İlin yağışları... - - Vaqif Bəhmənli yazır..

İlin yağışları... - Vaqif Bəhmənli yazır..

Kişinin göz yaşı

 

Kim deyir kişilər ağlamaz?
ağlayar...
ağlamağa macal tapmamış
anasını ağlatmasalar!
V.Bəhmənli

 

Yaş deyil göz yaşı, gözün dişidi –
qabarır içə dərd dolduğu dəmdə.
Yalandı; ağlamaq arvad işidi-
kişi sənətidi ağlamaq həm də!

 

Yanlış deyirəmsə alışsın kağız –
sözüm kələf ucu, iz ipi kimi.
Demə sarsaqlayır bu arvadağız,
demə ki, danışır qızbibi kimi...

 

Ağır yük çəkənin ölsün nənəsi -
can gərək fil ola, gərək at ola,
Susəpən qayadı kişi sinəsi,
dammasa, quruyub çatbat olar!..

 

Dilini doğrayar dişini sıxsan,
qartalı oxlasan qiyya çıxacaq.
Yerində nə qalar kişini sıxsan? –
doxsan beş faizi suya çıxacaq.

 

Düzgün ağlamağa bir az ləngidim,
suyu kim ayırsa yağdan, kişidi.
Tanrı basdırsa da övlad tingini
dibinə su tökən bağban... kişidi!

 

Həvvadan cehizdi Adəmə günah,
kişidə qabırğa, cinah ağrıyır.
Qadın ağlayanda sevinir Allah,
kişi ağlayanda... Allah ağlayır!

 

Durğun su kasada, ovsunda olur;
suyun tərpənişi mayadan gəlir,
Qadının göz yaşı ovcunda olur
kişinin göz yaşı qayadan gəlir.

 

Kişi fəth etsə də qəlbi dağları
yoxuşlar altında atın ağladır.
Soxur quru yerə dik papaqları
heykəl kişiləri qadın ağladır...

 

Kəsir boğazları, dağıdır əngi
Fələk faş eləyir vəhşiliyini -
Gözləri yaşarmır, bu dünya, çünki
itirir get-gedə kişiliyini!..


Vaqif Bəhmənli, "BEŞ DAMLA" kitabından. 

 

                                                                                     ***

 

Aç qapını...

 

 

Yanı yoldaşlısan,

ya bəlkə təksən,

hər halda qapını möhkəm bağlama

Diksinmə, cəftəni nə zaman çəksəm –

dərvişəm, xəyanət gəlməz ağlıma.

 

Bütün pərdələrdə deşik var, inan,

Can bir xəzinə ki,

açan yeməyib.

Görsən ki, böyrümdə pişik var,

inan,

o pişik ömründə siçan yeməyib.

 

Lap pələnglə gəlsəm, tutma başını,

bircə bunu söylə:

– İçəri buyur!

And olsun, o pələng qanlı dişini

səhər də, axşam da fırçayla yuyur...

 

Qucağım gül dolu...

boynu burulmuş

dəhlizdə durmuşam

görsən cani tək,

bir banka su gətir, beli qırılmış,

soluxmuş gülləri dikəldə bilək.

 

Qorxduğun nə varsa,

bil ki, saxtadı –

Cinim sinov gedir salavat üçün.

Əlimdə sıxdığım bıçaq taxtadı,

qana boyamışam zarafat üçün.

 

Görsən ki, gəlmişəm ayrı qadınla

nə onu bağışla,

nə məni əfv et –

yenə aç qapını, tanrı adına,

yanımızca gələn uşağa rəhm et.

 

                                                                                  ***

 

İlin yağışları

 

 

Dekabrda evləndim

üstündən ötdü bir qış –

oğlum oldu,

divləndim!

yanvarda yağma, yağış,

yanvar doğum vaxtıdı.

 

Sən anasan dözümdə

səbrini bas, ötər qış,

yüyrük as göy üzündə...

fevralda yağma, yağış,

fevral nağıl vaxtıdı.

 

Martda buludgildə qal,

nə yerə en, nə üşü.

Olmaz ayrı qalmaqal –

mart yumurta döyüşü,

şirni, noğul vaxtıdı.

 

Arılar gülü basar,

bal ilə dolar koğuş.

Sel gəlib yolu basar

apreldə yağma, yağış,

aprel yağ-bal vaxtıdı.

 

El uçur daxma-daxma,

Bərəkət qanad olur.

mayda, iyunda yağma,

zəmilər dənə dolur,

tarla, taxıl vaxtıdı.

 

Axtarıb arar səni –

Günəş ustadı, usta.

Yağsan gün vurar səni,

Yağma iyul, avqustda;

Onlar ağıl vaxtıdı.

 

Yağışlar axmaq olmaz...

qarışıqdı havalar.

Çölə də çıxmaq olmaz,

dil dönməyən üç ay var –

evə qaxıl vaxtıdı.

 

Leysanlar səf bağlasın,

Buludlar versin azan.

Bacılarım ağlasın,

yağışla dolsun qazan –

körpünün qıl vaxtıdı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !