Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu keçirilir -

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumu keçirilir

Martın 2-də Bakıda, “Gülüstan” sarayında “İslam Əməkdaşlıq Təşkilatı ölkələrində dəyişikliklər və transformasiya” mövzusunda bu quruma üzv ölkələrin beyin mərkəzlərinin III Forumu işə başlamışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində keçirilən Forumda 70-dək ölkədən 100-dən çox nümayəndə - dövlət və hökumət rəsmiləri, islam ölkələrində ictimai rəyin formalaşmasında mühüm rol oynayan beyin mərkəzlərinin rəhbərləri, alimlər, beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin təmsilçiləri, daxili və xarici siyasət, innovasiya texnologiyaları üzrə tanınmış yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Bakı Forumunun əsas məqsədlərindən biri islam ölkələrində daxili və xarici siyasət sahəsində mühüm dəyişikliklərin və transformasiyanın tətbiqi üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini təklif etməkdir. XXI əsrin çağırışları – müasir dünyada baş verən qlobal dəyişikliklər, ümumbəşəri problemlərin həllində, insanlığa qarşı təhdidlərin aradan qaldırılmasında kollektiv səyləri birləşdirmək, səmərəli fikir mübadiləsi aparmaq, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq və inteqrasiya prosesində fəal təşəbbüslərlə iştirak etmək zərurəti İƏT-ə üzv ölkələrdə də elmi-intellektual potensialın təşkilatlanmasını, innovasiyalı cəmiyyət quruculuğunun vacibliyini gündəmə gətirmişdir. Bu da öz növbəsində qabaqcıl ideyaların daşıyıcıları olan beyin mərkəzlərinin üzərinə məsul vəzifələr qoyur.
Tədbir ərəfəsində - martın 1-də “Hilton Baku” otelində islam ölkələrinin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin və mütəxəssislərin iştirakı ilə “Müdriklər qrupu”nun toplantısı keçirilmişdir. Toplantıda Bakı Forumunun gündəliyi, sessiyalarda müzakirə olunacaq mövzular və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun rəsmi açılışı müqəddəs “Qurani-Kərim”in oxunması ilə başlamışdır.
Açılış plenar iclasının moderatoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov III Forumun müsəlman dünyasında uğurlu siyasi və iqtisadi transformasiya fonunda keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Forumun keçirildiyi iki gün ərzində ölkələrimizin gələcəyi ilə bağlı maraqlı məsələlərə dair çox faydalı sessiyalar keçiriləcəkdir. Sessiyalarda biz çox geniş mövzuları əhatə edən məsələləri regiondan hansı dəyişikliklərin baş verdiyini və inkişaf mərhələlərində əldə olunan nailiyyətləri müzakirə edəcəyik. İnanıram ki, bu müzakirələrin nəticələri çox uğurlu olacaqdır.
Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxumuş və çıxış etmişdir.

Akademik Ramiz Mehdiyevin
çıxışı

 

- Hörmətli Forum iştirakçıları!
İlk növbədə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun bütün iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adından salamlayıram.
Azərbaycan son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın regionda və dünyada getdikcə artan əhəmiyyəti və rolundan, qarşılıqlı əməkdaşlıq və inteqrasiyaya açıq olmasından irəli gəlir.
Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirmişdir. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkişaf yollarının axtarışını tələb edir.
Tarix boyu müsəlman dövlətləri və əhalisinin əksər çoxluğunu müsəlmanlar təşkil edən ölkələr, o cümlədən Azərbaycan, qədim və zəngin mədəniyyəti, elmi ilə dünya irsinə əvəzsiz töhfə vermişdir. İslam dünyasının bir parçası olan Azərbaycan, eyni zamanda, dünyəvi, ümumbəşəri dəyərlərə də çox bağlı olmuşdur.
Müsəlman Şərqində ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranmışdır. İlk teatr tamaşası və opera da burada səhnəyə qoyulmuşdur. Qadınların səs vermək hüququ da ilk dəfə məhz Azərbaycanda təmin edilmişdir. Bununla yanaşı, sovet dövründə xalqımız mənəvi dəyərlərini qoruyub saxlaya bilmişdir. Dünyəvi dövlətçiliyin ənənələri, xüsusilə də dünyəvi elmlər əhəmiyyətli dərəcədə inkişaf etmişdir.
Elmə və biliyə dövlətin həssas diqqəti müstəqilliyin əldə edilməsi ilə yeni keyfiyyət mərhələsinə keçmiş, bu gün də cəmiyyətimizin inkişafında müstəsna əhəmiyyətə malikdir.
Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit ölkədir. Reallaşdırılan milli layihələr həm Azərbaycanın, həm də region dövlətlərinin sosial və iqtisadi baxımdan güclənməsinə səbəb olur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihələri Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Avropa ilə Asiya arasında bir nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaradır.
BMT-nin İnsan İnkişafı Hesabatında əhatə olunan 169 ölkə arasında Azərbaycan son 5 ildə ən sürətli irəliləyişə nail olub. 2005-ci ildə tutduğu 101-ci mövqedən 34 pillə irəliləyərək hazırda “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Biz, ən yaxın zamanlarda Azərbaycanın daha da irəliləyərək “ən yüksək insan inkişafı” ilə səciyyələnən ölkələr sırasına daxil olmasını qarşıya məqsəd qoymuşuq.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdə, dünya miqyasında isə 51-ci yerdədir. Son illərdə ümumi daxili məhsul 3 dəfə, büdcə xərcləri 12 dəfə artmış, yoxsulluq 4 dəfə azalmışdır. 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. 1990-cı illərin əvvəlində 500 milyon dollar olan dövlət büdcəmiz 2012-ci ildə təqribən 22 milyard dolları keçmiş, icmal büdcə isə 25 milyard dollar səviyyəsindədir. Dünyanı bürüyən maliyyə-iqtisadi böhrana baxmayaraq, son illər Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artmışdır. Qlobal iqtisadi böhran şəraitində bu, qeyri-adi hadisədir.
Eyni zamanda, dövlət başçısı İlham Əliyev perspektivlərə hesablanmış siyasət aparır. Qarşıdakı 10 il ərzində ümumi daxili məhsulun ən azı iki dəfə artması nəzərdə tutulmuşdur. Əsas məqam odur ki, bu artımın iqtisadiyyatın modernləşməsi, qeyri-neft sektorunun, elm və innovasiyaların inkişafı hesabına təmin edilməsi başlıca məqsəd kimi irəli sürülmüşdür. Bu, o deməkdir ki, reallıqda Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi formalaşmaqdadır və yalnız neft sektorundan asılı deyildir.
Azərbaycanda elmə və təhsilə, bütövlükdə humanitar sahəyə çox böyük diqqət göstərilir, konkret Dövlət proqramları icra edilir. Dövlət başçısının irəli sürdüyü “qara qızılı” insan kapitalına çevirmək tezisi artıq bu gün reallaşmaqdadır. Ölkədə kreativ təbəqənin formalaşması üçün əməli iş görülür. Hazırda minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır. Azərbaycan iqtisadiyyatının inkişafında intellektual resurslar və texnologiyalar vəhdət təşkil edir. İnformasiya-kommunikasiya texnologiyaları inkişafımızın prioritet istiqamətidir və hazırda ölkə əhalisinin 60 faizindən çoxu birbaşa internet istifadəçisidir.
Xalqımız coğrafi və geosiyasi baxımdan ən müxtəlif mədəniyyətlər arasında dialoq missiyasını daşıyır. Mədəniyyət və ünsiyyət tariximiz dialoq və anlaşmanın çoxsaylı nümunələrini miras qoymuşdur. Azərbaycan polietnik, çoxkonfessiyalı dövlətdir və dünyada tolerantlığın ünvanı kimi tanınır. Milli sərvət hesab edilən tolerantlıq və dostluq düşüncəsini azərbaycanlıların neçə-neçə nəsilləri formalaşdırmışdır. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, dövlətimizin gücü onun dini və milli müxtəlifliyindədir. Bu gün Azərbaycan Şərqin və Qərbin dialoqu üçün hazırda kəskin ehtiyac duyulan dialoq tribunasına çevrilmişdir.
Hörmətli xanımlar və cənablar,
Azərbaycan hazırda regionda dinamik inkişafın lideri imicini qoruyaraq, qabaqcıl ölkələr səviyyəsinə çatmağı hədəfə almışdır. Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə, Prezident İlham Əliyev yaxın dövr üçün ölkəmizdə elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğunu strateji hədəf kimi irəli sürmüşdür. Ölkəmizin elmi ictimaiyyəti BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan-2020. Gələcəyə baxış” inkişaf konsepsiyasının müəyyən edilməsi istiqamətində fəaliyyət həyata keçirir.
2012-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılan bu inkişaf konsepsiyası bütün sahələrdə keyfiyyətli transformasiyaların təmin edilməsi məqsədini daşıyır. Burada dünya ölkələri ilə elmi əməkdaşlıq münasibətlərinin qurulması, qabaqcıl təcrübənin tətbiqi məsələlərinə xüsusi önəm verilir.
Bu gün dünya birliyinin qarşısında duran çağırışlar siyasi elitanın və qərar qəbulunda öz tövsiyələrini verən beyin mərkəzlərinin daha səmərəli əməkdaşlığını tələb edir.
Bu, dövlətlərə daxili və xarici təhdidlərə çevik cavab verməyə, önləyici tədbirlər görməyə, strateji təşəbbüsü ələ keçirməyə imkan verir.
Bu gün burada təmsil olunan bütün ekspertlərin tərkibi, nüfuzu və sayına görə Forumu yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin deyil, ümumilikdə qlobal məkanda həmkarların mövcud çağırışlara ortaq cavablar axtarışı, açıq beynəlxalq dialoq adlandırmaq olar.
Əminəm ki, dünyanın çoxsaylı ölkələrini təmsil edən forum iştirakçılarının potensialı və dəyərli təcrübəsi dövrümüzün üzləşdiyi çağırışlara dair səmərəli fikir mübadiləsinin aparılmasına, əməkdaşlığın intensivləşməsinə imkan yaradacaq, öz real bəhrəsini verəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycanın xarici işlər naziri Elmar MƏMMƏDYAROV Bakıda İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun ölkəmizin tarixi üçün əlamətdar bir günə təsadüf etdiyini bildirmişdir. Qeyd etmişdir ki, 20 il əvvəl Azərbaycan məhz bu gün - martın 2-də – BMT-yə üzv olmuşdur.
Nazir ötən il müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizin dünya birliyində oynadığı fəal roldan danışmışdır. Bildirilmişdir ki, hazırda qlobal və regional çağırışlara cavab vermək Azərbaycanın xarici siyasətinin qarşısında duran ən əhəmiyyətli məsələlərdən biridir.
E.Məmmədyarov Azərbaycanın təkcə enerji resursları ilə deyil, həm də nəqliyyat imkanlarına görə böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat vermişdir.
Ötən ilin sonunda Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini xarici siyasətimizin mühüm uğuru kimi qiymətləndirən nazir respublikamızın bu mötəbər qurumda təmsil olunacağı iki il ərzində beynəlxalq sülh və təhlükəsizliyə daha böyük töhfə verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildiyini, davamlı inkişafı təbliğ etdiyini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti, rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyi barədə Forum iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymamasına beynəlxalq ictimaiyyətin göz yumması münaqişənin həllinə ikili standartlardan yanaşıldığını nümayiş etdirir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsəlman ölkələrinin nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirmişdir.

X X X

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman ŞENSOY “Bir millət, iki dövlət” deyiminin perspektivi baxımından bu tədbirin islam dünyası ilə çoxtərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Son aylarda Türkiyə-Fransa münasibətlərində yaşanan gərginlik zamanı Azərbaycanın Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnun olduqlarını deyən Süleyman Şensoy oxşar addımın İƏT-ə üzv ölkələrdən də atılmasını gözlədiklərini diqqətə çatdırmışdır.
Natiq 2010-cu və 2011-ci illərdə İstanbulda keçirilən birinci və ikinci forumlar nəticəsində islam ölkələri arasında ortaq platformanın və vebportalın yaradılması ideyasının artıq gerçəkləşdiyini bildirmişdir. S.Şensoy islam ölkələrində yaşanan dəyişikliklər və transformasiya prosesinin öyrənilməsi baxımından İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin rolunu yüksək qiymətləndirmişdir. Qeyd edilmişdir ki, bu baxımdan beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti və təcrübə mübadiləsi şəraitində fəaliyyət göstərmələri çox əhəmiyyətlidir. Bu da belə tədbirlərin keçirilməsinin zəruriliyini şərtləndirir, - deyən S.Şensoy növbəti Forumun Qahirədə keçiriləcəyini diqqətə çatdırmışdır.


X X X

Forumda iştirak etməkdən şərəf duyduğunu deyən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin xüsusi nümayəndəsi Ömür ORHUN ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.
2010-cu ilin yanvarında İstanbulda keçirilmiş I Forumun İƏT-ə üzv dövlətlərin beyin mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin yaranmasında və gücləndirilməsində mühüm bir başlanğıc olduğunu qeyd edən Ö.Orhun müsəlman ölkələri üçün onların maraqlarının təşviqi baxımından da çox vacib rol oynadığını diqqətə çatdırmışdır.
Müsəlman ölkələrinin müxtəlif qlobal maraqlarını əks etdirən dəstəyə ehtiyacı olduqlarını vurğulayan Ö.Orhun demişdir ki, bu baxımdan İƏT özünü çox fəal və konstruktiv, xüsusilə beynəlxalq arenada insan hüquqlarının təşviqi ilə bağlı uğurlu fəaliyyətini davam etdirir.
Artıq İƏT-in səsinin bütün dünyada çox aydın eşidildiyini deyən təşkilatın baş katibinin xüsusi nümayəndəsi islamafobiyaya qarşı mübarizənin, islam dünyası ilə Qərb arasında münasibətlərin normalaşmasının qurumun fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd etmişdir.
İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunun müsəlman dünyasında mürəkkəb proseslərin yaşandığı bir dövrdə keçirildiyini qeyd edən Ö.Orhun bu hadisələrə diqqət yetirilməsinin vacibliyini bildirmişdir. Vurğulanmışdır ki, bu proseslərin öyrənilməsində beyin mərkəzlərinin rolu getdikcə artır.

X X X

İslam İnkişaf Bankının qrup strateji planlaşdırma departamentinin direktoru Məhəmməd RAFE BİN YUSİF müsəlman ölkələrindəki qabaqcıl ideyaların yayılmasında və mənimsənilməsində beyin mərkəzlərinin, o cümlədən belə forumların əhəmiyyətini yüksək qiymətləndirmişdir. Biz çalışırıq ki, qabaqcıl ideyaları məhz bu Forum vasitəsilə bölüşmək imkanı əldə edək və bu transformasiya prosesini çətinliklər olmadan keçə bilək.
Forumun islam ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı lazımi şəbəkənin qurulması baxımından müstəsna imkan olduğunu qeyd edən Məhəmməd Rafe bin Yusif demişdir ki, məhz bu tədbir yeni beyin mərkəzlərinin yaranmasına müsbət təsirini göstərəcəkdir.
İslam ölkələrində dəyişikliklər və transformasiya dövründə insan kapitalının əhəmiyyətini vurğulayan natiq Azərbaycanın bu istiqamətdə mühüm işlər gördüyünü diqqətə çatdırmışdır. İnsan kapitalı ilə bağlı Azərbaycan hökumətinin uğurlu siyasət yürütdüyünü vurğulayan Məhəmməd Rafe bin Yusif “Azərbaycan-2020: İnkişaf Strategiyası”nın hazırlanıb həyata keçirilməsinin ölkəmizə mühüm nailiyyətlər qazandıracağını diqqətə çatdırmışdır.


X X X

Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Ərəb Dövlətləri Liqasının Avropa departamentinin rəhbəri xanım Omniya TAHA “Ərəb baharı”nın islam ölkələrində dəyişiklik və transformasiya dövrünün mühüm mərhələsi olduğunu diqqətə çatdırmışdır. Müsəlman ölkələrində baş vermiş dəyişikliklər bütün dünyanın diqqətini bu regiona yönəltmişdir. “Ərəb baharı”nın müsəlman ölkələrində meydana gətirdiyi yeni çağırışların müəyyən edilməsində beyin mərkəzlərinin və belə forumların əhəmiyyəti çox böyükdür. Bu forumlar bir-birimizi daha yaxşı tanımaq və təcrübə mübadiləsi aparmaq baxımından çox vacibdir.
Xanım Omniya Taha qeyd etmişdir ki, müsəlman ölkələrində ictimai-siyasi sabitliyin qorunub saxlanılması, zorakılıqla müşayiət olunan inqilabların baş verməməsi üçün regional əməkdaşlığın inkişaf etdirilməsi, islam ölkələri arasında həmrəyliyin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

X X X

Bəhreyn Strateji, Beynəlxalq və Enerji Araşdırmaları Mərkəzinin sədri, Bəhreyn Kralının diplomatik məsələlər üzrə müşaviri Məhəmməd ƏBDÜL QAFFAR Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə bu forumun keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlıq etmişdir. Bildirilmişdir ki, indi dünyanın sabitliyi regionlarda olan təhlükəsizlikdən asılıdır.
Bəzi Qərb ölkələri islam dünyasına qarşı dağıdıcı mövqe nümayiş etdirir və güc tətbiqindən çəkinmirlər, - deyən natiq bildirmişdir ki, bu problemi aradan qaldırmaq üçün bütün müsəlman cəmiyyətləri düzgün seçim etməli, ekstremist qüvvələrin qarşısına çıxmalı, gənclərlə maarifləndirmə işi aparmalı, islam ölkələri ilə əlaqəli şəkildə bu cür hallara qarşı birgə mübarizə yolunu tapmalıdır. Bu da islam ölkələrində güclü təsisatlaşmış demokratik institutların yaradılmasını və cəmiyyətlə dövlət arasında möhkəm bağların qurulmasını zəruri edir.
Məhəmməd Əbdül Qaffar qeyd etmişdir ki, müsəlman ölkələrində mövcud vəziyyət beyin mərkəzlərindən bu problemlərin dərindən araşdırılmasını, düzgün qərarların qəbulunda yardımçı olmağı tələb edir.
Bildirilmişdir ki, beyin mərkəzləri cəmiyyətdə ictimai fikrin formalaşmasına xarici təsirlərin azaldılmasında mühüm rol oynaya bilərlər.
Müsəlmanların dünya əhalisinin 22 faizini təşkil etdiyini, dünyanın ən zəngin təbii sərvətlərinin islam ölkələrində olmasına baxmayaraq, bu ölkələrin əhalisinin kasıb yaşadığını vurğulayan natiq qeyd etmişdir ki, bunun əsas səbəbi uğurlu inkişaf strategiyasının olmamasıdır. Müsəlman ölkələrində uğurlu inkişaf strategiyasının formalaşmasında beyin mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür.

X X X

İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad ADAİLEH Kral II Abdullahın Forum iştirakçılarına salamlarını və təbriklərini çatdırmış, bu tədbirin ciddi və konstruktiv dialoq baxımından əhəmiyyətini qeyd etmişdir.

X X X

Malayziyanın Beynəlxalq İslam Universitetinin rektoru Zaleha KAMARUDDİN isə gənc nəslə yaxşı təhsil verməklə müsəlman cəmiyyətlərində inkişafa nail olmağın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, bunun üçün beyin mərkəzlərinin cəmiyyətdə rolu artırılmalıdır.

X X X

Küveyt Strateji Araşdırmalar Mərkəzinin rəhbəri SAMİ ƏL-FƏRƏC İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumunun əhəmiyyətindən danışaraq bildirmişdir ki, tədbirin məqsədi islam dünyasında inkişaf məqsədlərinə xidmət etməkdir. Odur ki, mövcud böhranları həll etmək üçün bu Forum alternativ vasitə hesab oluna bilər.


X X X

İslam Araşdırmaları üzrə Oksford Mərkəzinin rəhbəri Fərhan ƏHMƏD NIZAMİ prosesin daha keyfiyyətli alınması üçün digər alternativ vasitə kimi transmilli əməkdaşlığın əhəmiyyətini vurğulamış, bu məsələdə beyin mərkəzlərinin əhəmiyyətini qeyd etmişdir.

X X X

Rəsmi açılış bitəndən sonra iştirakçılar xatirə şəkli çəkdirilmişlər.

X X X

Sonra İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin III Forumu öz işini “Hilton Baku” otelində sessiyalarla davam etdirmişdir.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İSGƏNDƏROVUN moderatorluğu ilə “Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası” mövzusunda keçirilən sessiyada İƏT-ə üzv ölkələrdə cərəyan edən sosial-iqtisadi və siyasi transformasiyanın bütün aspektlərinə toxunulmuşdur. Sessiyada müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələri İƏT-ə üzv ölkələrdəki dəyişikliklər və islahatlar, Azərbaycanın sosial-iqtisadi transformasiyasında irihəcmli biznesin rolu, transformasiya prosesi, milli və regional təhlükəsizlik üçün yeni çağırışlar, respublikamızda regional inkişafın Dövlət proqramları ilə idarə edilməsi təcrübəsi, “Ərəb baharı”nın regionda yaratdığı siyasi dəyişikliklər, bundan sonrakı siyasi sabitlik və digər məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
Sessiyada, həmçinin Azərbaycanda aparılan sosial islahatlardan, xüsusilə də gənclərlə bağlı proqramların əhəmiyyətindən danışılmışdır. Vurğulanmışdır ki, Azərbaycanda aparılan islahatların təhlili digər ölkələrin həm müasirləşməsi, həm də təkamül yolu ilə inkişafı üçün mühüm töhfə ola bilər. Hər bir halda təkamül yolu ilə məqsədə nail olmaq inqilabi proseslərdən, xüsusilə də qanlı inqilablardan daha üstündür.
Ankara Universiteti Avropa Araşdırmalar Mərkəzinin direktoru Çağrı ERHANIN moderatorluğu ilə “Milli və beynəlxalq siyasətin inkişafına baxış” mövzusunda keçirilən II sessiyada müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələri gender siyasəti, qloballaşmanın müasir tendensiyaları, sülhyaratma yolları və sair mövzularda məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bildirilmişdir ki, müasir dünyada sülhə nail olmağın əsas yollarından biri konstruktiv dialoqdur. Əsasən müsəlman ölkələrinin sülhlə bağlı problemlərlə üzləşdiyinin vurğulandığı sessiyada bunun dini, mədəni, etnik müxtəlifliklə bağlı olduğu bildirilmişdir. Sessiyada, həmçinin Azərbaycanda milli inkişafda gender aspektləri önə çəkilmiş, respublikada bu sahədə əldə olunan nəticələrdən və aktual məsələlərdən danışılmışdır.
Qloballaşma dövründə sərbəst miqrasiya, kapitalın maneəsiz dövriyyəsi kimi meyillərin gücləndiyinin bildirildiyi çıxışlarda qeyd edilmişdir ki, bu fonda millilik amilinin saxlanılması zəruridir. Bundan əlavə, müxtəlif ölkələrdən olan məruzəçilər Azərbaycanın regionda getdikcə daha da gücləndiyini qeyd etmiş, ölkədə strateji qərarların dövlətçilik prinsipləri nəzərə alınmaqla verildiyini önə çəkmişlər.
Sessiya iştirakçıları, eyni zamanda, beynəlxalq əlaqələr sistemində terrorizmin rolundan da bəhs etmiş, İraq, Bruney, İordaniya, Mərakeş kimi müsəlman ölkələrində demokratiya, din, dövlət, iqtisadiyyatla bağlı məruzələri dinləmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan ƏLƏKBƏROVUN moderatorluğu ilə keçirilmiş III sessiyada “İdarəetmədə və dövlət idarəçiliyində innovasiyalar” mövzusunda müzakirələr aparılmışdır.
Oman Diplomatiya İnstitutunun rektoru Əhməd bin Səlim Ba ÖMƏR tədbirin əhəmiyyətini xüsusi vurğulamış və bu Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. Əhməd bin Səlim Ba Ömər “İslam dünyasındakı diplomatik institutlarda innovativ idarəetmənin rolu - çağırışlar və fəaliyyət arasında” məruzəsində iştirakçılara geniş məlumat vermişdir.
Sessiya müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələrinin “Davamlı inkişafdan ekoloji sivilizasiyaya doğru: İnnovativ planlaşdırma və idarəetmə”, “Azərbaycan hüquq sistemində müasir innovasiyaların tətbiqi”, “Azərbaycanın sosial-iqtisadi transformasiyası”, “Dövlət idarəçiliyində innovasiya: Səmərəli idarəetmə üçün açar”, “İdarəetmədə inkişaf və innovasiyalar: Kreativ şəxsiyyət modernləşmənin əsas amili kimi”, “Azərbaycanda regional inkişafın dövlət proqramları ilə idarə edilməsi təcrübəsi: innnovasiyalılıq, varislik və çeviklik”, “Dövlət qulluğunda informasiya və kommunikasiya texnologiyaları” və s. mövzusunda çıxışları ilə davam etmişdir.

X X X

Martın 3-də Forum öz işini plenar iclas və “İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası”, “Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı” mövzularında sessiyalarla davam etdirəcəkdir.
Forumun yekununda anlaşma memorandumları imzalanacaq, Bakı Bəyannaməsi qəbul olunacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !