"Qardaşlıqdan düşmənçiliyə bir addım..." - -Bəybala Mirzəyev araşdırır

"Qardaşlıqdan düşmənçiliyə bir addım..." -Bəybala Mirzəyev araşdırır

Bu gün erməni-rus (və ya Ermənistan-Rusiya) münasibətləri ilə bağlı iki xəbər diqqətimi çəkdi. Birinci xəbər sıravi ermənilər arasında Rusiyaya qarşı artan nifrət fonunda baş vermiş bir hadisə ilə bağlıdır. İkinci xəbər isə Paşinyanın Putinlə münasibətlərini düzəltmək istəyən bir erməni nazirin Rusiyaya səfərindən bəhs edir.
Başlayaq birinci xəbərdən.
Ermənistanın Geqarkunik rayonunun Çovaqyux kəndinin sakinləri Rusiyanın “Qazprom” şirkətinin yerli şöbəsinin işçilərinə dəyənək və daşla hücum ediblər. Kənd sakinləri şirkətin əməkdaşlarını döyüb.
Şirkətin əməkdaşlarını qoruyan polislər isə hadisənin qarşısını ala bilməyib.
Kəndin bələdiyyə sədri Vahram Gevorkyan 30-50 nəfərlik bir qrupun müşayiəti ilə olay yerinə gəlib və “Qazprom”un əməkdaşlarını təhdid etməyə başlayıb. Kəndlilər rus şirkətini Ermənistan xalqını istismar etməkdə günahlandırıb və ölkədən çıxmağı tələb ediblər.
Dəyənək və daşlarla silahlanmış kəndlilər polislə davaya girərək şirkətə məxsus “Belarus” traktorunu darmadağın ediblər.
Hücum faktı ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
***
İkinci xəbər isə birbaşa Nikol Paşinyanın özüylə bağlıdır.
Belə ki, Ermənistan müdafiə naziri David Tonoyanın rusiyalı həkmarı Sergey Şoyqu ilə görüşünün əsas məqsədi məlum olub. Məqsəd Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etməkdir.
Düzdür, Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook” səhifəsində paylaşdığı statusda sözügedən səfərin məqsədini tamam ayrı bir hadisə ilə əlaqələndirib: "Ermənistan müdafiə naziri David Tonoyan Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfərin məqsədi Rusiyanın "Kapustin Yar” (Volqoqrad şəhəri) hərbi məktəbində keçirilən "Qafqaz-2020” strateji komanda-qərargah təliminin əsas mərhələsində iştirak etməkdir”.
Lakin "Qafqaz-2020"-də iştirak etmək səfərin formal tərəfidir. Tonoyanın əsas məqsədi təlimdə iştirak etmək deyil.
Məsələ burasındadır ki, Tonoyan Paşinyanın komandasında Rusiyanın normal münasibət saxladığı yeganə yüksək vəzifəli şəxsdir. Odur ki, bir sıra Rusiya və erməni KİV-lərində Tonoyanın Rusiyaya səfərinin əsas məqsədi kimi Nikol Paşinyanla Vladimir Putinin görüşünü təşkil etmək məsələsi qeyd olunur.
İki ölkə rəhbərinin şəxsi münasibətləri sıfır həddindədir. Və Paşinyan Putinin onu devirmək istədiyini yaxşı dərk edir. O bunu önləmək üçün yollar, çarələr axtarır.
Hazırda vasitəçi rolunda iştirak edən Tonoyanın iki lider arasında münasibətləri isitmək və görüş təşkil etmək cəhdləri də çox güman ki, səmərəsiz olacaq. Çünki Putin Paşinyana şans vermək istəmir. Əksinə, Putin bütün varlığı ilə Nikola nifrət edir.
Ən maraqlısı da budur ki, Tonoyan özü də Rusiya rəhbərliyi ilə sıcaq münasibətlər qurub Ermənistanda hakimiyyətə gəlməyi, Paşinyanı devirməyi düşünür.
Bax belə.
Rusiya-Ermənistan münasibətləri tarixində ilk dəfədir ki, iki xalq və iki dövlət arasında bu cür ciddi çatlar əmələ gəlib.
İndi erməni xalqı da iki yerə - rusiyapərəstlərə və qatı ermənistançılara bölünüb.
Ermənilər arasında da eynilə bizdəki kimi Rusiyanın və başqa ölkələrin maraqlarına xidmət edən "5-ci kolon"çular çoxdur.
Ruslar isə ermənilərin içində baş qaldıran anti-Rusiya nifrətindən sadəcə şokdadırlar.
Və bundan sonra erməni-rus nifrəti getdikcə daha da kəskinləşəcək.
Beləliklə, bu qış Ermənistanda çox "isti" keçəcək. Rusları yeni erməni "sürpriz"ləri gözləyir... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !