BDU-nun magistrantları yeni tədris ilinin təşkilindən danışır -

BDU-nun magistrantları yeni tədris ilinin təşkilindən danışır

“BDU öz adına və tarixinə layiq, tələbələrinin ondan gözlədiyi təhsili verir”

“Dərslərimiz ənənəvi tədris planına uyğun keçirilir”

Yeni tədris ilinin ikinci həftəsi artıq başa çatıb. Bakı Dövlət Universitetində (BDU) istər bakalavr, istərsə də magistratura pilləsində təhsil alan tələbələr onlayn dərslərdə fəal iştirak edirlər. Tədris prosesinin uğurlu təşkil edilməsi üçün Universitet rəhbərliyi və müvafiq struktur şöbələr tərəfindən tədbirlər görülüb, lazımi təlimlər keçirilib. Tələbə və müəllimlərin informasiya və kommunikasiya texnologiyalarından istifadəsi barədə yazılı və video formatda təlimatlar hazırlanıb, Universitetin veb səhifəsində, sosial şəbəkələrdə və Youtube kanalında yerləşdirib. “Microsoft Teams” platforması üzərindən keçirilən dərslərin təkrar baxılması üçün qeydiyyatı aparılır və tətbiqin imkanlarından maksimum istifadə edilir. Təqvim planı və sillabusların sistemə yerləşdirilməsi və qiymətləndirmə prosesi də onlayn qaydada həyata keçirilir.

Qısa müddətdə böyük marağa səbəb olan  məsafədən dərslər barədə tələbələrimizdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən məmnunluq ifadə edən çoxsaylı raeksiyalar almışıq. Yeni tədris ili və yeni təhsil forması barədə BDU-nun magistratura pilləsində təhsil alan magistrantlarla söhbət etdik. Onların yeniliklərlə bağlı fikir və mülahizələrini təqdim edirik:

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı Zeynəb İskəndərli: “Bakı Dövlət Universiteti elmin və təhsilin vahid müstəvidə fəaliyyətini və inkişafını həmişə təmin edən bir məkandır. Pandemiya dövrü universitetin bu fəaliyyət sisteminə əngəllər yaratsa da, distant tədris formatının tədbirlər planı hazırlanmaqla BDU-nun zamanın yaratdığı bu sınaqdan da üzüağ çıxacağına inanıram. Yeni tədris ilinin onlayn başlaması belə bütün tələbələr kimi məni də sevindirir. Bizim dərslər həftədə 3 dəfə ənənəvi dərs cədvəlinə və proqramına uyğun olaraq keçirilir. “Virtual auditoriya”da təşkil olunan interaktiv dərs zamanı real rejimdə görüntülü, çoxtərəfli, yazılı və şifahi müzakirələrin aparılması mümkün olur. Hər iki metod üzrə həm kompüter, həm də mobil tətbiqlərin mövcudluğu onları bizim üçün əlçatan edir. Artıq təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Onlayn dərslər zamanı fənnin öyrədilməsi və öyrənilməsinin izlənilməsi də vacib şərtlərdən hesab edilir. Məsələ yalnız tələbələrin ondan düzgün və səmərəli istifadə etməsidir. Onlayn tədris təhsilin davamlılığını təmin edən ən optimal vasitədir.”

 

 

Jurnalistika fakültəsinin II kurs magistrantı Azad Nuriyev: “Ötən semestrdə olduğu kimi dərslərimiz onlayn formatda davam edir. İxtisasım üzrə ingilis bölməsində tək magistrant tələbə olduğum üçün müəllimlərimin bütün diqqəti üzərimdədir. Dərslərimiz maraqlı keçir, mühazirələr yüksək səviyyədə tədris edilir, professor-müəllim öz biliklərini bölüşürlər. Xüsusi qeyd etməliyəm ki, dərslərimiz ənənəvi dərs prosesinə uyğun keçirilir. Yəni dərs cədvəlləri ənənəvi dərs cədvəlinə uyğun tərtib olunub və cədvəldə göstərilən həmin vaxtı əhatə edir. Həftədə 3 dəfə onlayn olaraq dərsə qoşuluram. Hər bir dərs aralarında 40 dəqiqə fasilə daxil olmaqla, 1 saat davam edir. Pandemiya təhsildə də yeni imkanların tətbiqinə yol açdı. Belə bir vəziyyətdə  çıxış yolu olaraq onlayn tədrisə sürətli keçid qəbul edilən operativ qərar idi. BDU-da bizim üçün yaradılmış imkanlar genişdir. Hazırda 2-ci kursda təhsil alıram və qeyd etməliyəm ki, növbəti semestrdə artıq təcrübə və dissertasiya işinin hazırlanması və müdafiəsi üzrə işlər aparılacaq. Ona görə də dərslərə qoşularaq təqvim planında olan mövzuları maksimum səviyyədə mənimsəməyə çalışıram. Təbii ki, ənənəvi təhsil prosesi üçün də darıxırıq. Doğma Bakı Dövlət Universitetinin auditoriyaları və müəllimlərimizlə canlı dərslərin təşkili ümid edirik qısa zamanda mümkün olacaq. Onlayn təhsil həm sağlamlığımız qorunmasına həm də keyfiyyətli təhsil almağımıza kömək edir. Ümid edirəm, qarşıdakı aylarda ənənəvi dərslərə geri qayıdacağıq.”

 

 

Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs magistrantı Mehrac Maqsudlu: “Bakı Dövlət Universiteti Azərbaycanın şərəfli keçmişə, zəngin təcrübəyə malik, dünyanın reytinqli universitetlərindən biridir. 25 minə yaxın tələbənin təhsil aldığı universitetimiz bu ildən yeni tədris ilinə qədəm qoydu. Dünyanı ağuşuna alan COVID-19 pandemiyasının hökm sürdüyü bu dövrdə dünyanın bütün təhsil müəssisələri kimi Bakı Dövlət Universitetində də dərslər cari ildən auditoriyalarda deyil, distant formada tədris olunur. Magistratura pilləsi elmi fəaliyyətin ilk pilləsidir. Belə ki, bu pillədə olan şəxs öz ixtisası üzrə yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssisdir. Mütəxəssis kimi yetişmək üçün tələbəyə ixtisasının ən incə, dərin bilikləri öyrədilməlidir. Buna görə, Universitetdə tədrisin düzgün planlaşdırılması, müasir texoloji vasitələrlə təmin olunması, müvafiq ixtisas üzrə mütəxəssisləşmiş insanlarla görüşlərin keçirilməsi, görülən bütün işlərdə fəaliyyətin qanunvericiliyə əsaslanmasını təbliğ etmək təhsilin keyfiyyətinə müsbət yöndə təsir edən amillərdəndir. Müasir texnoloji vasitələr bu məsələdə çox kömək edir. Çünki bu vasitələr sayəsində bizdən minlərlə kilometr aralıda baş verənləri izləmək mümkündür. Dünyanın öndə gedən universitetlərində keçirilən proqramların universitetimizdə də tətbiq olunması biz tələbələr üçün çox geniş imkanlar açır. Universitetimizin müəllim-tələbə heyətini yeni tədris ilinin açılışı münasibətilə təbrik edir və məlum pandemiya səbəbindən yaranmış çətinliklərə baxmayaraq bu tədris ilinin də uğurlu olmasını arzulayıram.


 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi  Hüseyn Bağırov: “Magistratura təhsilimi istədiyim universitetdə, istədiyim ixtisas üzrə davam etdirməkdən çox məmnunam. BDU öz adına və tarixinə layiq, tələbələrinin ondan gözlədiyi təhsili verir. Lakin pandemiya səbəbilə tədrisin onlayn təşkili bizi doğma Universitetimizdən ayrı salıb. Universitet rəhbərliyi yeni tədris sisteminə, formalarına daha yaxşı hazırlıq işləri görüblər. Təhsilin keyfiyyətinin qorunub saxlanması üçün akademik heyət də bütün imkanlarını səfərbər edib. Onlayn təhsilin müsbət cəhətlərindən danışarkən qeyd etməliyəm ki, istənilən informasiyaya rahat çatım, rahatlıq, sərbəst öyrənmək üçün yaradılan imkanlar, elektron kitabxanalara giriş bizi tədris proqramlarını daha da yaxşı mənimsəməyə şərait yaradır. Ümid edirik pandemiya tez bir zamanda bitəcək və biz də təhsilimizi sevimli Bakı Dövlət Universitetinin auditoriyalarında davam edəcəyik.”

 

 

Filologiya fakültəsinin II kurs magistrantı İsaqova Gülnaz: “Azərbaycan dili ixtisası üzrə təhsil alıram. Yeni tədris ilində dərslərimiz artıq onlayn olaraq davam edir. Müəllimlərimiz ilk dərsdən etibarən dərs prosesinə uyğulaşmağımız üçün yeni təlim texnologiyalarından istifadə edirlər, bu da bizim dərsə olan marağımı artırır. Artıq onlayn təhsil sahəsində edilən təcrübə də bizim yeni tədris ilinə uyğunlaşmağımıza şərait yaradıb. Çünki həm müəllimlər, həm tələbələr bu təhsil sisteminə artıq uyğunlaşıb. Dərslər ənənəvi tədris prosesinə uyğun keçirilir, yəni dərsdə olanlar yoxlanılır. Bu təhsil sisteminin müsbət cəhətlərindən biri də odur ki, sonradan həmin dərsi izləyib qeydlər götürmək və təkrar etmək olur. Yeni tədris ilindən gözləntim ənənəvi qaydada olmasıdır. Online təhsilin nə qədər müsbət tərəfləri olsa da ənənəvi qaydada təhsil daha yaxşıdır. Dərslər onlayn keçirilsə də həftədə 1 dəfə də olsa müəllimlə görüş təşkil olunmasını istəyərdim.”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !