Qobu Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib -

“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və 330/220/110 kV-luq yarımstansiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib. İctimai dinləmədə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə Nazirliklərinin yerli idarələrinin nümayəndələri, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun, “BCC Group” tikinti şirkətinin, Qobu bələdiyyəsinin sədri və qəsəbə sakinləri iştirak ediblər.
 

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, gücü 300 MVt və daha çox olan elektrik stansiyalarının, eləcə də gücü 220 kV-dan çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərindəndir. Buna görə də 385 meqavatlıq “Qobu” ES və 330/220/110 kV-luq yarımstansiyanın tikinti sənədlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən baxılaraq rəy verilməlidir. Qanunda nəzərdə tutulan tələblərin yerinə yetirilməsi məqsədilə Qobu enerji layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün qəsəbə sakinləri ilə ictimai dinləmələr aparılıb. Qeyd olunub ki, “Qobu” ES-ə tanınmış şirkətlər müsbət rəy verməklə yanaşı, onun tikintisində də iştirak edirlər. Stansiyanın inşası üçün yer seçilərkən ekoloji tarazlıq, qəsəbə sakinlərinin sağlamlığı və digər məsələlər nəzərə alınıb.


Stansiyanın inşaat işlərinə beynəlxalq nəzarət təmin olunacaq, ekoloji baxımdan əhəmiyyətinə xüsusi diqqət yetiriləcək. Ərazi abadlaşdırılaraq yol və su xətti çəkiləcək, dekorativ agaclar, kol və güllər əkilərək geniş yaşıllıq zonası salınacaq. Generasiya gücünün istismarı isə beynəlxalq ekoloji standartlara tam şəkildə cavab verəcək.  
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !