"SƏYAVUŞU XATIRLAYARKƏN" - -Firuz Mustafa yazır

"SƏYAVUŞU XATIRLAYARKƏN" -Firuz Mustafa yazır

Adətən, qələm adamının sözü ilə tanışlıq onun özü ilə olan tanışlığı qabaqlayır. Mənim də Səyavuşla ilk tanışlığım onun yaradıcılığından başlayıb. Hələ orta məktəbdə oxuyarkən Səyavuş Sərxanlının şeirləri, publisistik yazıları ilə tanış idim. Onun “Qayit” adlı kitabı haqda mətbuatda çoxlu təqdiredici rəylər söylənilmişdi. Şagird yoldaşlarım arasında onun şeirlərini əzbərdən bilənlər də az deyildi. Bizə dərs deyən müəllimlər arasında şairlə eyni vaxtda – eyni universitetdə təhsil alan, onunla tanış olan müəllimlərimiz də vardı.
Xatırlayıram. Maşınqayırma zavodunun yataqxanasında o zaman bir qrup cavan şairlə görüş keçirilirdi. Görüşün təşkilatçılarından biri də mən idim. Çıxışçılar arasında ən çox alqışlanan S.Sərxanlı idi. Onu auditoriyaya sevdirən başlıca cəhət Səyavuşun səmimiyyəti, oxuduğu şeirlər və təbii ki, bir də yüksək natiqlik qabiliyyəti idi. Görüş iştirakçıları, xüsusən Səyavuş Sərxanlı, şeirsevər gənclərin gətirdiyi gül yağışının altinda qalmışdı. Unudulmaz anlar idi. Həmin görüşdən sonra yadiğar şəkil çəkdirdik və həmin şəkil indiyəcən mənim şəxsi arxivimdə qalmaqdadır.
Xatırlayıram. Moskvada çap olunan (padio və televiziya verilişlərindən bəhs edən), nüfuzlu jurnallardan birinin üz qabığında S.Sərxanlının dayım - yazıçı N.Hacızadə ilə birlikdə şəkli çap edilmişdi. Təsadüfən Səyavuş “Tarqovı”da- Landau yaşayan binanın yaxınlığında rast gəldi. Qoltuğumdakı jurnalda öz şəklini ğörüb uşaq kimi sevindi. Yaxınlıqdakı köşkdən bir dəstə jurnal alıb zarafatla dedi: ”Bu cür xoş xəbərləri yalnız Şamxor (Şəmkir-red.) konyakı ilə yumaq olar”.
O illərdə şair, bəlkə də öz şöhrətinin zirvəsində idi. Xüsusilə , “Ulduz” jurnalında davamlı çap edilən, öz üslub tərzi, mövzü dairəsi ilə seçilən silsilə yazıları, Az. TV-də ardıcıl olaraq apardığı vətənpərvərlik ruhu ilə dolu verilişlər Səyavuşu çox geniş bir auditoriyanın fövqünə qaldırmışdı.
Xatırlayıram. İnstitutu bitirəndən sonra bir müddət təyinat yerində, daha sonra isə hərbi xidmətdə olduğum üçün, Bakıdya az-az yolum düşürdü. Nəhayət, elə bir vaxt gəldi ki, aspiranturada təhsilimi davam etdirmək üçün Bakıya köçəsi oldum. Bir dəfə Səyavuşla rastlaşdım. Mənim arabir mətbuatda çıxan yazılarımdan söhbət açdı, xoş sözlər dedi. Şair dostlarından birinin ona haqsız hücumundan, haqqında qeyri-obyektiv məqalə yazmağından ğileyləndi. Görüşüb ayrılanda Səıyavuş işləriyi jurnalda mənim yolumu yeni yazılarla birgə gözlədiyini dedi. Yarızarafat-yarıciddi dedim ki, ta ədəbiyyatdan uzaqlaşıb elmə-fəlsəfəyə keçmişəm.
Xatırlayıram. 90-cı illərin ortalarında Səyavuşun çalışdığı “Azərbaycan” jurnalında “…Qapı…” romanım çap olunmuşdu. İlıq bir yay günü idi. Jurnalın ysaradıcı heyəti ilə birgə Dənizsahili parkda - açıq səma altda, yaşıllıqlarla əhatə olunmuş yeməkxanalardan birində, toplaşnışdıq. Təbii ki, bu xoş gündə qələm dostlərım mənim haqqımda xoş sözlər deyir, əsərın məziyyətlərindən söz açırdılar. Həmin dövrdə həmin jurnalda çalışan Səyavuşun çıxışı yaxşı yadımdadır. O, əsəri geniş təhlil etdi, romanın ilk baxışda, ilk oxunuşda “görünməyən”, “gizli” tərəfləri barədə orijinal fikirlər söylədi.
Xatırlasyıram. Yazıçılar Birliyində rastlaşdıq. Səyavuş gürcü yazıçısı Nodar Dumbadzenin “Əbədiyyət qanunu” romanını tərcümə etdiyini söylədi. Amma əsərin çarının bir çox çətinliklərlə üzləşdiyini qeyd etdi. Sonra gün-güzərandan, həyatın çətinliklərindən, torpaqlqrımıza qarşı qəsddən söhbət düşdü. Mən qəfildən yadıma düşən və söhbətin axarına uyğun gələn iki misranı ona xatirlatdım:
Dünyanın işindən
baş açmaq üçün
Bir başın içində
min baş gərəkdir.
Səyavuş azacıq fikrə gedib dedi ki, bu misraları kim deyibsə yaxşı deyib. Mən güldüm. O, təəccüblə üzümə baxdı. Mən bu şeirin kimə məxsus olduğunu soruşdum. O, çiynini çəkib: “Bilmirəm”-deyə, cavab verdi.. Mən şeirin müəllifinin... məhz onun özünün, yəni Səyavuş Sərxanlının olduğunu bildirəndə şairin sifətindəki təəccübü əsl uşaq heyrəti əvəz etdi. Arayış üçün deyim ki, Səyavuş bizim söz adamları arasında öz dərin mühakiməsi ilə yanaşı, kəskin yaddaşı ilə fərqlənən sənətkar idi. Həmin anlarda Səyavuş əlini-əlinə vurub qəşş elədi: “Bu da mənim tərifli yaddaşım...”
Mən Səyavuşu xatırlayarkən gözlərim önündə onun unudulmaz obrazı canlanır. Alovlu publisist, orijinal şair, istedadlı tərcüməçi kimi ədəbiyyatımızda onun öz yeri, öz dəst-xətti vardır.
Məncə, Səyavuş Sərxanlının obrazı və şeirləri poeziyasevənləırin yaddaşında həmişə yaşayacaq.
2007
p.s.
2019-cu ilin sonunda Daşkəndə özbəkcə çıxan kitabımın təqdimatına getmişdim. Yeni ili orada qarşıladım. Dekabrın 31-də Yazıçıların yaradıcılıq evinin foyesində gəzişərkən bir nəfər gülərüz adam mənə yaxınlaşıb özünü təqdim etdi:
-Eşitdim ki, Azərbaycandansınız. Tanış olaq- Abdulla Şir...
Tanış olduq. Sən demə Səyavuşla Moskvadakı Ədəbiyyat İnstitutunda iki il bir yerdə təhsil alıbmış. Abdulla ağa hər gün öz sadiq dostu ilə bağlı xatirələrini danışırdı. Ayrılanda söz verdi ki, əgər Azərbaycana yolu düşsə mütləq Şəmkirə gedəcək, Səyavuşun məzarına baş çəkəcək....
2020
Firuz Mustafa 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !