karate üzrə 39-cu Avropa çempionatının foto-gündəliyi(1-ci Foto-reportaj) -

karate üzrə 39-cu Avropa çempionatının foto-gündəliyi(1-ci Foto-reportaj)

 

Bakıda karate üzrə 39-cu Avropa çempionatının açılış mərasimi keçirilmişdir
 

Fevralın 10-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatının açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, yarışda Türkiyə, Belçika, Danimarka, Böyük Britaniya, Gürcüstan, Fransa və digər ölkələri təmsil edən 40 ölkədən 700-dən çox idmançı mübarizə aparacaqdır. Çempionatda ölkəmizi 26 idmançı təmsil edəcəkdir.
Turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səslənmiş, iştirakçı komandaların paradı olmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın sürətli inkişaf dövrü yaşadığını və bunun Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində mümkün olduğunu bildirmişdir. Nazir demişdir ki, bu gün Azərbaycanda bütün idman növləri inkişaf etdirilir. Sevindirici haldır ki, bu sırada karate də öncül yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi ölkəmiz bir daha belə mötəbər turnirə ev sahibliyi edir. Çıxışının sonunda A.Rəhimov yarış iştirakçılarına uğurlar arzulamış və qələbə sevinci yaşamağı diləmişdir.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirmişdir ki, ölkəmizdə mötəbər yarışların keçirilməsi və idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları Azərbaycanın bir idman ölkəsinə çevrilməsindən xəbər verir. Federasiyanın rəhbəri demişdir ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Avropa Karate Federasiyasının baş katibi Corc Yerolimpos Azərbaycan karateçilərinin beynəlxalq arenada qazandıqları uğurlardan danışmış, ölkəmizin mötəbər beynəxalq yarışlara ev sahibliyindən məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, üç gün davam edəcək çempionat yüksək səviyyədə təşkil olunacaqdır. Bu da karatenin WKF versiyasının Olimpiya Oyunlarının proqramına salınması üçün bir təkan olacaqdır. Hazırda məhz bu istiqamətdə işlər görüldüyünü söyləyən C.Yerolimpos 2013-cü ildə məqsədə nail olacağına ümidini bildirmişdir.
Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !