallarından ibarət olduğunu söyləyən B.Sadıqov demişdir ki, bu cild Heydər Əliyevin 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş mətbuat konfransındakı bəyanatı ilə başlayır. Burada, həmçinin Prezident İlham Əliyevin nitqlərindən, çıxışlarından parçalar, Milli Məclisin bəyanatları və bu məsələ ilə bağlı tarixi sənədlər öz əksini tapmışdır.

Kitabın sonuncu bölməsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərindən bəhs edən fotoxronikadan ibarətdir. Burada xalqımızın son iki əsrdə məruz qaldığı soyqırımının faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar toplanmışdır.

Kitabın üz qabığında Quba kütləvi soyqırımı məzarlığının şəkli verilmişdir. Biz bunu azərbaycanlıların soyqırımının simvolu kimi təqdim edirik. Çünki ermənilərin uydurma "soyqırımı"nın simvolu fransız rəssamın 15 kəllədən ibarət rəsm əsəridir. Amma Quba kütləvi məzarlığı tarixi faktdır. Burada azərbaycanlılar vəhşiliklə qətlə yetirilmiş, diri-diri quyularda basdırılmışdır.

Diplomatlar, tədqiqatçılar, jurnalistlər, bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın ingilis və rus dillərinə tərcümə olunaraq dünyada yayılacağına çalışacaqlarını bildirən B.Sadıqov ikicildliyin ərsəyə gəlməsində zəhməti olan bütün insanlara və tədbirin iştirakçılarına təşəkkür etmişdir.

Kitabın nəşrini tarix elmimiz üçün əlamətdar hadisə kimi qiymətləndirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvi Yaqub Mahmudov belə bir mükəmməl əsəri ərsəyə gətirənləri təbrik etmişdir. Alim vurğulamışdır ki, başımıza gələn bəlaların əsas səbəblərindən biri də unutqanlığımız olmuşdur. Əslində, vaxtilə tariximizi bizə zorla unutdurmuşlar. Bizə uzun illər əsl tariximizlə başımıza gətirilən faciələrin səbəbləri və nəticələri ilə məşğul olmağa imkan verməyiblər. Müstəqilliyimizin bərpa edilməsi tariximizin qaranlıq səhifələrinə də işıq tutmağımıza imkan yaratmışdır. Əlbəttə, bu istiqamətdə hazırlanan kitabların xarici dillərə tərcümə olunmasının böyük əhəmiyyəti vardır. Ancaq bu mövzuda əsərlərin birinci növbədə Azərbaycan dilində nəşr edilməsini faydalı hesab edirəm. Çünki bu, bizə imkan verir ki, Azərbaycanın hər bir guşəsində, orta məktəblərimizdən tutmuş hər bir yerdə bu tarixi öyrənək və öyrədək.

Azərbaycanda belə tədqiqatların aparılmasının çox böyük əhəmiyyət daşıdığını söyləyən Y.Mahmudov "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" ikicildliyini tarix elmimizə ən böyük töhfə kimi dəyərləndirmişdir. Bu əsər son dərəcə anlaşıqlı, sadə, mükəmməl, hamının başa düşəcəyi bir dildə yazılmışdır. Bu, əsərin böyük müvəffəqiyyətidir. Güman edirəm ki, maarifçilik baxımından ölkə daxilində soyqırımı faciələrinin öyrənilməsində bu ikicildliyin çox mühüm rolu olacaqdır.

Natiq vurğulamışdır ki, tariximizin tədqiqi və öyrənilməsi baxımından görülmüş bütün müsbət işlərin başında Azərbaycan Prezidenti İlham Əliyev dayanır. Tarix İnstitutuna rəhbərlik etdiyim üçün deyə bilərəm ki, məsələn, İrəvan, Naxçıvan xanlıqlarının tarixinin yazılması, müxtəlif dillərə tərcümə olunması, dünyada yayılması tarixçilərlə yanaşı, həm də Prezidentimizin səyi və dəstəyi ilə reallığa çevrilmişdir. Həmçinin Qarabağın tarixinin yazılaraq altı dildə çap edilməsi də bilavasitə Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə mümkün olmuşdur.

Prezidentimizin qeyd etdiyi kimi, biz artıq ermənilərə informasiya müharibəsində qalib gəlmişik. İndi ermənilər Cənubi Qafqazın ən qədim əhalisi olması fikrindən daşınırlar. İndi onlar etiraf edirlər ki, doğrudur, erməni dövləti İrəvan xanlığının ərazisində yaranmışdır. Bu, informasiya müharibəsində bizim böyük qələbəmizdir.

Kitabın yaradıcı heyətinin çox çətin bir işin öhdəsindən uğurla gəldiyini deyən Y.Mahmudov bildirmişdir ki, ulu öndər Heydər Əliyev bizdən həmişə Azərbaycanın XIX-XX əsrlər tarixini yenidən yazmağı tələb edirdi. Ümummilli liderimiz böyük tarixçi olaraq yaxşı bilirdi ki, XIX-XX əsrlərdə xalqımızın bütün faciələri Azərbaycanın iki yerə bölünməsinin səbəbləri qəsdən gizlədilmişdir. Odur ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra elmi qüvvələri bu istiqamətdə geniş araşdırma işlərinə cəlb etdi. Ümummilli liderin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı bu məsələlərlə əlaqədar tarix elmimizdə yeni bir dönüş yaratdı.

Bu fərmanda çox incə məqamların olduğunu söyləyən Yaqub Mahmudov həmin tarixi sənədin kitaba daxil edilməsini yüksək qiymətləndirərək demişdir ki, ikicildlikdə XIX əsrin əvvəllərindən başlayaraq günümüzə qədər bütün tarixi hadisələr bir yerdə cəmləşdirilmişdir. Yəni oxucu üçün bu materialların hamısının bir əsər halında nəzərdən keçirməsi olduqca məqbuldur. Ermənilərin iki əsr boyu həyata keçirdiyi bütün terror aktlarının hamısı tarixi ardıcıllıqla kitabda verilmişdir. İşğal olunan torpaqlarımızda məhv edilmiş maddi mədəniyyət abidələrimizin hamısı bu əsərdə çox mükəmməl şəkildə əks olunmuşdur. Ona görə də bu, həqiqətən, qiymətlidir. Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin kitaba daxil edilməsi onun əhəmiyyətini daha da artırmışdır.

Kitabın ərsəyə gəlməsində professor Əli Həsənovun əməyini xüsusi qeyd edən Yaqub Mahmudov demişdir ki, bu kitab vətəndaşlıq mövqeyinin göstəricisidir. Hər bir kəs tutduğu vəzifədən, işlədiyi yerdən asılı olmayaraq, bu məsələlərə çox diqqət və həssaslıqla yanaşmalı, mübarizə mövqeyinə keçməlidir. Bu baxımdan da müəlliflər heyətinin hər birinin işi təqdirəlayiqdir.

Kitabın ikinci cildində beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən və işğalçı qoşunların torpaqlarımızdan çıxarılmasını tələb edən sənədləri, BMT-nin qətnamələri, ulu öndər Heydər Əliyevin beynəlxalq təşkilatların tribunalarından çıxışları, bu məsələ ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli və prinsipial fəaliyyəti, nitqləri və onun təşəbbüsü ilə Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi sənədlərlə də tanış olmaq mümkündür. Yəni, tədqiqatçılar üçün bunun böyük əhəmiyyəti vardır. Onlar bu ikicildlikdə rəsmi sənədlərdən geniş istifadə edə bilərlər. Bu, bizim çox böyük uğurumuzdur. Mən tarixçi olaraq bu böyük salona toplaşanları təbrik etmək istəyirəm. Burada bizim dövlət adamlarımız, Milli Məclisin deputatları, çox hörmətli ziyalılarımız əyləşiblər. Bu tədbir bizim üçün yeni bir başlanğıc olmalıdır. Biz mübarizədə daha da fəallaşmalı və bu mübarizəni daha da dərinləşdirməliyik. Artıq dünyanın problemlərini döyüş meydanlarında həll etmək dövrü arxada qalıb. İndi beyin mübarizəsində, informasiya müharibəsində qalib gəlmək məqamıdır. Bu kitab informasiya müharibəsində uğurlarımızı təmin etmək üçün daha bir tutarlı mənbədir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə demişdir ki, biz bu günümüz və sabahımız üçün çox əhəmiyyətli bir kitabın təqdimat mərasimində iştirak edirik. Çünki kitab, ilk növbədə artıq əsrlərdir ki, bizim hər birimizi düşündürən bir suala cavab verir. Nə üçün vaxtaşırı Azərbaycan xalqına qarşı soyqırımları təşkil edilir, nəyə görə Azərbaycan xalqına daim layiq olduğu yeri tutmağa maneçilik törədilir? Kitabdakı yazılar, sənədlər və eyni zamanda, araşdırmalar bu suala çox dəqiq cavab verir.

Azərbaycan xalqı öz tarixi torpağında vaxtaşırı etnik təmizləmələrə və soyqırımlarına məruz qalıbdır. Bu gün biz soyqırımı dedikdə təkcə XX əsr tariximizi araşdırmağımız düzgün deyildir. Əslində, bu soyqırımı əsrlərdir davam edir. XIX əsrdə Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan xalqına qarşı bu soyqırımı daha da güclənmişdir.

Natiq demişdir ki, son dövrlərdə xarici ölkələrin kitabxanalarında və arxivlərində saxlanılan Azərbaycan ilə bağlı materialların ölkəmizə gətirilməsi və onların dərindən araşdırılması XIX əsrdə Azərbaycan xalqı ilə bağlı bir çox məqamların, o cümlədən xalqımızın başına gətirilən soyqırımların dərindən öyrənilməsinə imkan verəcəkdir.

XIX əsr çox təəssüf ki, milli tariximizdə kəşməkəşli, ağrılı və bir-birinin ardınca Azərbaycan xalqına qarşı böyük soyqırımlarının törədildiyi bir tarixdir. Ermənilərin uydurma tarixlərindən fərqli olaraq bu, reallıqdır. Bununla bağlı sənədlər və canlı şahidlər vardır.

Ermənilərin torpaq iddiası, azərbaycanlıları dədə-baba yurdlarından didərgin salmaq siyasətində vacib məqamlardan birinin də ideoloji mübarizə olduğunu söyləyən A.Mirzəzadə vurğulamışdır ki, bu, mənfur qonşularımız üçün saxta tarixi ortaya qoymaq mübarizəsi idi. Bir tarixi faktı deyim ki, hələ 1919-cu ildə dünyada uydurma "erməni soyqırımı"na dair yalan və miflərdən ibarət 900 kitab çap olunmuşdur. Bu kampaniya bu gün də davam edir.

Keçmiş sovetlər dövründə də onların ali siyasi hakimiyyətdə təmsil olunması torpaqlarımızın vaxtaşırı bu və ya digər yollarla Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi də ölkəmizə qarşı soyqırımının güclənməsinə və məlum 1988-ci il hadisələrinin törədilməsinə gətirib çıxarmışdır. Onlarda belə bir təsəvvür yaranmışdı ki, SSRİ daim olacaq, erməni yalanı daim güclənəcəkdir. Ancaq onlar bu niyyətlərinə çata bilmədilər. Azərbaycan xalqının dəyərli oğulları bu təhdidlərə qarşı çox güclü bir sipər yaratmağa nail oldular.

Çox sanballı kitab hazırlandığını deyən A.Mirzəzadə bildirmişdir ki, tarixi sənədlərin bu ikicildlikdə toplanması tədqiqatçılar, siyasətçilər üçün çox dəyərli mənbədir. Kitabdakı materiallar peşəkarlıqla işlənmişdir. İndicə maraqlı bir fikir səsləndi ki, kitabı digər dillərə tərcümə etmək lazımdır. Mən başqa variant təklif edirəm. Təklif edirəm ki, dünyanın nüfuzlu universitetlərində Azərbaycan hökumətinin dəstəyi ilə azərbaycanşünaslıq ixtisası üzrə tədris proqramları yaradılsın. Həmin proqramlar üzrə xarici ölkələr özləri Azərbaycan dili, Azərbaycan tarixi, bugünkü Azərbaycan ilə bağlı mütəxəssislər yetişdirsin. Bir tərəfdən, biz bu qəbildən kitabları xarici dillərə tərcümə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərik. Digər tərəfdən isə, həmin ölkələrdə azərbaycanşünaslar yetişdirməklə vətənimizi dünyaya tanıda bilərik.

Bu gün təqdimatına toplaşdığımız kitabın ideyası kifayət qədər maraqlı və aktualdır.

Xalqımızın 200 illik tarixinə həsr edilmiş "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi"nin məziyyətlərindən söz açan Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli demişdir ki, ümummilli lider Heydər Əliyevin əbədiyaşar xatirəsinə həsr edilmiş bu nəşrin ilk səhifəsində kitabın qayəsi, ideyası öz əksini tapmışdır. Kitabda Heydər Əliyevin belə bir fikri xüsusi vurğulanmışdır: "Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın ifşa edilməsi sahəsində Azərbaycan xalqı çox iş görüb". Lakin dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan Azərbaycan icmasının qarşısında daha ciddi vəzifələr durur. Soyqırımının təşkilatçılarını və ideoloqlarını ifşa etmək Azərbaycan xalqının, onun hər bir vətəndaşının ən vacib vəzifələrindən biridir. Məhz bu vəzifələrin həyata keçirilməsi müstəvisində baxsaq, kitabın böyük əhəmiyyət daşıdığını görərik. Akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi və professor Əli Həsənovun redaktorluğu altında böyük bir kollektivin gördüyü iş öz bəhrəsini vermişdir. Bu gün biz bu bəhrədən danışırıq.

Kitabın məziyyətlərindən birinin 200 illik tariximizin yığcam bir formada təqdim edilməsi olduğunu qeyd edən alim bildirmişdir ki, bu sahədə kifayət qədər tədqiqatlar aparılmışdır. Lakin bunların hamısını tapmaq və istifadə etmək oxucular üçün çox çətin idi. Bu cəhətdən də kitabın yığcam bir forma alması, iki cilddə bütün bunların hamısının toplanması çox ciddi məsələlərdən biridir.

Əsəri xalqımızın başına gətirilən faciələrin salnaməsi adlandıran F.İbrahimli demişdir ki, ikicildlikdə ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, qan qardaşlarımız türklərə də qarşı həyata keçirdiyi soyqırımı siyasəti tarixi faktlarla ifşa olunmuşdur.

Alim bildirmişdir ki, bizim ermənilərə qarşı ideoloji müharibəmiz artıq yeni mərhələyə qədəm qoyub. İlkin mərhələdə biz dünya ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu sübut etmək istəyirdik. Bu ideoloji müharibədə artıq Azərbaycan qalib gəlib. Artıq dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıyır. Ancaq torpaqlarımız hələ ki, işğal altındadır. Ona görə də biz böyük qələbəyə qədər mübarizə aparmalıyıq.

Çıxışının sonunda F.İbrahimli "Azərbaycan" qəzetinin yaradıcı kollektivinin dövlətimizin qarşısında duran vəzifələrin reallaşması istiqamətində ciddi bir addım atdığını vurğulamışdır.

Müzakirəsi keçirilən kitabı bugünkü ictimai, siyasi, fəlsəfi fikrimizin ən vacib təzahürü kimi dəyərləndirən Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev bildirmişdir ki, əsərlə ilk tanışlıq belə qənaətə gəlməyə imkan verir. Kitabın birinci və ikinci hissələri nəzəri və praktiki cəhətdən bir-biri ilə son dərəcədə ciddi şəkildə uyğunlaşdırılmışdır ki, bu da onun dəyərini artıran amildir. Bundan başqa, bu kitabın əsl ideyası ondan ibarətdir ki, akademik Ramiz Mehdiyevin yazdığı kimi, Gorusdakı absurd teatrı faktiki olaraq bu kitabı səhifələdikcə təkcə Gorusun deyil, bütün Ermənistanın bu gün dünyanın gözü qarşısında absurd bir teatra çevrildiyini təsdiq edir. Zənnimcə, bu, kitabın oxucuya çatdırmaq istədiyi çox incə və həssas bir məqamdır.

Soyqırımları törətməyi özünün ideologiyasına çevirən bütün rejimlərin gücsüz olduğunu söyləyən K.Abdullayev demişdir ki, insanı öldürən, əslində, gücsüzdür. Məhv edilən, əbədiyyətə qovuşan insanlarımız, vətəndaşlarımız, kökü kökümüzdən olan əcdadlarımız güclüdürlər. Bunu tarix də sübut edir.

Bu kitabda çox ciddi, peşəkar zəhmət hiss edilir. Amma mənə elə gəlir ki, bu kitab bizim gəncliyimizin kitabı olmalıdır. Universitetlərimizdə bu kitabla Azərbaycan tarixinin müəyyən hissələrini tələbələrimizə dərs kimi keçməliyik. Bu əsər təkcə alimlərimizin deyil, tələbələrimizin də stolüstü kitabı olmalıdır.

Bu gün ideoloji mübarizədə Azərbaycanın səsi daha aydın eşidilməkdədir. Bunun üçün, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevə minnətdar olmalıyıq.

Alim demişdir ki, kitabın ən böyük məziyyətlərindən biri onun üslubudur. Yəni mən dil üslubunu deyil, ahəng, intonasiya üslubunu nəzərdə tuturam. Bu üslub soyuqqanlılıqdır. Bu gün soyuqqanlılıq qalib gəlir. Bu əsərdə emosiyadan çox soyuqqanlı təsvir, soyuqqanlı təzahür özünü göstərir və bu, daha məqbul bir hal kimi qəbul edilməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yeni kitabın çapdan çıxması münasibətilə təbriklərini çatdıraraq demişdir ki, Prezident İlham Əliyev Xocalı soyqırımının 20 illiyi ilə bağlı Azərbaycan xalqına müraciətində cəmiyyətimiz, dövlətimiz, xalqımız qarşısında bir neçə mühüm siyasi vəzifə qoymuşdur. Bu vəzifələrdən də biri ondan ibarətdir ki, Xocalı soyqırımının yaddaşlarda yaşaması yetərli deyildir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, tanıdılması, müvafiq hüquqi qiymət verilməsinə nail olunması təkcə dövlətin deyil, bütün xalqın, Azərbaycanda və xarici ölkələrdə yaşayan azərbaycanlıların işidir. Bu sahədə kim nə bacarırsa, etməlidir.

Bu baxımdan "Azərbaycan" qəzetinin mühüm bir iş gördüyünü vurğulayan şöbə müdiri demişdir ki, Milli Məclisin deputatı, baş redaktor Bəxtiyar Sadıqovun rəhbərliyi ilə bu kollektiv son illərdə bu qəbildən 11-ci kitabını oxuculara təqdim edir. Əlbəttə, "Azərbaycan" qəzetinin əməkdaşları tarixçi deyillər. Onlar tarixçi alimlərin, ictimai xadimlərin, siyasətçilərin "Azərbaycan"ın səhifələrində getmiş yazılarını diqqətlə, qayğıkeşliklə, peşəkarlıqla toplamış, tərtib etmiş və nəticədə sanballı bir əsər yaratmağa nail olmuşlar.

Azərbaycanlıların soyqırımının araşdırılması və tarixiləşdirilməsi ilə bağlı prioritetlərin ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanında aydın şəkildə göstərildiyini bildirən Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırmışdır ki, bu vəzifələrin yerinə yetirilməsində tarixçi alimlərimiz çox iş görüblər. Bu sahədə mətbuatın da üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan "Azərbaycan" qəzetinin fəaliyyəti digər aparıcı mətbu orqanlarımız üçün də örnək olmalıdır.

Professor Əli Həsənov demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin, dövlət başçısı İlham Əliyevin fəaliyyəti haqqında kitablar yazılması ilə bağlı Prezident Administrasiyasına tez-tez müraciətlər olunur. Biz həmin müəlliflərin yazdıqlarını oxuyuruq, təhlil edirik və əksər hallarda həmin kitabların buraxılmasına razılıq vermirik. Çünki belə kitabların fəlsəfi, siyasi, politoloji çəkisi olmur. Təəssüf ki, bəzən bu müəlliflər arasında çox hörmətli adamlarımız da olur. Demək istəyirəm ki, dövlətimizin siyasəti, ümummilli liderimizin, Prezidentimizin fəaliyyəti barədə kitablar bu gün müzakirəsinə toplaşdığımız əsər kimi hazırlanmalıdır.

Bir qədər əvvəl akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu tribunadan çıxış etdi. Bu tanınmış alim təvazökarlıq edərək rəhbəri olduğu institutun Azərbaycan tarixi ilə bağlı həyata keçirdiyi fundamental layihələrdən qısa danışdı. Bu institut son illər çox dəyərli əsərlər ortaya qoymuşdur.

Bu əsərlərdən bir neçəsinin ərsəyə gəlməsində gənc bir iş adamının - Tale Heydərovun xidmətlərini qeyd etmək istəyirəm. Tariximizlə bağlı bir çox qiymətli sənədlər onun dəstəyi ilə dünyanın bir sıra arxivlərindən toplanaraq Azərbaycana gətirilmiş və dərc olunmuşdur. Əsl vətəndaş təəssübkeşliyi belə olmalıdır. Ümummilli liderimizin xatirəsinə ithaf olunan əsərlər bu cür yazılmalıdır. Bəli, məhz belə kitabları yazmaq lazımdır.

Milli yaddaş, bu amilin millətin və cəmiyyətin formalaşmasında rolu məsələsinə toxunan professor Əli Həsənov xatırlatmışdır ki, başımıza gətirilən bir çox faciələrin səbəblərindən biri də unutqanlığımızdır. Faciələrimizdən, tariximizin qara səhifələrindən dünyanın bixəbər qalmasının səbəblərindən biri də qan yaddaşımızla bağlı məsələlərlə vaxtında məşğul olmamağımızdır. Tarixdə dövlətləri, torpaqları, vətənləri olmayan ermənilər tariximizi oğurlayıb özlərinə tarix, torpaqlarımızı ələ keçirib dövlət yaratmış, mədəniyyət incilərimizi özününküləşdirərək saxta dəyərlər formalaşdırmışlar. Biz isə bunlara vaxtında əhəmiyyət verməmiş, müqavimət göstərməmişik.

Artıq müstəqil Azərbaycan dövləti bu istiqamətdə mühüm səylər göstərir. Bu işdə vəzifəsindən, ictimai mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizə kömək etməli, buna hamılıqla dəstək verməlidir. Dünyanın aparıcı beyin mərkəzlərində, informasiya qurumlarında, siyasi dairələrində Azərbaycan həqiqətlərini obyektiv faktlar, tarixi dəlillər əsasında təbliğ etmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcu olmalıdır. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti bu istiqamətdə bütün layihələri dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.

Azərbaycanlıların soyqırımının tanıdılması, erməni faşizminin cinayətkar əməllərinin ifşa edilməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin, Prezident İlham Əliyevin həyata keçirdikləri tədbirlərin, qəbul etdikləri qərarların tarixi əhəmiyyətindən danışan Əli Həsənov bildirmişdir ki, bu müstəvidə görülən işlər artıq bəhrəsini verməkdədir. Dünya birliyi, beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu, ermənilərin deyil, xalqımızın təcavüzə, soyqırımına məruz qaldığını etiraf edir. Artıq bir sıra dost ölkələrin parlamentləri, beynəlxalq qurumlar Xocalı faciəsini soyqırımı kimi tanıyırlar. Strateji tərəfdaşlarımız olan ölkələr Azərbaycanın sülhsevər dövlət olduğunu deyir, bölgənin inkişafına layiqli töhfələr verdiyini söyləyirlər. Bu, Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir.

Azərbaycanın bölgədə və dünyada nüfuzunun artdığını, təcavüzkar Ermənistanın isə hər bir sahədə iflasa uğradığını qeyd edən Əli Həsənov demişdir ki, mənfur qonşularımız çirkin əməllərindən nə qədər tez əl çəksələr, bu, onların özlərinin xeyrinədir. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin qurulmasına heç zaman imkan verməyəcəkdir. Biz bütün qonşularla sülh şəraitində yaşamaq istəyirik. Azərbaycanın haqq işi qalib gələcəkdir.

Çıxışının sonunda bir daha "Azərbaycan" qəzeti redaksiyası kollektivinin hazırladığı növbəti kitabın əhəmiyyətindən danışan professor Əli Həsənov bu əsərin ərsəyə gəlməsində layihənin ideya müəllifi akademik Ramiz Mehdiyevin xidmətlərini xüsusi vurğulamışdır. Şöbə müdiri demişdir ki, müasir, müstəqil Azərbaycanda ictimai fikrin formalaşmasında, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin, Prezident İlham Əliyevin genişmiqyaslı quruculuq fəaliyyətinin, demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesinin elmi-fəlsəfi istiqamətlərinin təhlili və təbliği sahəsində akademik Ramiz Mehdiyevin böyük xidmətləri vardır. Məhz onun təşəbbüsü və tövsiyəsi ilə bir sıra mühüm məsələlər ictimai fikrin müzakirəsinə çıxarılır və qiymətli nəticələr əldə edilir.

Əminəm ki, bu gün bu mərasimdə səslənən dəyərli fikirlər, irəli sürülən təşəbbüslər, qaldırılan məsələlər reallığa çevriləcək və biz yenə də belə faydalı tədbirlərin iştirakçıları olacağıq.

* * *

AzərTAc-ın materiallarından da istifadə edilərək hazırlanmış "Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi" kitabının təqdimatına həsr olunmuş tədbirə yekun vuran Aslan Aslanov demişdir: "Hörmətli mərasim iştirakçıları, hesab edirəm ki, çıxış edənlər kitaba, həqiqətən, layiq olduğu qiyməti verdilər, erməni faşizminin xalqımıza qarşı apardığı soyqırımı siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət barədə dəyərli fikirlər söylədilər. İcazə verin, öz adımdan və sizin adınızdan belə bir uğurlu layihənin həyata keçirilməsində böyük zəhməti olan insanların hər birini təbrik edim, onlara yeni yaradıcılıq uğurları arzulayım".

 

AzərTAc

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !