Gələcək təbiblərin rəsmlərindən ibarət sərgi açılmışdır -

Gələcək təbiblərin rəsmlərindən ibarət sərgi açılmışdır

AzərTAc vəbər verir ki, ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə vətənpərvər, istedadlı gənc nəslin yetişməsi sahəsində böyük xidmətlərindən danışmışdır.
Rektor qeyd etmişdir ki, bəşəriyyətin ən mühüm nailiyyətlərindən sayılan incəsənət hər bir xalqın estetik sərvətidir. Bu sərvəti yaradanlar, onu layiqincə qiymətləndirənlər, həyat və məişətin, təlim-tərbiyə prosesinin hər anında ondan bacarıqla istifadə edənlər şəxsiyyət səviyyəsinə yüksələ bilir, cəmiyyətdə fəal mövqe tuturlar. Bu baxımdan universitetin tarixində ilk dəfə keçirilən yaradıcılıq sərgisinin tələbələrin istedadının üzə çıxarılmasında böyük əhəmiyyəti vardır.
Tibb və incəsənət arasında bağlılıqdan bəhs edən rektor bildirmişdir ki, tibb işçiləri həmişə incəsənətin müxtəlif sahələrinə meylli olmuşlar. İncəsənətə marağı olmayan cərrah öz peşəsində uğur qazana bilməz. Çünki cərrahlıq və ümumilikdə həkimlik sənətinin özü də bir incəsənətdir.
Ə.Əmiraslanov tələbələrin yaradıcılığını yüksək qiymətləndirmiş, onlara uğurlar arzulamış, sərginin təşkilatçılarına təşəkkür etmişdir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Rəssamlar İttifaqının üzvü Asif Azərelli gənc təbiblərin işlərinin məziyyətindən danışmış, hər bir əsərdə istedadın işartılarının sezildiyini söyləmişdir.
Universitet həmkarlar ittifaqı komitəsinin sədri, dosent Cahangir Qasımov bildirmişdir ki, 15 gələcək təbibin 150-dək işinin nümayiş olunduğu sərgi iki gün davam edəcəkdir. Sərginin yekununda üç qalib müəyyənləşdirilərək mükafatlandırılacaqdır.
Gənc istedadlar universitetdə hər bir tələbənin elmi və yaradıcılıq potensialının üzə çıxarılması üçün yaradılan şəraitə və sərginin təşkilinə görə təhsil ocağının rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.
Xüsusi Foto-müxbir Ceyhun Elçinoğlu

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !