Qarğalar - -Hümbət Həsənoğlu yazır

Qarğalar -Hümbət Həsənoğlu yazır

Həyat qəribəliklərlə doludur. Çox vaxt da qəribəliklərin təsadüfən şahidi oluruq.
Yaşadığım ikimərtəbəli binanı deyilənlərə görə alman əsirləri tikib, yaxşı da tikiblər,mənzilimin quruluşunu da çox bəyənirəm. Eyvanımın biri həyətə, digəri isə gediş- gəliş az olan ağaclığa baxır. Maşınımı həyətdə saxlayıram, eyvanımdan da onu görürəm. Həyətda maşın saxlayanlar çoxdur. Şərtləşməsək də hərənin maşın saxlamaq üçün öz bəlli yeri var.
Səhər maşınıma yaxınlaşanda orada olan bir neçə maşın yiyələri mənə yanaşdılar. Salamlaşandan sonra biri dilləndi:- Qonşu bir maraqlı hadisəyə şahidlik edirik. Sözün düzü buna ilk olaraq Məzahir fikir verib, bir aya yaxındır ki, onun dediyinin həqiqət olduğuna biz də şahidlik edirik.
Məzi, sən danış;- o, yanında dayanan kişiyə müraciət etdi.
- Vallah, bilmirəm nə deyim? İşsiz adamam, günüm həyətdə keçir. Bekarçılıqdan maşınımı tez- tez silib təmizləyirəm, bunu deyib o öz qara “ Mersedes” maşınına işarə elədi.
Hər səhər duranda görürəm ki, qarğalar mənim maşınımın üstünü bulayıblar. Bu əclaflar, əli ilə yaxınlıqdakı qarajların üstündə oturmuş qarğaları göstərdi, bütün maşınların üstünü pis günə qoyurlar. Məndən də çox onlara daş atan, qovan yoxdur.
Bir ay olar fikir vermişəm ki, onlar bütün maşınları bulayırlar, amma sizin maşından başqa.
Maraqlıdır, sizinlə maşınlarımız eyni markada və eyni rəngdə olsalar da sizin maşına elə bil qəsdən toxunmurlar. Bilirəm ki, sizlik bir şey yoxdur, amma fakt belədir.
Dayananların hamısı eyni zamanda mənə baxdılar.
- Təəccüblüdür. Bilirəm ki, qarğalar çox ağıllı quşlardır. Bəzi alimlər onların davranışlarını öyrənib qarğaların şüurlu olduqlarını da deyirlər.
Onlar üç yüzə qədər insan sözünün mənasını başa düşürlər.
Bu qarğalar haqqında mənim bildiklərimdir. Mənim maşınıma onların “ diqqətlərinin” səbəbini də izah etməyə heç fantaziyam belə çatmır.
Nə deyim ki?
Qonşularla sağollaşanda mənə inamsız baxdıqlarını da görməyə bilmədim.
Növbəti həftəni baş verənləri düşündüm. Axı bunun bir səbəbi olmalıdır. Həmişə düşünmüşəm ki, hər möcüzənin arxasında mütləq reallıq durur.
Hər səhər maşınlarını pis gündə, mənimkini təmiz görən qonşularım mənə artıq ağızucu salam verirdilər. Məzahir isə, məni çox vaxt görməməzliyə vururdu. Qonşularımı itirirdim. Bunu heç istəməzdim, təbii ki, amma olanlarla barışmaq məcburiyyətində idim.
Bu bazar günü yuxudan gec durdum.Səhər yuxudan duran kimi adətim üzrə bir stəkan isti su içirəm. Bu vərdişimin çox faydalı olduğuna əminəm. Bunun üçün ilk olaraq mətbəxə getdim. Mətbəxin pəncərəsindən ağaclığa baxan eyvanımızda dayanan həyat yoldaşımın etdiklərini görəndə duruxdum. O, aşağıda topa halında yığışmış qarğalara əlindəki çörəyi qırıntılayaraq atırdı.
Mən onun yanına getdim.
- Çoxdandır ki, bu qarğaları yemləyirsən?
- Sən çörəyi tərgitmisən, mən də az yeyirəm, qalan çörəyi də həmişə bunlara atıram, bax necə həvəslə yeyirlər?
Məni hər gün gözləyirlər, hesab et ki, onlarla dostlaşmışam.
Beynim deyəsən maşınlarla bağlı sualın cavabını tapmışdı. İş ondadır ki, mənim yoldaşım da ehtiyac olanda, mənim maşınımla bazarlığa gedir. Bəlkə qarğalar onun da sürücülük etdiyi maşına buna görə “mərhəmətlidirlər”?
- Bunları yemləməyimə pis baxmırsan ki? O gün qalan aşı da bunlara yedirtdim, bir sevinirdilər ki!
- Yox, çox yaxşı baxıram.Maşınımı gec- gec yudurtduğumdan pul cəhətdən də irəli düşürəm, deyib, əlimi onun kürəyinə çəkdim.
- Başa düşmədim, nə maşın?
- Heç, sən bu qarğaları yedirtməkdə davam et.
Bunlara ağıllı deyən alimləri də mən tam dəstəkləyirəm. Son cümləni içimdə dedim.
Sabahısı gün həyətdə qarğaları qovan Məzahir qonşuma dedim:-
Bir atalar sözümüz var - “Qarğalardan qorunmaq üçün onlara daş yox, aş at!”
O, təəccüblə mənə baxıb dilləndi:-
Belə atalar sözümüz var?
Var! Bu gündən, var!

Hümbət Həsənoğlu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !